Hərbçi şəhid və əlil ailələrinə Azərbaycanda və Ermənistanda dövlət münasibəti...

Fatimə Hacıbəyli: “İşğalçı ölkənin hərbçiləri vəfat edən zaman Ermənistan tərəfi həmin ailələrə heç bir yardım etməyib”

img

“Dünyada müharibələr çox olub, itkilər çox olub. O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə  müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib.

Prezident bildirdi ki, Ermənistan ordusunda da itkilər olub və İkinci Qarabağ müharibəsində müxtəlif rəqəmlər səslənir: “Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir. Onların birinin də ailəsinə Ermənistan dövləti heç bir yardım etməyib. Ümumiyyətlə, Ermənistanda bizdə olan proqram mövcud deyil. Müharibədə həlak olmuş insanların yaxınlarına nəinki ev, bir daxma da verilmir. Hər şey müqayisədə ölçülür. Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar. Son illər müavinətlərin, pensiyaların məbləğinin artırılması göz qabağındadır. Azərbaycan dövləti bu siyasəti bundan sonra da davam etdirəcək”.

Qeyd edildiyi kimi, Ermənistanda ölən hərbçilərin ailələrinə heç bir yardım edilməyib, hökumət həmin ailələrlə maraqlanmır. Ancaq  bizdə isə Vətən yolunda şəhid olmuş şəxslərin ailələrinə dövlət tərəfindən xüsusi qayğı və diqqət göstərilir.

  • “Azərbaycanda şəhid ailələri, müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir”

“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, Azərbaycan dövləti şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərin sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Azərbaycan xalqı xeyirxahlıq, humanizm prinsiplərinə uyğun olaraq, təmənnasız yardım ənənələrini davam etdirir. Şəhid ailələrinə və müharibə əlillərinə istənilən sahədə yardım göstərilməlidir.

Həmsöhbətimiz onu da vurğuladı ki, işğalçı ölkənin hərbçiləri vəfat edən zaman Ermənistan tərəfi həmin ailələrə heç bir yardım etmədi: “O ailələrlə Ermənistan hökuməti bir dəfə də olsun maraqlanmadı. Təbii ki, bu amillər Ermənistanda narazılığa səbəb olur. Ancaq danılmaz faktdır ki, Azərbaycan hökuməti Vətən yolunda şəhid olmuş hərbçilərin ailələri ilə maraqlanır, onların sosial problemlərinin həll olunması üçün lazımi işlər görülür. Ümumiyyətlə, Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Hazırkı dövrə kimi Azərbaycan dövləti bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib”.

Günel CƏLİLOVA

Son xəbərlər