Azərbaycanın hərbi gücünü qatı ermənipərəst beynəlxalq ekspertlər də birmənalı etiraf edirlər

Adətən ermənilər Azərbaycan Ordusunun uğurunu onun-bunun ayağına yazmaq istəyirlər. İddia edirdilər ki, Suriyadan gələn yaraqlılar bizə kömək edirlər. Daha sonra Türkiyədən gələn hərbçilərin onlarla vuruşduqlarını uydurmağa başladılar. Ancaq onların bu uydurmalarının heç biri öz təsdiqini tapmadı. 44 günlük müharibədə Azərbaycan Ordusu tarix yazaraq torpaqları işğaldan azad etdi.
Bu arada “Lazerev klubu”nun üzvü, bir nömrəli ermənipərəst rus hərbi ekspert Vladimir Yevseyev “Sputnik Armenia”ya müsahibəsində Azərbaycan Ordusunun peşəkarlıq qabiliyyətini və üstünlüyünü açıq şəkildə bəyan edib. Onun sözlərinə görə, Ermənistanda səfərbərliyin olmaması və Azərbaycan tərəfinin say baxımından üstünlüyü ordumuzun Qarabağdakı müharibədə uğur qazanmasını təmin edib: “Başlanğıcda Ermənistan və Azərbaycan arasındakı qüvvələr nisbəti kadr baxımından təxminən birə üç idi. Özüyeriyən toplarda çox ciddi üstünlük var idi. Erməni tərəfi əsasən yedək topları ilə təchiz edilmişdi. Üstəlik, həm də müasir tanklarda, eləcə də zirehli piyada maşınlarında Azərbaycanın ciddi üstünlüyü var idi. Bu üstünlük sayəsində Azərbaycan əhəmiyyətli bir hücum potensialı yaratmağı bacardı. Qarabağda ermənilərin qurduqları güclü müdafiə xətti ilə belə bir gücə müqavimət göstərmək mümkün deyildi. Ən əsası, Azərbaycan əsgər heyətlə hücum etməyə başladıqda, erməni tərəfi də şəxsi heyət yerləşdirməli idi, ancaq səfərbər olunmadı”.
Göründüyü kimi, zaman-zaman ermənilərin tərəfini saxlayan hərbi ekspert belə, Azərbaycan Ordusunun gücünü etiraf edir.
- “Bunu nə ermənilər təsəvvür edirdilər, nə də onların havadarları”
Sözügedən məsələni dəyərləndirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, Yevseyevin ordumuzun gücünü etiraf etməkdən başqa çıxış yolu yox idi: “Çünki o nə qədər ermənipərəst olsa da, elə şeylər var ki, onları danmaq mümkün deyil. Ordumuz gücünü elə göstərdi ki, bunu ən qatı ermənipərəst ekspertlər belə qəbul edirlər. Baxmayaraq ki, Yevseyev hələ bir sıra məsələlərin üstündən keçib. Məsələ ondadır ki, Azərbaycan Ordusu təkcə say baxımından üstünlüyünə görə qalib gəlməyib. Ordumuz olduqca yüksək döyüş qabiliyyəti, peşəkarlığı sayəsində düşməni darmadağın etdi. Ordumuzda olan yüksək motivasiya, ruh yüksəkliyi bu məsələdə mühüm rol oynayıb. Məsələ ondadır ki, Silahlı Qüvvələrimiz illərlə ermənilərin möhkəmləndirdiyi müdafiə səddini yararaq qarşı tərəfə güclü zərbələr endirdi. Bunu nə ermənilər təsəvvür edirdilər, nə də onların havadarları. Onlar elə bilirdilər ki, ordumuz 90-cı illərin ordusudur. Hansı ki, ötən illər ərzində ordumuz komplektləşdirildi. Çoxsaylı təlim keçirildi. Orduda hərbi işi bilən peşəkar kadrların sayı artdı. Bütün bunlar Prezident İlham Əliyevin orduya göstərdiyi hərtərəfli qayğı sayəsində mümkün oldu. Nəticədə 44 gün ərzində ordumuz erməni işğalçılarını darmadağın etdi”.
Hərbi ekspert onu da qeyd etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur.
Vidadi ORDAHALLI