Prezident İlham Əliyev: "Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir"

img

Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir. Baki-xeber.com xəbər verir ki, bunu Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Çox şadam ki, sizin şirkətlə Azərbaycandakı tərəfdaşlarınız arasında əməkdaşlıq çox uğurla davam edir. Davosda razılaşdırdığımız kimi, siz ölkəmizdə çox mühüm layihələri həyata keçirirsiniz. Biz bütün müzakirə etdiklərimiz və razılığa gəldiyimiz məsələləri icra edirik. Mənə bu yaxınlarda məlumat verilmişdir ki, Bakıda, Sumqayıtda və Şamaxıda küçələrin işıqlandırılması layihəsi uğurla davam edir, yaxşı nəticələr əldə olunur, elektrik enerjisinin qənaəti yaxşı səviyyədədir. Bu, çox mühümdür. Çünki bizim ötən dəfə müzakirə etdiyimiz kimi, Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir. Ona görə də xatırladığınız kimi, Bakıda biz əsas diqqəti küçə işıqları olmayan küçələrə yönəltməyi qərara aldıq. Sumqayıtda, eləcə də Şamaxıda siz layihəni tamamilə üzərinizə götürdünüz. Əminəm ki, belə şəhərlər daha çox olacaq. Çünki biz artıq yaxşı nəticələr görürük.

Biz artıq səmərəliliyi görürük. Ötən dəfə müzakirə etdiyimiz kimi, biz bu texnologiyaları yalnız küçələrin işıqlandırılması sektorunda deyil, həm də digər sektorlarda tətbiq edə bilərik - xüsusilə azadlıq müharibəsindən sonra Azərbaycan hər şeyin dağıdıldığı azad edilmiş əraziləri artıq yenidən qurmağa başladığı dövrdə. Mən dəfələrlə dediyim kimi, biz həmin ərazilərdə çox müasir infrastruktur, o cümlədən “ağıllı şəhərlər”, “ağıllı kəndlər” sistemi yaratmağı planlaşdırırıq. Proses artıq başlayıb. Ona görə də bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq. Bu səbəbdən mən əməkdaşlığı davam etdirməyi və birinci layihənin ümidvaram ki, çox yaxın zamanda təhvil verilməsini səbirsizliklə gözləyirəm. Bu, əməkdaşlığımızın çox yaxşı göstəricisi olacaq. Bir daha yalnız müzakirələr və yeni ideyaların inkişaf etdirilməsi baxımından deyil, həm də təmasların qurulması baxımından Davos görüşünün əhəmiyyətini vurğulayıram. Sizi yenidən görməyə çox şadam".

Son xəbərlər