Prezident: "Ortaq Mərkəzin yaradılması Türk Silahlı Qüvvələrinin Qarabağa, Azərbaycana gəlməsi deməkdir"

img

Ortaq Mərkəzin yaradılması Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına gəlməsi deməkdir. Bu, hesab edirəm ki, tarixi hadisə sayıla bilər və bizi çox məmnun edir.

Baki-xeber.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması üç ölkənin müştərək qərarıdır. Ermənistan, sadəcə olaraq, bununla razılaşmalı oldu. “Çünki 10 noyabr Bəyanatı imzalananda Ermənistan o durumda deyildi ki, buna etiraz etsin. Ermənistan, necə deyərlər, öz hayında idi. Ona görə əgər başqa bir siyasi və hərbi durum olsaydı, Ermənistan buna etiraz edərdi. Ancaq buna etiraz edə bilmədi və biz də söylədik ki, bu mərkəz Azərbaycan ərazisində yaradılır, Ermənistanın bu işlərlə nə əlaqəsi var?”, - deyə dövlətimizin başçısı bildirib.

Bundan sonra müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığımızın davam etdiriləcəyini vurğulayan Prezident deyib: “Hər kəsə bəllidir ki, Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır, NATO-da güc baxımından ikinci ordudur. Biz də Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib”.

Son xəbərlər