Putinin "Qarabağ və ətraf rayonlar Azərbaycanın əraziləridi" bəyanatının Azərbaycan və bölgə üçün strateji önəmi…

img

Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" telekanalının efirində Dağlıq Qarabağ ərazisinin hansı ölkəyə məxsusluğu məsələsini şərh edib. Kreml rəhbəri Qarabağın Azərbaycana məxsus olduğunu bildirib:

"Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımadı. Bu o deməkdir ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ və ətrafındakı rayonlar Azərbaycan Respublikası ərazisinin ayrılmaz hissəsidir". O vurğulayıb ki, bu halda KTMT-yə üzvlük şərtləri Rusiya üzərinə münaqişəyə qarışmaq öhdəliyi qoymayıb.

Putinin sözlərinə görə, rəsmi Moskva İrəvanla hərbi-texniki əməkdaşlıq çərçivəsində öz öhdəliklərini tamamilə yerinə yetirib: "Sizi inandırıram, Ermənistan özünü atılmış, unudulmuş hiss etmirdi. Və Rusiya hər şeyi etdi ki, bu olmasın".

Göründüyü kimi, Putin açıq mətnlə bildirib ki, heç Ermənistanın özü Dağlıq Qarabağın müstəqilliyini tanımayıbsa, bu  həmin ərazi  və ətraf 7 rayonun da  Azərbaycan ərazisi olduğunu şərtləndirir. Bu bəyanatının Azərbaycan və bölgə üçün hansı strateji önəmi var?

  • “Bəyanatın Azərbaycan və bölgə üçün strateji önəmi  çoxdur və bu bizə ərazi bütövlüyümüzü tam təmin etməyə əsas verir”

 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyanın hadisələrə belə obyektiv mövqedən yanaşması çox sevindirici haldır:  “ Putin bu bəyanatı ilə aydın şəkildə bildirir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, Rusiyanın öz konkret mövqeyini açıq şəkildə ortaya qoyması kimi dəyərləndirilməlidir. Bəyanatda bir məqam var. Putin deyir ki, hətta Ermənistan belə tanımadı. Kim tanısa belə, dünya həmin torpaqları Azərbaycanın ərazisi kimi tanıyır və Rusiya bu mövqedən çıxış etməlidir. Rusiya bundan sonra da bizimlə, Türkiyə ilə münasibətlərini məhz bu müstəvidə qurmalıdır. Bəyanatın Azərbaycan və bölgə üçün strateji önəmi çoxdur və bu bizə ərazi bütövlüyümüzü tam təmin etməyə əsas verir. İmzalanmış üçtərəfli bəyanata görə, Azərbaycan öz ərazilərinə qayıdır və haqqını bərpa edir. Bura Xankəndi, Əsgəran, Xocalı, Ağdərə də daxildir. Bu cür mövqe həm də beynəlxalq təşkilatlarda nəzərə alınır. Çünki Rusiya superdövlətdir.  Məhz bu cür mövqeyə əsaslanaraq, Azərbaycan  öz  ərazi bütövlüyünü tam təmin edəcək. Bütün dövlətlərin öz marağı var. Dövlətləri dost və düşmən mövqeyə ayırmağın tərəfdarı deyiləm. Türkiyə istisnadır. Jirinovski də müsahibəsində dedi ki, Türkiyə ilə Azərbaycanın münasibəti Serbiya ilə Rusiyanın münasibətinə bənzəyir.  Rusiya və başqa ölkələrlə maraqlarımızı uzlaşdırmağı bacarmalıyıq. İndiki məqamda görünən budur ki, Rusiya regiondakı siyasətini ciddi şəkildə dəyişir. Xüsusilə də regiondakı müttəfiqləri ilə məsələlərə yenidən baxır.  Bura Azərbaycanı xüsusi olaraq aid etməliyik. Hərbi əməliyyatların gedişi zamanı da biz gördük ki, Rusiya özünü maksimum neytral aparmağı bacardı. Bu da bizim  uğurlarımıza maneçilik törətməyən amilə çevrildi”.

Müsahibimizin sözlərinə görə, istənilən ölkə ilə münasibətlərimizi detallı şəkildə qoruyub saxlamağı bacarmalıyıq: “Biz, demək olar ki, işin böyük hissəsini görmüşük. Bəzi detalları da yerinə yetirəcəyik”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər