Azərbaycan Ordusunun unikal Ağdam əməliyyatı - Prezident əməliyyatın hələ çox kiçik hissəsini açdı…

img

Prezident İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı çıxışında bildirib ki, müharibənin bütün sirlərini açmaq, hələ ki, tezdir: “ Vaxt gələcək, çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı. Biz Ağdamı onsuz da alacaqdıq”.

Dövlət başçısı deyib ki, amma itkilər olacaqdı, özü də böyük sayda: "Ona görə Şuşanı və noyabrın 9-da 70-dən çox kəndimizi azad edəndən sonra düşmənin beli qırıldı, təslim oldu, ağ bayraq qaldırdı, mənim şərtlərimə əməl etdi və öz məğlubiyyətini etiraf etdi. Mən bir daha qeyd etmək istəyirəm ki, ağdamlılar bu günü uzun illər ərzində - 30 ilə yaxın idi gözləyirdilər. Eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı da gözləyirdilər. Mən bilirəm və hiss edirəm ki, bizim şəhərlərimiz, rayonlarımız, kəndlərimiz işğaldan azad olunduqca ağdamlılar da fikirləşirdilər ki, nə vaxt onların kəndləri, Ağdam şəhəri azad olunacaq. Cəbrayıl azad olundu, Füzuli azad olundu, Hadrut azad olundu, Zəngilan, Qubadlı, Suqovuşan, Şuşa azad olundu və yəqin ki, ağdamlılar fikirləşirdilər ki, nə üçün Ağdam azad olunmur? İndi mən bunu deyə bilərəm. Mən istəyirdim bunu hansısa formada ağdamlılara çatdırım, amma onlar da başa düşürlər ki, müharibə dövründə bunu edə bilməzdim. Burada beş müdafiə xətti var. Düşmən bizi buradan gözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək. Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yerə getməsin. Füzulini, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı azad edəndən sonra, təbii ki, biz artıq Ağdam şəhərinə istiqamət götürmüşdük və əmr verilmişdi ki, növbəti istiqamət Ağdamdır. Düşmən də bilir və artıq etiraf edir ki, əgər onlar torpaqlarımızın azad edilməsi ilə bağlı mənim şərtlərimi qəbul etməsəydilər, burada məhv olacaqdılar. Çünki biz Ağdama gəlirdik".

Göründüyü kimi, Prezident Ağdam əməliyyatının unikallığından danışıb. Hərbi-taktiki anlamda bu əməliyyatı necə qiymətləndirmək olar?

  • “Hərbdə belə bir deyim var: əgər sən düşmənin nə düşündüyünü bilirsənsə, onun yerinə hərəkət edə bilərsən”

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant  İbrahim Rüstəmli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  Azərbaycan antiterror əməliyyatlarına yeni bir strategiya və taktika ilə başladı: “Bu strategiyanın əsasında, təbiidir ki, məxfilik dayanırdı. Azərbaycan bu amili xüsusi olaraq önə çəkdi.   Hərbdə belə bir deyim var : əgər sən düşmənin nə düşündüyünü bilirsənsə, onun yerinə hərəkət edə bilərsən. Əməliyyatların son dərəcədə məxfi fazada planlaşdırılması və eyni qaydada tətbiq olunması Azərbaycanın qələbəsini şərtləndirdi.

İkinci əsas cəhət Azərbaycan Prezidentinin Ordumuzun dostu olmasıdır. O hər zaman belə olub, bu gün də həmin missiyanı  çox böyük uğurla yerinə yetirir.  Prezident istəyirdi ki, biz çox az itki ilə böyük uğur qazanaq. Strategiyanın da əsasında dayanan bu məsələnin də öhdəsindən Azərbaycaq uğurla gələ bildi.

Üçüncüsü isə Ordumuzun maddi-texniki bazasının yaxşı olmasıdır. Biz ən müasir döyüş silahlarını bu müharibədə tətbiq etmək imkanına sahib olduq. Bu gün dünyanın çox inkişaf etmiş ordulara malik ölkələri Azərbaycanın apardığı hərbi əməliyyatları dərindən izləyir və öyrənir. Birinci Qarabağ savaşında ermənilərin havadarlarının köməyilə zorla ala bildiyi əraziləri biz cəmi 44 gün ərzində geri qaytardıq. Ağdamda və digər bölgələrdə biz taktiki olaraq hərəkət etdik. Onların həmin ərazilərdə güclü istehkamları vardı. 30 ildir ki, evləri söküb özlərinə istehkamlar qurublar. Bu cür silahlanmış düşməni 44 gün ərzində məhv etmək çox böyük hərbi uğurdur. Ağdamda onların müdafiə xətti çox güclü idi. Demək olar ki, 5 xətdən ibarət müdafiə sistemləri vardı. Bir sözlə, bizim qələbəmizi şərtləndirən amil yalnız müasir silahlar olmayıb, həm də düzgün taktiki və starteji addımlarımız olub”.

Müsahibimizin sözlərinə görə, məhz bu səbəbdən də biz erməniləri diz çökdürə bildik.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər