“Bildiyiniz kimi, hazırda Ermənistanda siyasi böhrandır, Paşinyanın əleyhdarları ilə tərəfdarlarının mitinqləri keçirilir. Paşinyan öz tərəfdarları qarşısında çıxış edib üzr istədikdən sonra bilirib ki, referenduma getmək və parlamentli respublikadan yarımprezidentli respublikaya keçmək, geri qayıtmaq lazımdır.
Bilirsiniz ki, əvvəllər Ermənistanda prezidentli respublika idi, sonra parlamentli respublikaya keçdilər, hökumətin başçısı prezident yox, baş nazir oldu. İndi isə bundan peşmançılıq çəkən ermənilər geri qayıtmaq istəyirlər. Bunları mən niyə vurğulayıram? Çünki vaxtilə beynəlxalq təşkilatlar Ermənistana prezidentli respublikadan parlamentli respublikaya keçməklə bağlı etdiyi təklifləri Azərbaycana da etmişdi. Yəni beynəlxalq təşkilatlar bunu Azərbaycana qarşı bir tələ kimi hazırlamışdı və bu barədə, ümumiyyətlə, bizim KİV-də yazılmır. Amma mən özümə borc bilirəm ki, bu məsələləri ictimaiyyətin diqqətinə çatdırım”.
Bu fikirləri “Bakı-Xəbər”ə şərhində AVCİYA-nın vitse-prezidenti, tanınmış tarixçi, professor və siyasi icmalçı Məhərrəm Zülfüqarlı vaxtilə Ermənistanda beynəlxalq təşkilatların təklifi ilə formalaşdırılan parlamentli respublika üsul-idarəsinin bu ölkəyə vurduğu zərəri, onun yaratdığı böhranı şərh edərkən deyib.
“Bizə güclü prezident hakimiyyəti lazım idi ki, torpaqlarımızı işğaldan azad edək”
M.Zülfüqarlı deyir ki, illər əvvəl beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana da parlamentli respublikaya keçməsi üçün təzyiqlər göstərilirdi, lakin Azərbaycan bu təzyiqləri rədd etdi və rədd etməsəydi, bizim ölkəmizi də Ermənistanın taleyi gözləyirdi. M.Zülfüqarlının sözlərinə görə, hətta bəzi siyasi partiya rəhbərləri beynəlxalq təşkilatların Azərbaycan üçün tələ kimi hazırladığı bu təklifə dəstək olurdular. “Hərdən bəzi partiya rəhbərləri də deyirlər ki, seçkiləri mojaritar yox, proporsional qaydada keçirmək lazımdır. Bilirsiniz ki, əvvəllər Azərbaycanda seçkiləri 25 nəfər proporsional, 100 nəfər mojaritar qaydada keçirmək lazım idi. Bəziləri deyirlər ki, bunu edib sonra parlamentli respublikaya keçmək gərəkdir. Mənə elə gəlir ki, bunu deyənlər Azərbaycanın indiki vəziyyətini dərindən təhlil etmirlər. Çünki mən 2010-cu ildə “Avropa” otelində keçirilən böyük bir tədbirdə məruzə ilə çıxış edərək proporsional və mojaritar sisteminin fərqlərini, hansının üstün olmasını, Azərbaycan üçün hansı seçki sisteminin mümkünlüyünü izah etmişdim. O vaxtdan indiyə qədər bəzi partiya rəhbərləri hərdən bu fikrə gəlirlər. Ancaq Azərbaycanın parlamentli respublikaya keçməli olduğunu deyən adamlar bu fikrinin hazırda Azərbaycan üçün olduqca yararsız, lazımsız olduğunu, Azərbaycanın təhlükəsizliyi baxımından bilavasitə problem yarada biləcəyini dərindən düşünməmişlər. 2007-ci ildən indiyə qədər Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının seçki qərargahının rəhbəri olaraq bütün beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərdə olmuşam və əksər görüşə də hakimiyyətyönümlü təşkilatlar, jurnalistlər dəvət olunmur, bu tədbirlər qapalı keçirilirdi...
Paşinyanın Ermənistanda referendum yolu ilə parlamentli respublikadan prezidentli respublikaya keçməklə bağlı səsləndirdiyi təklif mənim yadıma bir məqamı saldı. Yadıma düşdü ki, 2013-cü ildə seçkilər ərəfəsində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu “Həyat reycens” otelində bir qapalı tədbir keçirdi. Həmin qapalı tədbirdə Azərbaycanda hakimiyyətə qarşı radikal mövqedən çıxış edən müxalifət qüvvələri iştirak edirdi, mən də yeganə bitərəf təşkilatın nümayəndəsi orada idim. Orada həm radikal müxalifətin nümayəndələri, həm də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri bir ağızadan deyirdilər ki, Azərbaycanda güclü prezident hakimiyyəti var, bu yaxşı hal deyil, Azərbaycanda prezidentli respublikadan parlamentli respublikaya keçmək lazımdır. Orada mən söz alıb çıxış etdim və çox təəssüf ki, mənim o çıxışımı ictimaiyyət eşidə bilmədi, bu heç yerdə yazılmadı. Mən bildirdim ki, siz hamınız bir ağızdan “Azərbaycanda prezident respublikasından parlamentli respublikaya keçmək lazımdır” deyirsiniz, sizə sual verirəm, Azərbaycanın 20 faiz torpaqları işğal altında olduğu vəziyyətdə Azərbaycana nə cür hakimiyyət lazımdır? Dedim ki, bizə güclü prezident hakimiyyəti lazımdır ki, biz torpaqlarımızı işğaldan azad edək, yoxsa, bizə insanların bir-birinə yumruq atdığı, dava-dalaş etdiyi parlament lazım deyil ki, yenidən torpaq itirək. Orada, düzdür, etiraz edənlər də, özünü “demokrat” kimi göstərənlər də oldu. O zaman Azərbaycan dövlətinə sədaqətli olan bizlərin mübarizəsi (ola bilsin, başqa sahələrdə də belə insanlar vardı) açıq-aydın göstərir ki, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana edilən bu təkliflər demokratiya naminə edilmirdi, burada məqsəd Azərbaycanı zəiflətmək, yeni ərazilərin işğalına rəvac vermək idi. İndi aydın görsənir ki, Azərbaycana bu təklifi edən beynəlxalq təşkilatların istəyi Azərbaycanı zəiflədib Ermənistanın indiki vəziyyətinə salmaq idi. Biz 44 günlük müharibədə də həmin beynəlxalq təşkilatların, o cümlədən, iri Qərb dövlətlərinin mövqeyini bir daha aydın şəkildə gördük. İndi mən bir daha məmnunluq hissi ilə demək istəyirəm ki, Azərbaycanın tutduğu yol düzgün yoldur və doğrudan da bizə güclü prezident hakimiyyəti lazım idi ki, torpaqlarımızı işğaldan azad edək, Vətən müharibəsində qalib gələk”.
M.Zülfüqarlının sözlərinə görə, Ermənistan Rusiyanın forpostu olsa da, Qərb ölkələrinin təkidi və məsləhəti ilə prezident respublikasından parlament respublikaya keçməklə zəiflədi, hərçənd, bu bizim xeyrimizə oldu, indi peşmançılıq keçirirlər. M.Zülfüqarlının qeyd etdiyinə görə, amma biz nə Ermənistanıq, nə də Gürcüstan, biz Qafqazda yeganə müstəqil siyasət yürüdən dövlətik: “Yəni biz elə müstəqil xarici siyasət yürüdürük ki, heç bir dövlətdən bizim asılacağımız yoxdur, hamı ilə bərabərhüquqlu siyasətimizi yeridirik, öz mövqeyimizi də özümüz müəyyən edirik. Sadəcə olaraq, onu demək istəyirəm ki, kənardan edilən təkliflərin, tövsiyələrin heç biri Azərbaycanın xeyrinə deyil. Konkret olaraq bu məsələdə deyirəm. Ona görə də Azərbaycandakı 44 günlük müharibə zamanı xalqla Prezidentin həmrəyliyi yaranmışdı, dəmir yumruq yaranmışdı. İndi hamı çalışmalıdır ki, bu həmrəylik, Prezidentlə xalqın birliyi daha da güclənsin və Azərbaycan Prezidentli digər problemlərin həllində də daha çox müvəffəqiyyət əldə etsin. O ki, qaldı başqa ölkələrlə müqayisəyə, ABŞ kimi ən güclü dövlət prezidentli respublikadır, parlamentli respublika deyil. Heç bir beynəlxalq təşkilat ABŞ-a təklif vermir ki, sən parlamentli respublikaya keç. Nəyə görə postsovet ölkələrinə bu təkliflər verilir? Çünki parlamentli respublikaları idarə etmək Qərb ölkələri və beynəlxalq təşkilatlar üçün çox asandır, öz adamlarını parlamentə yeritməklə qarşıdurma yaratmaq, həmin ölkəni zəiflətmək onlar üçün çətin deyil. Ona görə də onlar daim bu təklifi səsləndirirlər. Gələcəkdə də bu təkliflər səslənərsə, Azərbaycan ictimaiyyəti ayıq-sayıq olmalıdır ki, özünə uyğun bir xətt seçsin” - deyə M.Zülfüqarlı qeyd etdi.
İradə SARIYEVA