“İskəndər” raketi üstündə Sarkisyan-Paşinyan polemikası Ermənistanda hərbi əsirlər mövzusunu daha da qabartdı...

İbrahim Rüstəmli: “Bu o demək deyil ki, Rusiyanın iradəsi ilə bütün erməni əsirlər tez bir zamanda geri qaytarılacaq”

img

Erməni mediası yazır ki, Paşinyanın indiki məqamda “İskəndər” taktiki raketlərin partlamaması haqqında səsləndirdiyi fikirlər erməni əsirlərin qaytarılması prosesini çətinləşdirəcək. Qeyd edilir ki, Nikol belə açıqlamalarla erməni əsirlərin taleyini təhlükə altında qoyur.

Erməni mətbuatının qənaətinə görə, məlum açıqlamadan sonra Rusiya əsirlərin qaytarılması ilə bağlı elə də səy göstərməyəcək: “Ölkədə bu adamın xeyli əsir problemi var, amma deyəsən, o, bununla heç məşğul olmaq fikrində deyil. Onun yerinə müttəfiq Rusiya Azərbaycanla əsir problemini həll etməyə çalışır. Necə olar bilər ki, bu qədər uzaqgörən olmayasan? Bu əsirlərin taleyi haqqında fikirləşməyəsən? Belə açıqlamaları ilə Paşinyan Ermənistanda antirus təbliğatını gücləndirir. Yəqin ki, Rusiyanın belə bir bəyanata cavabı gecikməyəcək. Bu isə özünü erməni əsirlərinin geri qaytarılmaması məsələsində göstərəcək. Paşinyan Rusiya silahını antireklam edirsə, Rusiya əsirlərin qaytarılması ilə bağlı səylərini artıracaqmı? Təbii ki, yox”.

O da vurğulanır ki, Paşinyan məqsədlərinə çatmaq üçün bilərəkdən feyk məlumatlar yaymaqla siyasi rəqiblərini çaşdırır və suyu bulandırmaqla “balıq tutur”.

Maraqlıdır, Paşinyanın “İskəndər” raketləri ilə bağlı məlum açıqlamasından sonra Rusiya erməni əsirlərinin qaytarılması ilə bağlı səylərini azaldacaqmı?

  • “Azərbaycanın şərtləri var və Ermənistan onlara əməl etməlidir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən hərbi ekspert İbrahim Rüstəmli əsirlərin geri qaytarılması ilə bağlı erməni tərəfinin mövqeyinə birmənalı yanaşmadı. Onun fikrincə, bu məsələni təkcə Rusiya amili ilə əlaqələndirmək doğru deyil: “Əvvəla Azərbaycan erməni hərbi əsirlərin davamlı olaraq saxlanmasında maraqlı deyil. Erməni əsirləri bizim nəyimizə lazımdır? Ancaq burada bəzi məqamlar var. Məsələ ondadır ki, Ermənistan bizim əsirlərə qarşı davranışda bütün hüquqi normaları pozub. Birinci Qarabağ müharibəsində əsirlərin bəzilərini erməni tərəfi qaytarmadı. Bəyan etdilər ki, guya onlarda əsir yoxdur. İkinci Qarabağ müharibəsində də bənzər mövqedən çıxış etdilər. Biz bütün bunları unutmamışıq və asanlıqla bütün erməni əsirləri qaytara bilmərik. Çünki Azərbaycanın da Ermənistan qarşısında qoyduğu tələblər var. Onlar borcludurlar ki, bu öhdəlikləri yerinə yetirsinlər. Niyə Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini Azərbaycana vermir? Yaxşı olardı ki, erməni mediası bu məsələni qaldırsın. 10 noyabr razılaşmasından sonra Ermənistan tərəfi diversiya törədib. Nəticədə 60 nəfərdən çox erməni hərbçisi saxlanıb. Hansı əsasla Ermənistan onları hərbi əsir hesab edir? Onlar atəşkəsdən sonra saxlandıqlarına görə hərbi əsir yox, cinayətkardırlar. Ermənistanda bu gün siyasi-hərbi xaos hökm sürür. Paşinyan nə dediyini bilmir. Təbii ki, onun “İskəndər” raketləri barədə səsləndirdiyi fikirlər Rusiyanın xoşuna gəlməyəcək. Rusiya atəşkəsin əldə olunmasında vacib rol oynadı. Ancaq bu o demək deyil ki, Rusiyanın iradəsi ilə bütün erməni əsirlər tez bir zamanda geri qaytarılacaq. Azərbaycanın şərtləri var və Ermənistan onlara əməl etməlidir”.

Hərbi ekspert onu da qeyd etdi ki, təşəbbüs Azərbaycanın əlindədir.

Vidadi ORDAHALLI

Son xəbərlər