Ermənilərin minalama siyasətinin müharibə cinayəti olduğunu beynəlxalq missiya üzvləri öz üzərlərində gördülər...

Tərlan Eyvazov: “Rusiyalı sülhməramlı zabitin ermənilərin basdırdıqları minanın partlaması nəticəsində yaralanması...”

img

Bildiyimiz kimi, Ermənistanın terrorçu silahlı birləşmələri Qarabağı, eləcə də tərk etdikləri digər ərazilərimizi kütləvi şəkildə minalayıblar. Ermənilərin Qarabağı minalamasından artıq bölgədəki sülhməramlıların da ziyan çəkdiyi məlumdur.

Belə ki, Rusiyanın sülhməramlı zabiti Qarabağda meyitləri axtararkən mina partlaması nəticəsində yaralanıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənilərin Qarabağda basdırdıqları minalardan sülhməramlılar da ziyan görməyə başlayır. Bu fakt dünyaya necə bir mesajdır?

  • “...Ermənistan heç bir hərbi qüvvə saxlamaq səlahiyyətində olmamalıdır”

Tanınmış hərbi ekspert Tərlan Eyvazov “Bakı-Xəbər”ə bildirdi ki, hadisə zamanı atəş açılsaydı, məsələyə başqa cür yanaşmaq olardı. “Məsələ burasındadır ki, Ermənistan tərəfin özünün də nümayəndələrinin iştirak etdiyi yerdə belə mina partlayışı baş verib. Bu bir daha onu göstərir ki, ermənilərin Rusiyanın vasitəçiliyilə çəkilib getdiyi Azərbaycan ərazilərində belə “sürpriz”lərlə qarşılaşırıq. Yəni ermənilər gedərkən evləri yandırmaqla, ağacları kəsib meşələrə od vurmaqla, fauna və floraya qarşı ziyan törətməklə yanaşı, ərazilərimizi də minalayırlar. İnformasiya verildi ki, Ağdam şəhərinə gedib çıxmaq üçün əvvəlcədən hərbçilərimiz orada işləyib və iki gün ərzində orada 150-dən çox mina aşkarlayıblar. Hələ bu, yol ərazisində və sair olanlardır. Bizim hektarlarla ərazilərimiz var ki, oradan ağılasığmaz dərəcədə çox mina çıxarılır. Ümumiyyətlə, dünya hərbində belə bir qayda var ki, sülh şəraiti yaranırsa, tərəflər razılığa gəlirlərsə, minaların basdırıldığı ərazilərin xəritələrini verməlidirlər. Amma Ermənistan nəinki bu xəritəni verdi, hətta əvvəl qurduqları istehkamların ətrafını əlavə olaraq da  minalayıblar ki, bizə ziyan vursunlar. Ermənilər ən müxtəlif yerləri, su mənbələrini, evləri, qəbiristanlıqları minalayıblar. Çünki bilirlər ki, biz müsəlman olaraq əzizlərimizin illərdir ziyarət etmədiyimiz məzarlarını ziyarət etmək üçün məzarlıqlara gedəcəyik. Bu təxribatçılıq, ziyankarlıq ermənilərin xarakteridir. Gördüyünüz kimi, ermənilərin minaladığı sahələrdən birində baş verən partlayış nəticəsində Rusiya sülhməramlılarının zabiti də yaralandı. Fikrimcə, bu, sonuncu fakt olmayacaq. Bu da onu göstərir ki, Ermənistan tərəfi heç bir beynəlxalq qayda-qanuna, normativ aktlara, özlərinin qol çəkdikləri beynəlxalq müqavilələrə əməl etmir. Rusiyalı sülhməramlı zabitin də ermənilərin basdırdıqları minanın partlaması nəticəsində yaralanması faktının özü də göstərir ki, Ermənistan terrorçudur, onun törətdikləri bəşəriyyət, insanlıq əleyhinə cinayətdir. Beynəlxalq təşkilatlar, qurumlar bundan sonra Ermənistanın üzərinə belə bir tələb qoymalıdırlar ki, Ermənistan heç bir hərbi qüvvə saxlamaq səlahiyyətində olmamalıdır. Beynəlxalq aidiyyəti təşkilatlar tərəfindən Ermənistana hərbi qüvvə saxlamaq, ümumiyyətlə, qadağan edilməlidir. Tarixdə müəyyən dövlətlərə qarşı belə faktlar olub”.

T.Eyvazov onu da vurğuladı ki, Ermənistan əlində olan həddən çox silahdan hələ də istifadə etməkdədir.

İradə SARIYEVA

Son xəbərlər