İlham Əliyev Ermənistanın müttəfiqlərinin regional sülhə qarşı qəsd planını ifşa etdi - güclü ordu ermənilərin nəyinə lazımdır...

Rəşad Bayramov: “Erməni nazir erməni ordusunun yenilənməsində Rusiyanın da iştirak etdiyini açıq bildirib”

img

Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə çıxışı zamanı deyib ki, əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək:

"Bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər. Biz bütün işlərə nəzarət edirik. Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni kontraktlar imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır".

Hadisələr göstərir ki, Azərbaycandan qisas almaq üçün Ermənistan yenidən revanşist siyasət yürüdür və ən başlıcası, onu belə addımlara təhrik edən xaricdəki müttəfiqləri var. Ölkə başçısı açıq mətnlə bu xəbərdarlığı edirsə, deməli, məsələ ciddidir. O halda Ermənistanı revanşızmə sürükləyən və  həmin ölkənin ordusunu modernləşdirməyə çalışan ünvan haradır?

Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə başçısı bu fikirləri  təsadüfən səsləndirməyib: “Ermənistanın daxilində doğrudan da revanşizm baş qaldırıb. Hətta  təəssüflə qeyd etməliyik ki, biz anoloji fikirləri Qarabağdakı separatçı rejimin qalıqlarının da dilindən eşidirik. Təbiidir ki, Ermənistanı buna təhrik edən xarici qüvvələr də var. Avropanın bəzi ölkələrinin, xüsusilə də Fransanın 44 günlük müharibənin gedişi zamanı və ondan sonrakı dönəmdə nümayiş etdirdiyi mövqeni hamı gördü. İndi də həmin ölkələr Qarabağdakı erməni qalıqlarına statusun verilməsinin zəruriliyindən danışırlar. Hiss edilir ki, bəzi dairələr regionda sülhün əldə olunamsından narhatdırlar. Onlar bölgəni daima gərginlikdə görmək istəyir.  Müharibə bitibsə, Ermənistanda yenidən orduya dəstək vermək nəyə lazımdır?  İş burasındadır ki, Ermənistan ordusu ilə yaxın təmsda ola biləcək, onlara bu yöndə yardım əlini uzadan ölkə yalnız Rusiya ola bilər. Çünki Rusiyanın həmin ölkədə hərbi bazası var. Ermənistanın xarici ölkələrlə sərhədlərini rus sərhədçiləri qoruyur. Hansısa Qərb ölkəsi və ya ABŞ Rusiyanın gözü qarşısında Ermənistan ordusunu modernləşdirə bilməz. Bugünlərdə Ermənistanın müdafiə nazirinin bir açıqlaması oldu. Həmin açıqlamaya diqqətlə fikir versək, Ermənistan ordusuna dəstək vermək istəyən ünvanı dəqiq görərik. Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Rusiya KİV-inə verdiyi müsahibədə bildirib ki, Ermənistan Qarabağdakı döyüşlərdən sonra orduda islahatlar aparır, orduda hərbçi sayını optimallaşdırır, yeni silah və hərbi texnika sistemlərinə keçir. Nazir erməni ordusunun yenilənməsində Rusiyanın da iştirak etdiyini açıq bildirib. Sitat: “Ermənistanda hərbi islahatların həyata keçirilməsi nəinki planlaşdırılır, həm də artıq həyata keçirilir və rusiyalı həmkarlarımız bu prosesdə birbaşa iştirak edirlər”.

O, bu il yanvarın 25-dən 30-dək ikitərəfli razılaşmalara uyğun olaraq Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin Ermənistan Silahlı Qüvvələrinin islahatı və modernləşdirilməsinə kömək məqsədilə İrəvanda olduğunu xatırladıb. Nazir bu səfər çərçivəsində gələcək planların razılaşdırıldığını deyib”.

Ekspertin sözlərinə görə, üzərinə barışdırıcı missiyanı götürən, hətta sülhməramlı qüvvələrini Qarabağa yerləşdirən Rusiya bu cür addımlarından əl çəkməlidir: “Əks təqdirdə, biz regionda yeni müharibə ilə üz-üzə qala bilərik”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər