2020-ci ilin noyabr ayının 15-də Bişkek şəhərinin “Şeraton” otelində “Azərbaycanın qırğız dostları klubu” nun təsis konfransı keçirildi.
Tədbirdə Qırğız Respublikası Prezidenti Aparatının rəsmiləri, Joqorku Keneşin (Parlamentin) deputatları, digər yüksək vəzifəli şəxslər, ziyalılar, KİV rəhbərləri və əməkdaşları iştirak edib.
Mərasim şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Sonra Konfrans Azərbaycan təbiətinin və mədəniyyətinin bütün gözəlliklərini, misilsiz tarixini, uğurlu və dinamik inkişafını nümayiş etdirən film nümayiş edilib.
Ardınca bu klubun yaradılmasının təşəbbüskarı olan QR-nın eks xarici işlər naziri, “Ç.Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyinin prezidenti Askar Aytmatov konfrans iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinə göstərdiyi dəstək üçün dərin minnətdarlığını bildirib, Çingiz Aytmatovun kitabları qardaş Azərbaycanda çox oxunduğundan və sevildiyindən, Azərbaycan xalqı onu öz yazıçısı kimi qəbul etdiyindən məmnunluq ifadə edib. Azərbaycanın inkişaf edən dövlət qurmaq istiqamətində qazandığı uğurlara, dünya miqyasında malik olduğu nüfuza sevindiyini bildirən natiq qeyd edib ki, xarici işlər naziri olaraq və ictimai fəaliyyətə başladıqdan sonra iki ölkə arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün hər cür səy göstərib. Bu gün Qırğızstanla Azərbaycan arasında münasibətlər, demək olar ki, bütün istiqamətlərdə tədricən inkişaf edir. Əməkdaşlığı dərinləşdirmək üçün perspektivlər var. Ermənistan təcavüzündən danışan A.Aytmatov bildirib ki, Qarabağ bütün Azərbaycan xalqı üçün sağalmayan bir yara idi. Rəhbəri olduğu ictimai birliyinin münaqişə ilə bağlı Azərbaycan Respublikası Prezidentinə dəstək məktubunu yazdığını vurğulayan natiqin sözlərinə görə, indi bu münaqişəyə son qoyuldu. Klubun yaradılması ilə Dağlıq Qarabağdakı vəziyyətin həllinin eyni vaxta düşdüyünü diqqətə çatdıran A.Aytmatov deyib ki, klubun məqsədi ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafına, Azərbaycan və Qırğızstan xalqları arasında dostluq və qarşılıqlı anlaşmanın xalq diplomatiyası vasitəsi ilə dərinləşdirilməsinə kömək etməkdir və onun fəaliyyətini dəstəkləməyə hazır olan hər kəs üçün açıqdır.
Səfir Hidayət Orucov bildirib ki, ölkələrimizi və xalqlarımızı etnik və tarixi əlaqələr birləşdirir, ortaq dil, mədəniyyət, ənənələr və adətlər sıx əməkdaşlıq üçün böyük imkanlar yaradır. Ölkələrimiz arasında münasibətlərin dərinləşməsi və genişləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin prioritet istiqamətidir.
Qırğız Respublikası Prezidentinin Joqorku Keneşində (Parlamentdə) səlahiyyətli nümayəndəsi Kurmanbek Dıykanbayev, Qırğızstan Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov, QR prezidentliyinə namizədlər Arslanbek Maliyev və Toktayım Umetaliyeva,"Antiterror-Alfa" Qeyri-Hökumət Təşkilatının sədri, Qırğız Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsi sədrinin sabiq birinci müavinigeneral-mayor Artur Medetbekov,“Assol moda evi”ni qurucusu, jurnalist Assol Moldokmatova, iqtisadiyyat elmləri doktoru Qiyas Xəlilov, Qırğızstanın əməkdar həkimi Akif Alaferdov və başqaları çıxış edərək, çağdaş Azərbaycanın tərəqqisindən, qitələrarası layihələrin həyata keçirilməsində iştrakından, dünya birliyində yerindən və müqeyindən söz açıblar. Qeyd ediblər ki, son illər ərzində həm Bişkekdə, həm Bakıda çoxlu mühüm tədbirlər keçirilib, Azərbaycanın Qırğızıstanda və bu ölkənin isə Azərbaycanda daha yaxından tanıdılması üçün müvafiq işlər aparılıb. Onlar iki ölkə arasında əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinin aktiv fəaliyyətini yüksək qiymətləndiriblər.
Askar Aytmatov“Azərbaycanın qırğız dostları klubu” nun prezidenti, Qiyas Xəlilov və Kayrat Osmonaliyev isə prezidentin müavinləri seçilib.
Təsis konfransının sonunda iştirakçılar qətnamə qəbul ediblər.
Baki-xeber.com