Paşinyanın öz xalqına və müxalifətə müharibədən sonra qan uddurması və dünyanın sükutu - Prezident Əliyevin sualı dünyanın sualıdlr…

img

Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı Ermənistan siyasi elitası ilə bağlı maraqlı  və sərt fikirlər səsləndirib: “Paşinyan heç kimdir. İndi onun dərdi, azarı hakimiyyətdə qalmaqdır. Buna görə də bütün müxalifəti tutdurur. Qərb də susur buna, susur, ağzına su alıb”.

Dövlət başçısı bildirib: "Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandırlar bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. Paşinyan heç kimdir. İndi onun dərdi, azarı hakimiyyətdə qalmaqdır. Buna görə də bütün müxalifəti tutdurur. Qərb də susur buna, susur, ağzına su alıb. Görmür ki, nələr baş verir orada?! Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib!"

Əslində Prezidentin Qərb dairələrinə Paşinyanla bağlı ünvanaldığı sual yalnız bizi yox, bütün dünyanı düşündürməlidir. Nəyə görə həmin dairələr Paşinyanın ölkədə həyata keçirdiyi repressiyalara göz yumur?

“Deməli bu qənaətə gəlirik ki, Qərb üçün əsas götürülən dəyərlər nisbi anlam daşıyır”

  • “Deməli bu qənaətə gəlirik ki, Qərb üçün əsas götürülən dəyərlər nisbi anlam daşıyır”

Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, biz Qərbin ikili standartları ilə yalnız indi üzləşmirik:

“Əslində burada təəccüblü nəsə yoxdur. Yəni biz bu qərəzli mövqeni onlardan gözləyirdik. Bizim başımıza gələn bu oyunların başında elə həmin dairələr durur. Dağlıq Qarabağ probleminin anatomiyasına fikir verin. Bu gün bizim əldə etdiyimiz  nailiyyətə onlar Ermənistanın üzərinə edilən bir təpki ilə  nail ola bilərdilər. Onların aparıcı ölkələrindən təşkil olunan  təsisatlar isə işğalçı ilə işğala məruz qalanın məsuliyyətlərini eyniləşdirən bəynatlarla çıxış edirdilər. Status-kvonun dəyişməz olduğunu bildirirdilər. Azərbaycan sübut etdi ki, bu problemi qısa müddət ərzində həll etmək mümkündür. İnsan haqları və demokratiya ilə bağlı məsələyə də eyni prizmadan yanaşıblar. Bizdə hansısa bir fəal gedib cinayət edib həbsə düşən kimi, Qərb institutları bəyanat verir ki, siyasi təqib var. Səsləri-küyləri aləmi bürüyür. Baxın görün Ermənistanda nələr yaşanır. Adını demokrat qoyan Paşinyan açıq repressiya aparır, ancaq kiminsə səsi çıxmır. Bunu ona görə edirlər ki, Paşinyan həmin dairələrin hakimiyyətə gətirdiyi marionetdir. Onun hakimiyyətdə qalmasını istəyirlər ki, istədiklərini həmin adama etdirə bilsinlər. Deməli bu qənaətə gəlirik ki, Qərb üçün əsas götürülən dəyərlər nisbi anlam daşıyır. Onlar üçün ən ümdə məsələ öz şəxsi mənfəətləridir. Fransa kimi ölkə sülhün əldə olunmasından narahatdır. İmkan vermir ki, proses tamamlansın. Demokratiyanın çarçısı sayılan ölkə kimi o, münaqişənin daha da qızışmasını istəyirsə, burada hansı ədalətdən danışmaq olar? Bütün bu addımlar Qərbə olan münasibəti kökündən dəyişmiş olur”.

Müsahibimizin sözlərinə görə, bacardığımız qədər həmin dairələrin ikiüzlülüyünü ifşa etməlik.

Məhəmmədəli QƏRİBLİ

 

 

Son xəbərlər