Məlum olduğu kimi, BMT İnsan Haqları Şurasının Xüsusi Prosedur Mexanizminin bəyanatı dərc olunub. Ancaq təəssüflər olsun ki, sözügedən bəyanat qərəzli xarakterlidir. Bəyanatda Ermənistanın hərbi cinayətləri yer almayıb.
Ən gözlənilməzi isə Ermənistanın torpaqlarımızı qanunsuz işğal etməsi faktının bu bəyanatda əksini tapmamasıdır. Burada Ermənistan saxta “beynəlxalq terrorizmə qarşı mübarizə aparan qurban ölkə” kimi təqdim olunur. BMT İnsan Haqları Şurasının Xüsusi Prosedur Mexanizminin bəyanatında Ermənistanın xaricdən gətirdiyi döyüşçülərdən istifadə etməsi haqqında fikirlər yer alsa da, bu fakt kifayət qədər əsaslı və ətraflı göstərilməyib. Əvəzinə bəyanatda Ermənistanın Suriya Milli Ordusuna mənsub olan videogörüntüləri saxtalaşdıraraq təqdim etdiyi görüntülər sübut kimi qələmə verilib. BMT İnsan Haqları Şurasının Xüsusi Prosedur Mexanizminin bəyanatında mülki şəxslərə hücumlardan bəhs edilsə də, bunun Ermənistan tərəfindən törədilmədiyi kimi təqdim olunub. Həmin sənətdə Ermənistanın qadağan olunmuş raketlərlə Azərbaycandakı mülki yaşayış məntəqələrinə dəfələrlə hücumu və “Human Rights Watch” və “Amnesty International” tərəfindən də qeydə alınmış digər hərbi cinayətləri ümumiyyətlə yer almayıb.
O baxımdan sözügedən qərəzli bəyanatı ekspertlər necə dəyərləndirirlər?
“Azərbaycanla bağlı həqiqətləri gizlətməkdə məqsəd odur ki, işğalçı Ermənistan cəzalandırılmasın”
Məsələyə münasibət bildirən “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri, hüquqşünas Şəmsəddin Əliyevin sözlərinə görə, bəyanatın belə qərəzli olması sırf siyasi motivlərlə bağlıdır: “Baxmayaraq ki, Ermənistanın törətdiyi cinayətlərlə bağlı ortada təkzibolunmaz faktlar var. Sadəcə, ikili standartlardan çıxış edərək faktları görmək istəmirlər. Bəyanatda maksimum çalışıblar ki, Ermənistanın cinayətlərini ört-basdır etsinlər. Azərbaycanla bağlı həqiqətləri gizlətməkdə məqsəd odur ki, işğalçı Ermənistan cəzalandırılmasın. Bu həm də ondan irəli gəlir ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi uzun illərdir icraya yönəlmir. Nətəcədə Ermənistanın havadarları və bütün dünya ictimaiyyəti gördü ki, Azərbaycana qarşı siyasi, diplomatik müstəvidə ikili standartlar var. Hesab edirəm ki, problemin kökündə bu dayanır. Məgər BMT görmədi ki, 44 gün ərzində mülki insanlar necə qətlə yetirildi, Ermənistan necə açıq formada muzdlu terrorçulardan istifadə etdi? Çox yaxşı gördülər, sadəcə, Ermənistanı qorumaqdan ötrü beynəlxalq hüquqa tüpürdülər. Bax, budur reallıq. İstəmirlər ki, Azərbaycan güclənsin. Ona görə də bütün bunların kökündə siyasi motivlər dayanır”.
Hüquqşünas onu da bildirdi ki, BMT-nin timsalında bundan sonra da ədalətsiz yanaşmalar gözləniləndir.
Vidadi ORDAHALLI