"Belə çıxır ki, Qubad İbadoğlu özü qalib gəlsəydi, hər şey qaydasında olacaqdı, indi məğlub olduğu üçün pozuntular olub?! Bu qədər də olmaz”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Nüşabə Sadıqlı deyib.
O, Müsavat başqanlığına sabiq namizədlərin işçi qrup yaradaraq fraksiya formalaşdırmaq cəhdlərinin qanunsuz olduğunu söyləyib: "Demokratiya ilk növbədə qanun çərçivəsində idarəçilikdir. Bu mənada Müsavat bu gün qanunlarla idarə olunan bir partiyadır. Müsavat Partiyasının Nizamnaməsində fraksiya yaradılması nəzərdə tutulmayıbsa, deməli, bu, qanunsuzluqdur və buna mənim münasibətim çox mənfidir. Müsavatın avtoritar üsullarla idarə olunması barədə iddiaları da qəbul etmirəm. Çünki Müsavat rəhbərliyi dəfələrlə sözünü, iradını bildirmək istəyənlərə şərait yaradıb. Ancaq heç biri nə görüşə gəlib, nə də müzakirəyə qatılıb”.
N. Sadıqlı bildirib ki, partiyadan uzaqlaşdırılan üzvlər etik və əxlaqi normaları pozduqları, partiya strukturlarının qərarları ilə hesablaşmadıqları üçün çıxarılıblar: "Müsavat Partiyası Nizamnaməyə söykənən, həm də cəmiyyətdə əxlaqı əsas tutan bir partiyadır. Qanunsuzluq edən mütləq öz cəzasını almalıdır”.