Medianın vahid uçot-qeydiyyat sistemi olsa - hər yerindən qalxanın media strukturu yaratmaq hüququ xaosun əsas səbəblərindən biri kimi...

Müşfiq Ələsgərli: “...vahid uçot sistemi tətbiq edilməlidir”

img

Cəmiyyətin ən dinamik və aparıcı sahələrdən biri olan medianın müasir dövrün tələb və standartlarına tam olaraq cavab verməsi üçün bu sahədə islahatların həyata keçirilməsi zərurətdir. Heç şübhəsiz ki, islahatlar prosesində media subyektlərinin vahid uçot-qeydiyyat sisteminin yaradılması vacibdir, indiyə qədər bu sistemin olmaması səbəbindən jurnalistlərin fəaliyyətində xeyli çətinlik yaranıb.

Məlum olduğu kimi, Medianın İnkişaf Agentliyi medianın inkişafı və media sahəsinin tənzimlənməsi ilə bağlı qanun layihəsi hazırlayır və təsdiqlənməsi üçün Milli Məclisə təqdim edəcək.

Media islahatları kontekstində medianın vahid uçot-qeydiyyat reyestrinin yaradılması nə deməkdir və bu nə kimi rol oynayacaq?

  • “Bu standartlar tətbiq edilmədən, media məkanındakı xaotik durumu aradan qaldırmaq mümkün deyil”

Media eksperti Müşfiq Ələsgərli bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanda KİV-in və KİV-də çalışanların sayı, kəmiyyəti barədə əldə dəqiq bilgi yoxdur. “Media üzrə təkliflər vermək, proqramlar hazırlamaq və digər addımlar atmaq lazım olanda problemlər ortaya çıxır. Bu, onun nəticəsidir ki, ölkədə KİV üzrə vahid uçot sistemi tətbiq edilmir.  KİV-in statistikası, uçotu indiyədək ayrı-ayrı dövlət qurumlarında, məsələn, Ədliyyə Nazirliyində, Milli Teleradio Şurasında, keçmiş Vergilər Nazirliyində və sair aparılır. Çox zaman bunların verdikləri informasiyalar da bir-birilə ziddiyyət təşkil edir. Qeydiyyat və statistika vahid qurum tərəfindən aparılarsa, etibarlı bilgilər əldə etmək mümkün olar. Uçotun vahid bir mərkəzdə aparılması həm də bu sahədə standartların qəbul edilməsi deməkdir. Yəni KİV qurumu nədir, jurnalist kimdir, onlar hansı standartlara cavab verməlidirlər, hansı məsuliyyəti daşıyırlar və hansı statuslara malikdirlər? Bütün bunlara aydınlıq gətiriləndən sonra bu standartlara cavab verənlər KİV qurumu kimi uçota götürülə bilərlər. Bu standartlar tətbiq edilmədən, media məkanındakı xaotik durumu aradan qaldırmaq mümkün deyil. Bu gün kompyuteri, internetə çıxışı, sosial şəbəkədə hesabı olan hər kəs özünü KİV qurumu və ya jurnalist elan edir. Amma fəaliyyətləri KİV və jurnalistika prinsiplərinə uyğun gəlmir, qanunları pozurlar. Fikrimcə, mediada islahatlar dalğası fonunda bütün bu çatışmazlıqlar aradan qaldırılmalıdır, vahid uçot sistemi tətbiq edilməlidir” - deyə M.Ələsgərli vurğuladı.

İradə SARIYEVA

Son xəbərlər