Qarabağda Köçəryan-Sarqsyan klanı əleyhinə alternativ hərəkat başlayır...

img

Qarabağ Erməniləri Hərəkatının üzvləri bəzi siyasi dairələrin Ermənistanı xaosa sürükləmək və Qarabağda yeni müharibə girdabına salmaq cəhdlərindən narahatlıqlarını ifadə etdikləri müraciətlə çıxış ediblər.

“İnterfaks-Azərbaycan” agentliyi müraciətin mətnini təqdim edir:

“Ermənistanda siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq erməni xalqını təmkinli olmağa, müdrikliyə və dözümlülüyə, qarşıdurmanı vətəndaş müharibəsinə gətirib çıxara biləcək həddə çatdırmamağa çağırırıq. Erməni xalqı artıq öz tarixində ondan öz mənafeyi və xarici məqsədləri üçün istifadə edən “başabəla siyasətçilərin” qurbanı olub və bu, yenə də təkrarlanıb. Siyasətbazların təqsiri üzündən uzun illər Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmayıb və nəticədə 2020-ci ildə müharibə və insan tələfatı ilə nəticələnib. Münaqişənin həlli nəticəsində Ermənistan üçün Azərbaycan və Türkiyə ilə sərhədlərini açmaq, yeni tranzit və iqtisadi layihələrin bir hissəsinə çevrilməklə bağlı böyük tarixi şans yaranıb. Nəzərdə tutulan birgə iqtisadi layihələr Ermənistan üçün faydalıdır, çünki ölkədə on minlərlə işsiz vətəndaş var və iqtisadiyyatda uzunsürən durğunluq hökm sürür.

Ermənistan vətəndaşlarından düzgün seçim etməyi və bu daxili siyasi qarşıdurmanı sülh yolu ilə həll etməyi xahiş edirik. Köçəryan-Sarqsyan klanının timsalında əvvəlki hakimiyyət nümayəndələrinin Ermənistanı xaosa sürükləmək və Qarabağda yeni müharibə, daha doğrusu, erməni xalqına yeni faciə vəd edərək revanşist şüarlar dalğasında hakimiyyətə gəlmək cəhdləri narahatlıq doğurur. Hakimiyyətdə kimin olmasından asılı olmayarq kövrək sabitliyə, Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikası rəhbərlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli sülh müqaviləsinə tərəfdar olmaq lazımdır. Bu müqavilə, ilk növbədə, Ermənistanın özünün maraqlarına uyğundur”.

Müraciəti Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri Artur Ağacanov, Valeri Eritsyan, Georgi Arakelyan, Lyova Yaxşıbəyov, Karina Eritsyan və Qarabağ Erməniləri Hərəkatının digər fəalları imzalayıb”.

Son xəbərlər