Azad olunmuş ərazilərimizə qayıdışla bağlı onlayn rəy sorğusunun ilk nəticələri...

Rəsmiyyə Abdullayeva: “...sorğuda birbaşa iştirak edib onları cavablandıran respondentlərimizin sayı minlərlədir”

img

Azad olunmuş ərazilərimizə qayıdışla bağlı məcburi köçkünlər arasında rəy sorğusuna başlanıb. Üç mərhələdən ibarət olacaq sorğu Azərbaycanın postkonflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması layihəsi çərçivəsində həyata keçirilir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdindəki İdarələrarası Mərkəzin “Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu” yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır. 

  • “Biz də çalışmışıq ki, bu onlayn sorğu-anketlərində onların arzularını, istəklərini, niyyətlərini öyrənək”

AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru,  İşçi Qrupunun üzvü Rəsmiyyə Abdullayeva “Bakı-Xəbər”ə bildirdi ki, sorğunun ilkin mərhələsinə başlanıb, birinci mərhələ onlayn qaydada keçirilir və keçmiş  köçkünlər müfaviq sistemə daxil olmaqla onlayn rəy sorğusunda iştirak edirlər. R.Abdullayeva, həmçinin, bu qəbildən olan respondentləri sorğularda daha aktiv iştiraka çağırır. “Fevralın 22-dən başlayan layihə onlayn sorğu layihəsidir. Bu, məcburi köçkünlərin arzu və istəklərinin öyrənilməsinə yönəlik bir sorğudur. Onlayn sorğumuz hələ davam edir. Bundan sonra bizim tədqiqat qrupumuz  məcburi köçkünlər arasında daha iki sorğu keçirəcək. Onlardan biri intervyü formatında olacaq və 1100 nəfəri əhatə edəcək, digər sorğu isə sahibkarlar arasında keçiriləcək. Bu əsasən də məcburi köçkün statusu olan sahibkarlar arasında keçiriləcək bir sorğu olacaq. Bilirsiniz ki, ölkə Prezidenti də çıxışında qeyd etmişdi ki, repatriasiya prosesinin səmərəli təşkilindən ötrü məcburi köçkünlər arasında sorğu keçirilməsinə ehtiyac var. Bu sorğu onların arzu, istək və niyyətlərinin öyrənilməsi ilə bağlıdır və biz də çalışmışıq ki, bu onlayn sorğu-anketlərində onların arzularını, istəklərini, niyyətlərini öyrənək. Necə köçmək istəyirlər, özlərimi köçmək istəyir, yoxsa dövlətdən dəstəkmi istəyirlər, dövlətdən hansı dəstəyi istəyirlər, kənd evlərində, ata-baba yurdlarında, yoxsa müasir tipli qəsəbələrdə, şəhərlərdə yaşamaq istəyirlər? Əgər siz bizim onlayn sorğu anketimizlə tanışsınızsa, görəcəksiniz ki, biz orada “ağıllı kənd” və “ağıllı şəhər”lə bağlı suallar qoymuşuq. Bunlar da var. Respondent hansı cavabı istəyir verə bilər. Burada hər şey onun özünün istəyinə uyğundur. Onu da deyim ki, bu sorğu anketini cavablandırmaq elə də çətin bir şey deyil, suallar çox sadə tərtib olunub, heç bir köməyə ehtiyac olmadan hər kəs bunu cavablandıra bilər. İndiyə qədər baxış sayımız onminlərin üstündədir, sorğuda birbaşa iştirak edib onları cavablandıran respondentlərimizin sayı isə minlərlədir. Sorğuda iştirak 5-6 dəqiqə vaxt aparır. Onu da deyim ki, onlayn rəy sorğusunda iştirak edənlərin sayı kifayət qədərdir”. 

R.Abdullayeva qeyd etdi ki, nə qədər çox insan sorğuda iştirak edərsə və öz arzu və istəklərini bildirərsə, bu, qayıdış prosesində, məskunlaşdırmanın təşkili məsələsində bir o qədər faydalı olar. “Bu sorğular dövlət sifarişi əsasında bir tədqiqat layihəsi çərçivəsində həyata keçirilir, heç bir siyasi xarakter daşımır. Bu sorğu layihəsi məcburi repatriasiya prosesinin səmərəli təşkili üçün onların arzu və istəklərinin öyrənilməsinə xidmət edən bir sorğudur, tədqiqat layihəsidir. Bilirsiniz ki, azad olunmuş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı bir əlaqələndirmə qərargahı yaradılıb, o əlaqələndirmə qərargahının da nəzdində idarələrarası mərkəz fəaliyyət göstərir, onun da tərkibində 17 işçi qrupu var. Onlardan biri də Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupudur. Onlar da yerli və beynəlxalq mütəxəssisləri cəlb edərək repatriasiya prosesinin səmərəli təşkili üçün müxtəlif tədqiqatlar aparırlar. Bu tədqiqatların bir qismi də ADA Universiteti tərəfindən həyata keçirilir. ADA Universitetinin nəzdində yaradılan bir tədqiqat qrupu var, o tədiqat qrupunda ADA Universitetinin, AMEA-nın İqtisadiyyat İnstitutunun, Azərbaycan Dövlət İqtisad Universitetinin və Qafqaz Strateji Araşdırmalar Mərkəzinin mütəxəssislərindən ibarət 15 nəfərlik tədqiqat qrupu yaradılıb. Bu mütəxəssislərin iştirakı ilə sorğuların keçirilməsi, nəticələrin emal olunması və hökumətə müvafiq təkliflərin hazırlanmasını həyata keçiricəklər. Düşünürəm ki, hazırlanan təkliflər repatriasiya prosesinin təşkilində mühüm rol oynayacaq” - deyə R.Abdullayeva qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər