Ermənistanın hərbi cinayətlərinin miqyasını göstərən daha bir fakt - minaların təmizlənməsinə BMT də qoşulur

Rasim İsgəndərov: “BMT və digər qurumlar bu işə cəlb edildikdən sonra qısa müddətdə bu təhlükəni aradan qaldırmaq mümkün olacaq”

img

BMT Ərazilərin Minalardan Təmizlənməsi Xidməti (ƏMTX) dekabr ayının əvvəllərində təcili olaraq xüsusi bir missiyanın yerləşdirilməsi üçün Dağlıq Qarabağda lazımi yardımı qiymətləndirməyə başlamağı planlaşdırır. Bu barədə BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentinin rəsmi nümayəndəsi məlumat verib.

 

BMT rəsmisi qeyd edib ki, ƏMTX təmsil etdiyi qurumun digər ofisləri və yerlərdəki ölkə təmsilçiləri ilə koordinasiya edilərək, bir missiyanın Dağlıq Qarabağda təcili yerləşdirilməsi üzərində işləyir: “Çox güman ki, lazımi yardımın qiymətləndirilməsi dekabrın əvvəlində başlayacaq”.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə başlanıb. Rusiya Federasiyası Silahlı Qüvvələrinin istehkamçıları Dağlıq Qarabağda Rusiya sülhməramlılarının nəzarət zonasına daxil olan ərazinin minalardan təmizlənməsinə başlayıblar.

  • “Hazırda minaların təmizlənməsilə bağlı müasir texnologiyalar mövcuddur və yəqin ki, Azərbaycana bu qurğular gətiriləcək”

Qarabağın minalardan təmizlənməsinə BMT-nin yardım etməsinə münasibət bildirən hərbi ekspert Rasim İsgəndərov qeyd etdi ki, minalanmış ərazilər xüsusi proqram üzrə təmizlənəcək. Bu proqrama beynəlxalq təcrübəyə malik qurumlar cəlb ediləcək: "Hazırkı durumda hər kəs ehtiyatlı olmalıdır. Yoxlanılmamış, bilinməyən ərazilərə getmək olmaz".

Həmsöhbətimizin sözlərinə görə, hazırda minaların təmizlənməsilə bağlı müasir texnologiyalar mövcuddur və yəqin ki, Azərbaycana bu qurğular gətiriləcək: “Artıq bu istiqamətdə müəyyən işlər görülür. BMT xüsusi təşkilatı Qarabağda minalanmış əraziləri təmizləmək həmin bölgəyə yollanacaq. Onu da əlavə edim ki, cənab Prezident ərazilərin minalardan təmizlənməsi məsələsinə xaricdən peşəkar mütəxəssislərin dəvət ediləcəyini də deyib. Çünki bu, bizim daxili imkanlarımızın qısa müddətdə öhdəsindən gələ biləcəyi bir iş deyil. İndi elmin minaların təmizlənməsilə bağlı müasir uğurları var. Yəqin ki, Azərbaycana yeni texnologiyalar gətiriləcək. Bu yeni, xüsusilə İsrail istehsalı olan texnologiyalar minaların təmizlənməsi üçün Azərbaycana gətirilsə, proses qısa müddətdə, təxminən 3-4 il ərzində tamamilə başa çatar. Çünki həqiqətən də İsrail istehsalı olan texnologiyalar hesabına ərazilərin kompakt şəkildə minalardan təmizlənməsi çox sürətlə və etibarlı şəkildə həyata keçirilir. Artıq bu gün onların Azərbaycana gətirilməsi mümkündür. BMT və digər qurumlar bu işə cəlb edildikdən sonra qısa müddətdə bu təhlükəni aradan qaldırmaq mümkün olacaq. Minaların bir qismini də canavarlar, dovşanlar, tülkülər partladacaq. Amma klassik formada çox çətin olacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər