Rusiya Dövlət Dumasının deputatı, Dumanın MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin ikibaşlı oyun oynayaraq növbəti təxribatçı fikirlər səsləndirib. O, bir tərəfdən bəyan edir ki, Qarabağın Rusiya tərkibinə keçməsi “fantaziyadır”, o biri tərəfdən deyir əhali bunu istəyir.
Zatulin “Sputnik Armenia” informasiya agentliyinin keçirdiyi onlayn-brifinqə qoşularaq bəzi məqamlara toxunub.
O iddia edib ki, guya Qarabağdakı ermənilər bunu istəyirlər: “Əlbəttə, bu, fantaziyadır. Bu, həyata keçməyəcək plandır - həm prinsipial, həm də konkret siyasi mülahizələrdən dolayı. Ancaq fakt faktlığında qalır. Fakt ondan ibarətdir ki, Dağlıq Qarabağda hazırda “parlament” rus dilini daha bir rəsmi dil kimi müzakirə edir. Bundan başqa, son vaxtlar o insanlarla dəfələrlə görüşmüşəm. Onlar Qarabağın Rusiya Federasiyasının tərkibinə daxil olması barədə ciddi düşünürlər”.
Görünən odur ki, erməni lobbisinin verdiyi pullardan bəslənən Zatulin öz ənənəsinə sadiq qalaraq, Azərbaycana yönəlik qaralama kampaniyasından əl çəkmək istəmir. Onun statusunu nəzərə alsaq, bu həm də Rusiyanın Qarabağdakı sülhməramlı missiyasına qarşı yönəlib.
“Bütün bu deyilənlərin arxasında müəyyən mənfur niyyətlər gizlənir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Ramil Hüseynovun fikrincə, Zatulinin iradəsi daxilində olsaydı, o, ərazilərimizin işğaldan azad edilməsinə imkan verməzdi: “Çünki 44 günlük müharibənin nəticələrindən ən çox pərişan olan şəxslərdən biri məhz Zatulindir. Zatulin, Rusiyanın Minsk Qrupundakı keçmiş həmsədri Vladimir Kazimirov Azərbaycanın əldə etdiyi qələbədən çox məyus olublar. Dəfələrlə bu və ya digər dərəcədə efirlərdə bunu bəyan ediblər. Zatulin hamıdan yaxşı bilir ki, belə bir şey mümkün deyil. Ancaq dolayı yolla bununla bağlı ermənilərə ümid verməyi də unutmur. Bütün bu deyilənlərin arxasında müəyyən mənfur niyyətlər gizlənir. Məsələnin mahiyyəti onunla bağlıdır ki, Rusiya Qarabağ probleminin birdəfəlik həllində maraqlı deyil. Kreml hesab edir ki, bu məsələ həll olunsa, o zaman Rusiya heç bir tərəfə təzyiq göstərə bilməyəcək. Bu səbəbdən imkan vermədilər ki, şanlı ordumuz birdəfəlik Qarabağı separatçılardan təmizləsin. Hesab edirəm ki, Zatulinin bu kimi fikirlərlə çıxış etməsi sözügedən siyasətin tərkib hissəsi ola bilər. Ancaq bütün bunların heç bir faydası olmayacaq. Ona görə ki, Qarabağın çox az hissəsi Azərbaycanın nəzarətindən kənardır. Zamanla həmin ərazilər də geri qaytarılacaq”.
Siyasi ekspertin fikrincə, Zatulin kimilərin boş-boş açıqlamaları nəyisə dəyişə bilməyəcək.
Vidadi ORDAHALLI