“Freedom House” beynəlxalq insan hüquqları təşkilatı 2020-ci il üzrə azadlıq hesabatı yayıb. Sənəd 195 ölkə və 15 ərazidə insan hüquqlarının durumuna əsaslanır.
Hesabata görə, 83 ölkə və 1 ərazi azad, 63 ölkə və 4 ərazi qismən azad, 49 ölkə və 10 ərazi qeyri-azad sayılır.
Estoniya, Litva və Latviya azad ölkələr arasında yer alır.
Moldova, Ukrayna, Gürcüstan, Ermənistan, Qırğızıstan qismən azad ölkələr kimi göstərilir.
Belarus, Rusiya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, İran qeyri-azad ölkələr siyahısına salınıb.
Goründüyü kimi, sözügedən təşkilat yenə Azərbaycana qarşı qərəzli mövqedən çıxış edərək, ölkəni qaralamaq istəyir. Ermənistan kimi terroru dövlət səviyyəsində dəstəkləyən ölkəni qismən azad ölkələr kateqoriyasına aid edirlər. Hansı ki, bu ölkədə zaman-zaman müxalif fikirlər boğulub, terrora məruz qalıb, təqib edilib və s. Demokratiya bayrağı altında hakimiyyətə gələn Paşinyan dönəmində də bu siyasət davam etdirilir.
“Ermənistanın Azərbaycandan üstün tutulması xəstə təxəyyülün göstəricisidir”
Məsələyə münasibət bildirən Demokratik Jurnalistlər Liqasının rəhbəri, media eksperti Yadigar Məmmədlinin sözlərinə görə, “Freedom House” başda olmaqla bir sıra insan haqları ilə məşğul olan təşkilatların Azərbaycana yönəlik qərəzli münasibəti ənənə halını alıb: “Uzun illərdir bu təşkilatlar Azərbaycana yönəlik qərəzli münasibət sərgiləyirlər. Sözügedən yanaşma həqiqətə, obyektivliyə söykənsəydi, o zaman biz bunu nəzərə alardıq. Ancaq bəlli olanda ki, bu təşkilatların sərgilədiyi yanaşma qərəzli xarakterlidir, o zaman onlardan ədalət gözləməyə dəyməz. Baxmayaraq ki, bir ildir dünyada pandemiya mövcuddur və bu dövrdə Azərbaycan əhaliyə göstərilən sosial diqqətə görə üstün mövqedədir, amma bu amil nəzərə alınmır. Beynəlxalq Səhiyyə Təşkilatı və digər qurumların hesabatlarında Azərbaycanın bu sahədə uğurları xüsusi qeyd edilib. Çoxlu modul tipli xəstəxana operativ şəkildə tikilib və s. Ancaq “Freedom House” təşkilatı bunları görmək istəmir. Baxmayaraq ki, Azərbaycan ötən il Vətən müharibəsindən ölkə, xalq, vətəndaş cəmiyyəti olaraq üzüağ çıxdı, ancaq bu amillərin heç biri nəzərə alınmır. Hesab edirəm ki, Azərbaycanın gördüyü işlər çox ciddi əhəmiyyət kəsb edir. Azərbaycan bununla humanist meyarlara önəm verdiyini göstərir. Ancaq bəlli olur ki, insan haqlarından danışan təşkilatlar bütün bunları görməzdən gəlirlər. Ən gülməlisi odur ki, Ermənistan kimi ölkə qismən azad ölkələr siyahısına daxil edilib. Hansı ki, bu ölkə neçə vaxtdır qaynayır. Orada nə sabitlik var, nə də insan haqları qorunur. Sərbəst toplaşma imkanı təmin edilmir, müxalif düşüncəli şəxslər türməyə atılır. İnsanlar bu və ya digər formada təzyiqlərlə üzləşirlər. Bütün bunlardan sonra Ermənistanın Azərbaycandan üstün tutulması xəstə təxəyyülün göstəricisidir”.
Media eksperti onu da qeyd etdi ki, bu cür hesabatlara o qədər də fikir vermək lazım deyil.
Vidadi ORDAHALLI