Biz birgə hərbi təlimlər üzərində düşünürük. Hesab edirik ki, artıq bunun vaxtı çatıb. Bunu Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: "Hərbi sahədə əməkdaşlığımızın böyük potensialı var və əminəm ki, bu gün siz həmkarlarınızla gələcək planlarımızı müzakirə edəcəksiniz. Biz artıq Pakistan müdafiə sənayesinin məhsulları ilə tanışıq. Bildiyiniz kimi, biz Pakistandan hərbi avadanlıq almışıq və bu prosesi davam etdirmək arzusundayıq. Bununla yanaşı, biz birgə hərbi təlimlər üzərində düşünürük. Hesab edirik ki, artıq bunun vaxtı çatıb".
Pakistanla həyata keçiriləcək birgə hərbi təlimlərin ölkəmiz üçün nə kimi əhəmiyyəti olacaq?
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bizim dost ölkələrlə hərbi təlimlər keçirməyimiz artıq ənənə halını alıb: “Buna misal kimi Azərbaycan -Türkiyə, Azərbaycan-Türkiyə-Gürcüstan hərbi təlimlərini göstərə bilərik. Belə hərbi təlimlərdə məqsəd budur ki, bir sıra mətləblər mənimsənilsin. Xüsusilə də NATO standartlarının mənimsənilməsi baxımından bu olduqca önəmlidir. Hələ 2012-ci ildə mən NATO-nun baş qərərgahında keçirilən təlimdə Azərbaycanı təmsil edəndə bildirdim ki, bizə müasir silahlar lazımdır. Şükürlər olsun ki, bu gün bizim Türkiyə, Pakistan kimi qardaş və dost müttəfiqlərimiz var. Bu siyahıya İsraili də əlavə etmək olar. Həmin ölkələrdən biz ən müasir silahları alırıq. Ən önəmli fakt ondan ibarətdir ki, belə silahlar yalnız arsenala yığmaq üçün deyil. Onlar istifadə olunmaq, tam öyrənilmək üçün alınır. Keçirilən birgə hərbi təlimlərin başlıca məqsədlərindən biri də bu idi ki, yeni alınan texnikalar, silahlar sınaqdan keçirilsin, onların şəxsi heyət tərəfindən mənimsənilməsinə nail olunsun. Silahların onu istehsal və tətbiq edən dövlətlərin mütəxəssislərinin iştirakı ilə birgə sınaqdan keçirilməsi vacib faktordur. Cənab Prezidentin Pakistandan olan nümayəndə heyətini videoformatda qəbulu zamanı Pakistanla birgə hərbi təlimlərin keçirilməsinin vaxtının gəlib çatmasını bəyan etməsi dünyaya verilən önəmli mesajdır. Bundan əvvəl Azərbaycan Türkiyənin ərazisində hərbi təlimdə yüksək səviyyədə iştirak etdi. Pakistanla bizim bütün sahələr üzrə vacib əməkdaşlığımız var. Bunlardan biri hərbi aspektdir. Pakistan istehsalı olan hərbi təyyarələrin bizim ordumuzun arsenalına əlavə edilməsi də bu qəbildən sayılır”.
Ekspertin sözlərinə görə, Vətən müharibəsində Türkiyə-Azərbaycan-Pakistan qardaşlığı özünü necə sübut etdisə, birgə təlimlər bunu daha da möhkəmləndirəcək.
Məhəmmədəli QƏRİBLİ