Azərbaycan “məğlub durumda reallıqla barışın” məntiqini Qərbin özünə qarşı döndərdi - Prezidentin sayəsində...

Ramil Hüseynov: “Ermənistanın ərazilərimizi işğal altında saxladığı dövr uzandıqca, bu kimi “istəklərin” sayı artırdı”

img

“Otuz il ərzində bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, eyni zamanda ayrı-ayrı ölkələr bizə açıq, yaxud da qeyri-rəsmi mesajlar göndərirdilər ki, reallıq var, Azərbaycan müharibədə məğlub edilmiş tərəfdir, siz reallıqla barışın və çalışın ki, bu reallıqdan maksimum özünüz üçün məqbul variant seçin”.

Bu sözləri Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Ölkə başçısı bildirib ki, pis variantla daha pis variant arasında seçim etməyimizi istəyirdilər: “Biz isə, bildiyiniz kimi, belə çağırışları hər zaman rədd edirdik, öz mövqeyimizdən bir addım belə geri atmırdıq və mən bunu açıq bəyan edirdim. İndi isə mən deyirəm ki, yeni reallıq yaranıb və bu reallığı biz yaratdıq. Bu reallıqla Ermənistan və eyni zamanda bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar. İndi Ermənistan qarşısında bir neçə seçim var və onların arasında Ermənistan üçün ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks-təqdirdə, onlar üçün daha da böyük problemlər yarana bilər”.

Məlum olur ki, beynəlxalq hüququn Azərbaycanın xeyrinə olmasına baxmayaraq, Qərb dairələri bunu nəzərə almayıb. Əksinə, Azərbaycanı mövcud reallıqlarla barışmağa təhrik etməyə cəhd ediblər. Bu isə sözügedən dairələrin nə qədər ədalətsiz olduqlarını bir daha ortaya qoyur.

“Ölkə başçısının uzaqgörən siyasəti nəticəsində bir sıra dairələrin Azərbaycanla bağlı məkrli planları puç oldu”

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, belə cəhdlər çox olub: “İstər 90-cı illərdə, istərsə də ondan sonrakı dövrdə belə təzyiq xarakterli çağırışlar çox olub. Ermənistanın ərazilərimizi işğal altında saxladığı dövr uzandıqca, bu kimi “istəklərin” sayı artırdı. Xarici dairələr də get-gedə bu mövqedən çıxış edirdilər ki, zaman Ermənistanın xeyrinə işləyir. Ancaq Azərbaycan nə ölkənin ən çətin vaxtlarında, nə də gücləndiyi dövrdə məğlubiyyətlə barışdı. Bütün təzyiqlərə mətanətlə sinə gərdi. Zamanla toparlanmağa başladı. Düzdür, ərazilərimizin uzun müddət işğal altında qalması çox ağır idi. Bu müddət ərzində məcburi köçkünlər olmazın əziyyət çəkdilər. Ancaq başqa çıxış yolu yox idi. Neft vəsaitləri ölkəyə daxil olandan sonra müdafiə və hərbi xərclər artırıldı. Ordumuz ən müasir silahlarla təchiz edilməklə yanaşı, Silahlı Qüvvələrin döyüş qabiliyyəti yüksəldi. Beynəlxalq qurumların ərazi bütövlüyümüzü dəstəkləməsi hüquqi baxımdan bizim xeyrimizə idi. Azərbaycan tərəfi təmkinlə əlverişli geosiyasi vəziyyətin yaranmasını gözlədi. Məlum idi ki, Ermənistan sülh yolu ilə ərazilərimizi tərk etməyəcək. O üzdən, əlverişli siyasi vəziyyət yaranan kimi ordumuz düşmən üzərinə hücuma keçdi. Nəticədə 44 günün ərzində həm ərazilərimiz azad edildi, həm də yeni geosiyası reallıqlar yarandı. Bütün bunların memarı Prezident İlham Əliyevdir. Onun uzaqgörən siyasəti nəticəsində bir sıra dairələrin Azərbaycanla bağlı məkrli planları puç oldu”.

Ekspert bildirdi ki, artıq diqtə edən tərəf Azərbaycandır.

Vidadi ORDAHALLI

Son xəbərlər