Hərb müstəvisində Cənubi Qafqaz, eləcə də postsovet və dünya məkanında ən güclü mövqe sahiblərindən biri olan Azəbaycan qarşıdakı dövr ərzində də ordusunu davamlı olaraq gücləndirəcəyini açıq bəyan edir. Qarşıdakı dövrdə bu sahədə Azərbaycanın əsas tərəfdaşı qismində qardaş Türkiyə çıxış edəcək.
Azərbaycanda, ümumiyyətlə, Türkiyə ordusunun kiçik modelinin yaradılması nəzərdə tutulur. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib. Eyni zamanda, Azərbaycan ordunun silahla təminatı sahəsində Türkiyə və müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlığını da davam etdirəcək. Ölkəmizin bu istiqamətdə yenə yaxından əməkdaşlıq edəcəyi ölkələrdən biri isə Rusiya olacaq. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da bu xüsusda konkret açıqlamalar verdi: “Rusiya Federasiyası ilə gələcək hərbi-texniki əməkdaşlığa gəlincə, bu əməkdaşlığımız planlı xarakter daşıyır. Biz hərbi əməliyyatlar başa çatandan sonra bu mövzunu da Rusiya rəhbərliyi ilə müzakirə etmişik. Ona görə ki, bizim resurslarımız da, döyüş sursatımız da sərf edilib və təbii ki, bu arsenalı müharibədən əvvəlki həddə qədər tamamlamaq zəruridir. Bu istiqamətdə iş aparılır. Bizim əsas hərbi texnikamız Rusiya istehsalı olan texnikadır və Ermənistandan fərqli olaraq, biz heç vaxt şikayətlənməmişik. Ona görə ki, əvvələn, şikayətlənmək üçün səbəb olmayıb. Rusiyanın hərbi texnikası bəzi göstəricilər üzrə dünyada ən yaxşı texnika və bütövlükdə dünyada ən yaxşı texnikalardan biridir. Sadəcə, o, düzgün əllərdə olmalıdır”.
Xatırladaq ki, həqiqətən də, Azərbaycandan fərqli olaraq, Ermənistanda rus texnikasından şikayətlər səngimir. İrəvanda hələ də belə fikirlər səslənir ki, Rusiyadan alınan 80-ci illərin texnikası döyüş üçün effektiv deyil. Hətta “İsgəndər” taktiki-raket kompleksləri ilə bağlı olaydan sonra rus texnikası ilə bağlı deyilənlər Moskva və İrəvan arasında qalmaqala da səbəb olub. Qeyd edək ki, Ermənistan ordusunun balansında olan Rusiya istehsalı “İsgəndər” komplekslərindən İkinci Qarabağ müharibəsində istifadə edilib-edilməməsi ilə bağlı mübahisələr hələ də səngimir. Ermənistan silahlı qüvvələrinin keçmiş Baş Qərargah rəisi Movses Akopyan ötən il noyabrın ortalarında bildirmişdi ki, müharibədə “İsgəndər”dən istifadə ediblər, ancaq onun hara atıldığını deyə bilməz. Fevralın 17-də Ermənistanın sabiq prezidenti Serj Sarkisyan yerli televiziyaya müsahibəsində bildirib ki, “İsgəndər” raketindən Şuşanı yenidən ələ keçirmək üçün istifadə ediblər. Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezidentə cavab olaraq istifadə olunan “İsgəndər” raketlərinin ya partlamadığını, ya da 10 %-nin partladığını deyib. Rusiya Müdafiə Nazirliyi isə, öz növbəsində, bu raketlərin hamısının müttəfiqinin arsenalında qaldığını və müharibədə istifadə edilmədiyini açıqlayıb. Bundan başqa, qurum raketin kifayət qədər effektiv olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev də yerli və xarici jurnalistlər üçün keçirdiyi geniş mətbuat konfransında mübaribədə “İsgəndər”in tətbiqinə dair məlumatın olmadığını bildirib: “Biz “İsgəndər” raketinin atılmasını görməmişik. Ona görə bu bəyanat səsləndiriləndə ötən gün biz yenə də maraqlandıq, ancaq yox, biz bunu görməmişik. Bu, sadəcə, publik şəkildə deyilmiş boş söz idi”. Daha sonra Rusiya Müdafiə Nazirliyi “İsgəndər”lərin effektivliyini nümayiş etdirmək üçün “RİA Novosti” dövlət agentliyinin vasitəsilə Suriyada hədəflərin vurulmasının görüntülərini paylaşıb. Bütün bunlardan sonra Nikol Paşinyan “İsgəndər” raketinin keyfiyyəti ilə bağlı ona dezinformasiya verildiyini iddia edib. Amma ekspertlər qeyd edir ki, istənilən halda, Paşinyanın dedikləru Rusiya silahları haqda beynəlxalq miqyasda mənfi rəy yaradılmasında az rol oynamayıb. Bunu isə Rusiya çətin Paşinyana bağışlasın. Elə bu fonda Rusiyanın özünün Azərbaycanla hərbi əməkdaşlığı daha da dərinləşdirməsi gözlənilir. Xüsusən də Rusiya üçün olduqca xoşdur ki, dünya mediası qarşısında Prezident İlham Əliyev rus silahlarından heç bir narazılıq olmadığını diqqətə çatdırıb. Rusiyalı hərbi ekspert Yevgeni Mixaylov bunun mühüm əhəmiyyət kəsb etdiyini qeyd edir: “Rusiya silahının keyfiyyətini döyüş əməliyyatları zamanı yetərincə tətbiq edən Azərbaycan tərəfi təsdiqləyib. Ermənistan isə Rusiya silahının keyfiyyətsizliyindən danışaraq, biabırçı kapitulyasiyasına hansısa formada haqq qazandırmaq üçün bəhanə axtarır”. Onun sözlərinə görə, İrəvan çox vaxt deyir ki, nəyisə düz başa düşməyib. Bu onu göstərir ki, Ermənistanda siyasətçilər heç sadə davranış qaydalarını bilmirlər: “Biz bilirik ki, Azərbaycan ordusu Rusiya silahlarından istifadə edib və bununla bağlı onlarda problem olmayıb. Yəni ermənilərin Rusiya silahının işləməməsi ilə bağlı bütün bu hay-küyləri bir daha Ermənistanın hazırkı ordusunun ən yeni silahlardan istifadə edə bilmədiyini göstərir. Bundan başqa, Rusiyaya qarşı bu cür hücumlar Ermənistan rəhbərliyinin vəziyyəti obyektiv qiymətləndirə, xarici siyasətdə prioritetləri müəyyənləşdirə bilmədiyini göstərir”. Mixaylov “axar” portalına açıqlamasında qeyd edib ki, yalnız Rusiyanın, sülhməramlıların və hərbi bazanın sayəsində Ermənistan bu gün bir dövlət kimi mövcuddur: “Lakin İrəvan oynamaqda davam edir və təxribatlar etməyə çalışır. Rusiya isə öz silahının nə qədər güclü olmasını Ermənistana faktiki olaraq da göstərə bilər – Qarabağ meşələrində gizlənən erməni quldur dəstələrini məhv etməklə”.
Tahir TAĞIYEV