Dünya mediası ermənilərin Füzulidəki vandallıq aktlarını xüsusi fəallıqla yayımladı... Dünya rəyi sürətlə dəyişir…

Dünyanın müxtəlif ölkələrinin media resursları Qarabağ uğrunda savaşa, baş verən proseslərə geniş yer ayırır, hadisələri diqqətdə saxlayırlar. Noyabrın 18-də bir qrup yerli və xarici jurnalist Ermənistanın işğalından azad olunmuş Füzuli şəhərinə səfər edib.
Jurnalistlər Füzuli şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olublar. Onlar Füzuli şəhərində ermənilərin 27 il ərzində törətdikləri vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər. Jurnalistlərə məlumat verilib ki, ermənilər Füzulidə yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdıblar.
Noyabrın 20-də İtaliyanın nüfuzlu və çoxsaylı oxucu kütləsinə malik “la Repubblica” qəzetinin veb səhifəsində həmin qəzetin Azərbaycana ezam olunmuş müxbiri Pietro del Renin hazırladığı “Müharibədən sonra Azərbaycana səfər: dağılmış kəndlər və partlamamış bombalar arasında” adlı videoreportajı yayımlanıb.
Videoreportajı Füzuli rayonu ərazisinə Ermənistan ordusu tərəfindən döyüş əməliyyatları zamanı atılan qadağan olunmuş fosforlu bombanın zərərsizləşdirilməsi kadrları ilə başlayan jurnalist Azərbaycan Ordusu tərəfindən azad olunmuş ərazilərə səfər edərkən kilometrlərlə uzanan dağıntılarla dolu dəhşətli bir mənzərənin şahidi olduğunu bildirir.
Reportajda ermənilərin yaşadıqları evləri azərbaycanlılara verməmək üçün yandıraraq tərk etdiklərini bildirən jurnalist bu addımın torpaqları tərk edən ermənilər tərəfindən Azərbaycana qarşı nifrət əlaməti kimi dəyərləndirildiyini vurğulayır.
- “Dünya mediası erməni vandalizmini, barbarlığını, terrorunu öz gözləri ilə görür, onlar indi anlayırlar ki…”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, ermənilər Qarabağı işğalda saxladıqları müddət ərzində xarici medianı ora buraxmırdılar: “İşğalçı ölkə ərazilərimizi işğalda saxladığı uzun illər ərzində xarici medianı ona görə həmin ərazilərə buraxmırdı ki, jurnalistlər onların törətdikləri vəhşilikləri, infrastrukturu, tarixi abidələri dağıtdıqlarını görüb dünya ictimaiyyətinə yaymasınlar. Həmin torpaqlar müzəffər ordumuz tərəfindən işğaldan azad olunduğu üçün torpaqlarımızın indi hansı vəziyyətdə olduğunu bütün dünya görməlidir. Dünya mediası erməni vandalizmini, barbarlığını, terrorunu öz gözləri ilə görür, onlar indi anlayırlar ki, niyə bu illər ərzində Ermənistan dünya mediasını Qarabağa buraxmayıb”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, artıq bütün dünya ermənilərin necə vəhşi və barbar millət olduğunu anlayır. Xarici medianın müşahidələri və onların yayımladıqları faktlar Ermənistanın Qarabağı dağıdaraq xarabalığa çevirməsini bütün dünyaya göstərir və bununla bağlı lazımi effekt verəcək.
Günel CƏLİLOVA