Ermənistan XİN sözçüsü BMT-yə böhtan atdı - BMT Hadrutda nə vaxt soyqırım qeydə alıb…

img

Ermənistan xarici işlər nazirliyinin sözçüsü Anna Naqdalyan növbəti böhtan xarakterli məlumat yayıb. İş burasındadır ki, XİN sözçüsü  bu dəfə dünyanın ən nüfuzlu təşkilatlarından olan BMT-nin adından böhtan tirajlayıb. Onun sözlərinə görə, güya Hadrutda Azərbaycan ordusunun dinc sakinlərə etdiyi  “soyqırımla” bağlı BMT Baş Komissarlığı ciddi araşdırmaya başlayıb. Bu yalan məlumatla bağlı BMT hansı reaksiyanı verməlidir?

“Yaxşı olardı ki, BMT rəhbərliyi onun adından danışılan bu yalana öz mövqeyini bildirsin”​

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunu növbəti erməni təxribatı adlandıra bilərik: “İş burasındadır ki, Ermənistan KİV-i daima belə yalanlar tirajlayır. Ancaq indiki halda rəsmi şəxs BMT kimi qurumun adından böhtan yağdırır. Əvvəla, bu məlumatın nə zaman yayıldığına diqqət edək. Azərbaycan ermənilərin Xocalıda törətdiyi soyqırımın növbəti ildönümü ilə bağlı geniş təbliğata start verdiyi anda belə bir məlumatın dövriyyəyə buraxılması təsadüfi deyil. Bununla erməni təbliğat maşını  diqqəti erməni vəhşiliyindən başqa səmtə yönəltməyi hədəfləyir. İkincisi, Hadrut Azərbaycan ərazisidir. Biz oranı əks hücumla işğaldan azad etmişik. Orada qanlı döyüşlər gedib və erməni işğalçılarının öldürülməsi halı təbiidir. Bu o demək deyil ki, həmin yerdə mülki əhali olub. Çünki Hadrut uğrunda döyüşlər asan olmadı, bir neçə gün çəkdi. Həmin müddət ərzində orada mülki əhalinin qalması inandırıcı deyil. Ən başlıcası isə, BMT Baş Komissarlığı belə araşdırma apararsa bunu bəyan edər. Belə məlumatlar məxfi xarakter daşımır və daima qurumun saytında işıqlandırılır. BMT-nin saytında isə belə bir məlumata rast gəlinmir. Deməli, növbəti erməni məkri ilə üz-üzəyik. Yaxşı olardı ki, BMT rəhbərliyi onun adından danışılan bu yalana öz mövqeyini bildirsin”.

Məhəmmədəli QƏRİBLİ

 

Son xəbərlər