Ermənistan rəhbərliyini məyus etmiş pulsuz silahlar - Əliyev erməniləri "ucuz ətin şorbası olmaz" prinsipi ilə vurdu...

Ramil Məmmədli: “Çünki Moskva həmin silahı siyasi məqsədlərini təmin etmək üçün çox vaxt maraq dairəsində olan ölkələrə pulsuz verib”

img

Ermənistan rəhbərliyi indi gileylənir ki, onlara verilən silahlar yararsız idi. Bilirsiniz, kimisə günahlandırmaq hər şeydən asandır. Bunu Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə çıxışı zamanı deyib. Dövlət başçısı deyib:

"Ancaq onu da deməlidirlər ki, bu silahlar onlara pulsuz verilmişdir, müftə verilmişdir. Özü də bir il yox, iki il yox, 30 il ərzində onları bizə qarşı silahlandırırdılar. Biz indi bütün imkanlardan istifadə edib bölgədə gedən prosesləri diqqətlə izləyirik, bizim imkanlarımız var, informasiya mənbələrimiz kifayət qədər çoxdur. Biz bilirik müharibə dövründə Ermənistana nə qədər pulsuz silah verildi, müharibədən əvvəl nə qədər verildi. İyul toqquşmasından dərhal sonra, iyulun 17-dən başlayaraq müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirirdi. Həmin o “İsgəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb. “Elbrus”, “Toçka-U”, “Skad” raketlərini pulla alıb? Pulsuz alıb. “S-300”, hansı ki, biz yeddisini məhv etmişik, onlar da pulsuz verilib, tanklar da, toplar da, digər hava hücumuna qarşı sistemlər də. Biz onların hamısını məhv etmişik. Ermənistan ordusu yoxdur, bitib, qurtarıb".

Prezidentin bu replikasından hansı nəticəni çıxarmaq olar?

Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ali Baş Komandanın fikirlərində  hədəf kimi göstərilən bir neçə ünvan var: “Onlardan biri, əlbəttə ki,  Ermənistandır. Digəri isə  Rusiyadır. Çünki Ermənistanın  silahlanması prosesində daha çox iştirak edən tərəf məhz Rusiya olub. Hesab edirəm ki, bu fikirlərdən həm də Rusiya ciddi nəticə çıxarmalıdır.  Rusiyanın  silhalandırdığı İraqda və Suriyadad da belə hadisələr baş verdi. Hətta SSRİ-nin vaxtında da belə olurdu. Moskvanın verdiyi silahlar çox vaxt yararsız çıxırdı. Çünki  Moskva həmin silahı siyasi məqsədlərini təmin etmək üçün çox vaxt maraq dairəsində olan ölkələrə pulsuz verib.  Pulsuz verilən mala görə isə heç bir məsuliyyət daşımayıb. İkinci Qarabağ müharibəsində biz bunun bir daha şahidi olduq. Biz gördük ki, Ermənistan rəhbərliyi Rusiyanın ən bahalı sayılan silahlarının belə yararsız olduğunu açıqladı. Rusiya ordusunun ən yüksək zabitləri səviyyəsində Paşinyanın yalan danışdığına dair açıqlamalar verildi. Rusiya anlayır ki, bu onların hərbi sənayesindən gələn qazanclara vurulan ən böyük antireklam idi.  Yəqin ki, bundan sonra Azərbaycan da öz silah arsenalını daha müasir ölkələrin hesabına artıracaq. Biz Ermənistandan fərqli olaraq silahı pulsuz almırıq. Əlimzdə pul varsa,  daha müsair silahlar almaqda maraqlı olacağıq. Bizim silah tədarük etdiyimiz ölkələrin sırasında Rusiya da əhəmiyyətli yer tutur. Düşünürəm ki, 44 günlük müharibədən sonra biz bu istiqamətdə silah tədarükü ilə bağlı yeni yanaşma ortaya qoyacayıq”.

Ekspertin sözlərinə görə, silah bazarında olan rəqabət daha kefiyyətli məhsulu önə çıxarır.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər