Qarabağ münaqişə bölgəsində Türkiyənin atəşkəsə müstəqil nəzarət məntəqələri - prosesdə yeni istiqamət...

img

Türkiyə öz sülhməramlı qüvvələri ilə Dağlıq Qarabağda müstəqil hərbi müşahidə məntəqəsini yaratmağa qərar verib. Dünya mediasının verdiyi məlumata görə, Türkiyə bu mövzuda Moskva ilə danışıqlar aparır. Bildirilir ki, Ankara Dağlıq Qarabağda öz müstəqil müşahidə məntəqəsini yaratmaqda israr edir:

“Rusiya hesab edir ki, Türkiyənin bölgədə birgə mərkəzdən asılı olmayan müşahidə məntəqəsi yaratmasına ehtiyac yoxdur. Ancaq Türkiyə üçün bu bir prinsip məsələsidir”.

Xatırladaq ki, noyabrın 11-də Rusiya ilə Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq bir monitorinq mərkəzinin yaradılması barədə memorandum imzalayıb. Bu mərkəz Azərbaycanda fəaliyyət göstərəcək. Rusiya sülhməramlıları bölgədə artıq 23 müşahidə məntəqəsi yaradıblar.

Türkiyənin atəşkəsə müstəqil nəzarət məntəqələrinin yaratmasının nə kimi əhəmiyyəti olacaq?

  • “Bununla  Rusiyanın sülhməramlı missiyasının fəaliyyəti də balanslaşmış olacaq”

Politoloq  Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi  ki,  Türkiyənin bu təşəbbüsünün çox böyük əhəmiyyəti var: “1918-ci ildəki  qısa dönəmi çıxsaq, Türkiyə təqribən 300 ildən sonra Qafqaza gəldi. Bu çox önəmlidir. Türkiyə Cənubi Qafqaza dolayısı ilə Rusiyanın dəvətilə gəlir. Sovet rus rəhbərlərinin etmədiyini bu gün Putin edir. Düzdür, Putin bunu könüllü etmir. Azərbaycan üçün də çox önəmlidir ki, Türkiyə prosesdə yer alır. Əldə olunan razılaşmaya, qeyri-rəsmi olsa da, 2+2 formulunu verirlər. Türkiyənin  atəşkəsə müstəqil nəzarət  məntəqələrini yaratması Azərbaycan üçün böyük önəm kəsb edir. Bu, eyni zamanda,   Rusiyaya bir nəzarət forması olacaq. Məsələ burasındadır ki, Türkiyə hazırda rus sülhməramlılarının xidmət etdiyi nöqtələrdə də öz müşahidə postlarını qurmaq istəyir, lakin Rusiya buna razı deyil. Məhz buna görədir ki, bir neçə gündür Ankaradakı Rusiya-Türkiyə danışıqları belə uzanır. Görürsünüz ki, bu haqda heç rəsmi məlumat da verilmir. Bundan belə qənaətə gəlmək olar ki, danışıqlarda gərginlik var. Müstəqil müşahidəçilərlə bağlı qərarı Türkiyə Rusiyaya təzyiq vasitəsi kimi ortaya atıb. Deyir ki, Rusiya onun sülhməramlı kontingentdə yer almasını istəmirsə, o, müstəqil fəaliyyət göstərəcək. Yəni Dağlıq Qarabağın harasında istəsə, orda da fəaliyyətini quracaq. Mən, başda Şuşa olmaqla, Türkiyə əsgərlərinin bütün Qarabağda fəaliyyət göstərməsini istəyirəm. Bununla Rusiyanın sülhməramlı missiyasının fəaliyyəti də balanslaşmış olacaq. Buna icazə verilməsə, Azərbaycan bu addımı imzalanan bəyannamənin şərtlərinin pozulması kimi qiymətləndirməlidir. Xankəndi, Xocalı, Xocavənddə də bizim bayrağımız dalğalanmalıdır. Quldur Araikin hələ də orada özünü rəhbər kimi təqdim etməsi ciddi narahatlıq yaradır. İlkin etapda Türkiyənin müstəqil nəzarət məntəqələrinin yaratmasına hansısa maneçilik ola bilməz”.

Müsahibimizin sözlərinə görə, sonrakı mərhələdə Türkiyənin sülhməramlı kontingetin tərkibində də fəaliyyətinə çalışmalıyıq.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər