Müharibədən sonra Ermənistanın Rusiyadan asılılığını daha da artıran faktorlar...

Elşad Musayev: “Narazı elektoratın başında Kremlpərəst qüvvələr dayanır”

img

“Bu gün Ermənistanın Rusiyadan asılılığı müharibədən qabaqkı dövrdən 10 dəfə artıqdır”.

Bunu Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısının fikrincə, Ermənistanda anlamalıdırlar ki, bu vəziyyət Azərbaycana qarşı işğalçılıq siyasətinin bilavasitə nəticəsidir. Bu, son iki ildə baş verən və ya bir neçə ayın nəticəsində baş verən hadisə deyil, bunun birbaşa səbəbi işğaldır: “Onlar hazırda bütün ideoloji dayaqlarını itiriblər. Çünki onların ideoloji dayaqları Azərbaycanofobiya üzərində qurulmuş miflərdən ibarət idi. Özlərini qalib ölkə kimi təqdim edirdilər, Azərbaycan isə məğlub tərəf idi. Ancaq üz-üzə gəldikdə biz sübut etdik ki, qalib kimdir. Yəni bu vəziyyəti mən nəzarətdə saxlayıram, ancaq mən narahat deyiləm ki, Ermənistanda olan hər hansı bir dəyişiklik Bəyanatın icrasına təsir edə bilər. İlk olaraq ona görə ki, bu artıq rəsmi imzalanmış sənəddir. İkincisi isə ona görə ki, burada Rusiya Prezidentinin də imzası var. Bu gün Ermənistanın Rusiyadan asılılığı müharibədən qabaqkı dövrdən 10 dəfə artıqdır. Müharibədən əvvəl də Ermənistan Rusiyadan asılı olan bir ölkə idi. Mən bununla Ermənistanı ittiham etmirəm, bu reallıqdır, yəni o asılılıq müharibədən sonra 10 qat artmışdır. Yəni Ermənistanın cəsarəti çatacaqmı ki, Rusiya Prezidentinin imzasına bu cür yanaşsın? Burada sadəcə o bəyanatdan söhbət getmir, bu söhbətin mahiyyəti ondan ibarətdir ki, orada Rusiya Prezidentinin imzası var və o, bu sənədin qarantı kimi çıxış edir. Yəni mən tövsiyə edərdim onların hər hansı bir gözləntisi olmasın”.

Göründüyü kimi, müharibədən sonra Ermənistanın Rusiyadan asılılığı əhəmiyyətli dərəcədə artıb. Maraqlıdır, Ermənistanın sözügedən asılılığı niyə artıb? Ekspertlər bunu necə dəyərləndirir?

“Əvvəllər Ermənistan rəhbərliyi müəyyən şıltaqlıqlar edirdisə, indi iqtisadiyyat çökdüyünə görə Rusiyadan asılılıq daha da artıb”

Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev müharibədən sonra Ermənistanın Rusiyadan asılılığının 10 qat artmasını bir sıra amillərlə əlaqələndirdi: “Bunun bir səbəbi ondan ibarətdir ki, 44 günlük müharibədə Ermənistan ciddi maddi və insan itkiləri ilə üzləşdi. İkincisi, müharibədən əvvəl ölkə daxilində siyasi çəkişmələr var idi, amma indiki kimi deyildi. Məğlubiyyətlə əlaqədar olaraq Ermənistanda siyasi gərginlik daha da artıb. Bu, bütövlükdə Ermənistan cəmiyyətini çökdürüb. Ona görə də az qala bu gərginlik silahlı qarşıdurmaya keçmək səviyyəsindədir. Üçüncüsü, narazı elektoratın başında Kremlpərəst qüvvələr dayanır. Məlum səbəblərlə əlaqədar onların fəallığı xeyli artıb. Dördüncüsü, əvvəllər Ermənistan rəhbərliyi müəyyən şıltaqlıqlar edirdisə, indi iqtisadiyyat çökdüyünə görə Rusiyadan asılılıq daha da artıb. Mənəvi və siyasi böhran bir qədər də dərinləşib. İqtisadiyyatı, ordunu bərpa etmək üçün vəsait lazımdır. Vəsait isə yoxdur. Bu o deməkdir ki, sözügedən sahələrdə Rusiyanın yardımı olmasa, Ermənistan özünə gələ bilməz”.

Bütün bunlardan çıxış edən partiya sədri hesab edir ki, Ermənistan Putinin imzasına qarşı gedə bilməz.

Vidadi ORDAHALLI

Son xəbərlər