Keçmiş amerikalı həmsədr Bratkenin 10 noyabr Qarabağ razılaşmasına münasibəti kəskin etirazlar doğurdu - "hərbi həll yolu yoxdur" nə demək...

Ramil Hüseynov: “Prezidentin ortaya qoyduğu siyasi iradə, ordumuzun zəfəri onların bütün planlarını yerlə bir etdi”

img

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri (2010-2012-ci illər) Robert Bratke “Amerikanın səsi” radiosuna müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik səyləri və Birləşmiş Ştatların fəaliyyəti haqda danışıb.

Müsahibəsində Bratke deyir ki, guya münaqişənin hərbi həll yolu yoxdur: “Yerdə hərbi vəziyyət dəyişmiş ola bilər, amma regiona hər səfərimiz zamanı biz bu barədə danışırdıq və Ermənistan və Azərbaycan liderləri ilə görüşmək üçün Minsk Qrupunun həmsədrləri ilə birlikdə bölgəyə etdiyim 30-dan çox səfər zamanı biz deyirdik ki, problemin fundamental aspekti budur. Münaqişənin hərbi həlli yoxdur və mən bunu bu gün bir daha deyirəm. Azərbaycan bu dövrdə hərbi uğura nail olursa, ermənilər getməyəcəklər, onlar unutmaq fikrində deyillər. Onlar deməyəcəklər ki, bitdi, biz hökumətdə təsirimizin olmasına heç vaxt çalışmayacağıq. Onlar gözləyəcək, güclərini artıracaq, onlar bir imkan gözləyəcəklər. Və dediyim kimi, bu münaqişə hərbi yolla həll olunmayacaq. Bir tərəfdə bir hadisə olacaq. Qarşı tərəf zərər alacaq. Amma bu, problemi həll etməyəcək. Bununla problem həll edilə bilməz. Şuşada yaşayan insanlar, Ağdamda yaşayan insanlar sülh yolu ilə nizamlanma olmayana qədər geri qayıdıb təhlükəsiz və firavan yaşaya bilməyəcəklər. Hərbi güclə dəyişdirilən vəziyyət yalnız hərbi gücdən yenidən istifadə edilməsi üçün zəmin hazırlayacaq”.

Göründüyü kimi, keçmiş həmsədr bütün diplomatik etiket qaydalarını pozaraq Ermənistana revanş yolu göstərir. Bununla, əslində, qarşı tərəfi qızışdıraraq, bir növ, növbəti müharibəyə təhrik edir. Belə rəy yaradır ki, cəbhə xəttində yaranan indiki konfiqurasiyanı Ermənistan gələcəkdə hərbi yolla dəyişmək hüququna malikdir. Onun yanaşması ancaq belə bir mənzərə yaradır. Hansı ki, onun sözügedən fikirləri çox zərərlidir. Bütün ABŞ administrasiyası, Allah eləməsin, belə düşünsə, nə baş verər?

  • “Görünür, Qafan konyakının dadı Bratkenin damağından hələ getməyib”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Ramil Hüseynovun fikrincə, Bratke çox böyük səhv edir: “Münaqişənin hərb yolu ilə həlli yoxdur nağıllarına artıq Azərbaycanda heç kəs inanmır. Bratke uzun illər diplomatik fəaliyyətlə məşğul olub. Münaqişənin hərbi yolla həlli mümkün deyildisə, o zaman niyə həmsədrlər Bişkek protokolundan üzü bəri problemi həll edə bilmədilər? Məsələ ondadır ki, 26 ildən çox müddətdə mənasız danışıqlar gedirdi, amma ortada heç bir nəticə yox idi. Yaxşı, tutaq ki, münaqişənin hərb yolu ilə həlli yox idi, o zaman bəs nəyə görə həmsədr ölkə olan ABŞ bir dəfə də olsun Ermənistana yönəlik sanksiya təşəbbüsü ilə çıxış etmədi? Məgər işğalçı tərəfə siyasi təzyiq etmək imkanı da yox idi? Bratke bilmirdi ki, Dağlıq Qarabağ və ətraf 7 rayon beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir? Çox yaxşı bilirdi. Sadəcə, Ermənistanın təcavüzkarlığını görməzdən gəlirdilər. Ermənistana təzyiq etmək istəmirdilər. Düşünürdülər ki, zaman ermənilərin xeyrinə işləyir. Yəni proses nə qədər dondurulmuş vəziyyətdə qalsa, bu bir o qədər Azərbaycanın ziyanına işləyəcək. Ancaq Prezident İlham Əliyevin ortaya qoyduğu siyasi iradə, ordumuzun zəfəri onların bütün planlarını yerlə bir etdi. Elə şəxsən Bratke özü də bunu gözləmirdi. Ona görə indiki vəziyyətdən çox pərişandır. Onlar öyrəşmişdilər ki, hər dəfə bölgəyə nəticəsiz səfərlər etsinlər və müftə erməni konyakından dadsınlar. Görünür, Qafan konyakının dadı Bratkenin damağından hələ getməyib. Bəziləri fikirləşirlər ki, Bayden administrasiyası işə başlayandan sonra vəziyyət ermənilərin xeyrinə dəyişəcək. Hesab edirəm ki, bunların heç bir əsası yoxdur”.

Siyasi ekspertin fikrincə, Azərbaycan doğru olanı etdi.

Vidadi ORDAHALLI

Son xəbərlər