Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanata əsasən, Ermənistanın silahlı birləşmələri konkret qrafik üzrə Azərbaycan ərazilərini tərk edir. Məlum olduğu kimi, artıq Azərbaycanın Kəlbəcər rayonundan ermənilərin üzü İrəvana köçü başlayıb. Öz geneitik xasiyyətinə “sadiq qalan” ermənilər Azərbaycan torpaqlarını tərk edərkən saysız vəhşilik, vandalizm aktı törədiblər.
Tarixən Kəlbəcərdə, Ağdamda və digər bölgələrimizdə ermənilərin yaşamadığı faktdır. Amma 28-30 illik işğal dövründə Ermənistan hökuməti və qondarma “DQR” “rəhbərliyi” tərəfindən Ermənistandan və müxtəlif xarici ölkələrdən gətirilən ermənilər ərazilərimizdə qanunsuz yerləşdiriliblər. İndi həmin ermənilər onlara aid olmayan torpaqlarımızdan köçürlər. Ermənilər həm işğal dövründə abidələrimizə qarşı kütləvi saxtakarlıq aktları həyata keçirərək onların böyük bir hissəsini saxtalaşdırıblar, saxtalaşdırmağa gücləri çatmayan abidələrimizi isə vandalcasına söküb dağıdıblar. Bu gün də eyni vandalizm aktlarını təkrar edirlər. Düşmən işğaldan azad edilmiş ərazilərimizdən köçərkən evləri, məktəbləri, digər obyektləri yandırır, eyni zamanda da ağacları kəsir. Həmçinin də meşə təsərrüfatına qarşı sui-qəsdlər həyata keçirir, meşələrimizə od vurub yandırırlar.
Bu azmış kimi, qəbirüstü abidələrimizi də söküb dağıdırlar. Ermənilərin uzun illər işğal altında saxladıqları ərazilərimizdə qanunsuz arxeoloji qazıntılar apardıqları məlumdur. Onlar həm işğal dövründə, həm də indi qanunsuz həyata keçirdikləri arxeoloji qazıntılar nəticəsində aşkarladıqları maddi mədəniyyət nümunələrini, eksponatlarını Ermənistana daşıyırlar.
Erməni talançılığı – hədəfdə arxeoloji abidələrimiz...
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev brifinqdə deyib ki, Ağdamdakı arxeoloji qazıntılar nəticəsində aşkarlanan əşyalar Ermənistana aparılır. “Ermənistan tərəfi son dövrlərdə də ərazilərimizin işğaldan azad edilməsi çərçivəsində ətraf mühitlə yanaşı, maddi mədəniyyət abidələrinə ziyan vurur”.
H.Hacıyev bildirib ki, Azərbaycanın işğal edilmiş Ağdam rayonu yaxınlığında onların “Tiqranakert” adlandırdıqları zonada qanunsuz arxeoloji qazıntılar aparıblar. Bu arxeoloji qazıntılar nəticəsində Azərbaycan xalqına aid olan mədəniyyət irsinin tərkib hissəsi olan əşyalar da qablaşdırılaraq, Ermənistana aparılması ilə bağlı faktlar var: “Bu, erməni mediasında da öz təsbitini tapıb. Bütün bunlar beynəlxalq konvensiyaların tələblərinin çox ciddi şəkildə pozulmasıdır. Azərbaycan hər zaman maddi mədəniyyət irsinin qorunmasına həssaslıq göstərib. Təəssüflər olsun ki, Azərbaycanın işğal edilmiş ərazilərində maddi-mədəni irsi dağıdan, talan edən məhz Ermənistan olub”.
“Ermənistan tərəfinin bu əməlləri beynəlxalq hüquqa ziddir”
Qeyd edək ki, hazırda işğaldan azad edilən ərazilərin boşaldılması ilə əlaqədar Ermənistan tərəfindən Azərbaycan Respublikasının Ağdam rayonunda illərdir aparılan qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət nümunələrinin Ermənistana daşınması faktı aşkarlanıb.
Bu barədə isə baki-xeber.com-un məlumatına görə, Mədəniyyət Nazirliyindən mətbuata bildirilib: “UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasını və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasına əsasən, Ermənistan tərəfinin bu əməlləri beynəlxalq hüquqa ziddir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Ermənistanın törətdiyi bu vandalizm əməllərini qəti pisləyir. Ermənistanın uzun illərdir davam etdirdiyi bu əməlləri beynəlxalq hüquqi məsuliyyət yaradır.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu məsələləri ciddi nəzarətdə saxladığını bildirir və Ermənistan tərəfinin qanunsuz fəaliyyətləri barədə beynəlxalq təşkilatların mütəmadi olaraq məlumatlandırılacağı və bu kimi mənimsəmə faktlarının qarşısının alınması üçün zəruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcəyini diqqətə çatdırır. Beynəlxalq təşkilatlar, xüsusilə UNESCO tərəfindən bu faktlara hüquqi qiymət verilməsi tələb olunur.
Mədəniyyət Nazirliyi bir daha bəyan edir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri daxilində büttün maddi-mədəni nümunələr Azərbaycan dövlətinin mülkiyyətidir və mənşəyindən asılı olmayaraq, onların ən yüksək səviyyədə qorunması təmin ediləcək”, - deyə nazirlikdən bildirilib.
“...qanunsuz arxeoloji qazıntılarda tapdıqları materialları isə İrəvana aparıblar”
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev bizimlə söhbətində bildirdi ki, 30 ilə yaxın Ermənistanın işğalçı silahlı birləşmələrinin işğalı altında olan Azərbaycan torpaqlarında düşmən yalnız qanunsuz məskunlaşdırma siyasəti həyata keçirməyib, həm də maddi-mədəni irsimizi dağıtmaqla, özününküləşdirməklə məşğul olub. Alim qeyd etdi ki, ermənilər işğal altında saxladıqları ərazilərimizdə qanunsuz qazıntı işləri də aparmaqdan çəkinməyib və əldə etdikləri bütün materialları Ermənistana aparıblar. “Ermənilər Dağlıq Qarabağı işğal etdikdən sonra həyata keçirdikləri işğala siyasi don geydirmək, “elmi əsas” yaratmaq üçün Azıxda və bizim digər qədim yaşayış məskənlərində, abidələrimizdə qanunsuz arxeoloji qazıntılar aparıblar. Bilirik ki, ermənilərin bu qanunsuz hərəkətləri 1954-cü ildə qəbul edilən Haaqa Konvensiyasına ziddir. Bu konvensiyada qeyd olunur ki, işğal olunmuş ərazilərdə hər hansı bir maddi mədəniyyət abidəsində tədqiqat, qazıntı aparmaq həm qadağandır, həm də hərbi cinayət səviyyəsində dəyərləndirilir. Amma buna baxmayaraq, ermənilər bu ərazilərdə “qədim xalq” olduqlarını “sübut etmək”, özlərinə bir “elmi əsas” yaratmaq üçün bu cinayətlə əl atıblar. Apardıqları qanunsuz arxeoloji qazıntılarla və tədqiqatlarla da dünyaya deyirdilər ki, guya Azərbaycan alimləri, arxeoloqları burada tədqiqat və arxeoloji qazıntılar aparmayıblar, “biz onu indi öyrənirik. Ermənilər bu qanunsuz arxeoloji qazıntıları təkbaşına həyata keçirməyiblər, erməni lobbisinin dəstəyilə bəzi ölkələrdən muzdlu arxeoloqları da bu cinayətlərə cəlb ediblər. Onların məqsədi bu olub ki, xarici ölkələrin arxeoloqlarını bu işə qoşmaqla öz qanunsuz tədqiqatlarını bir az da möhkəmlətsinlər və təbliğ etsinlər. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində o qədər qanunsuzluq, cinayət həyata keçiriblər ki, saymaqla qurtarmaz. Onların Şahbulaqda apardıqları qanunsuz arxeoloji qazıntılar da böyük cinayətdir. Ermənilər əsassız olaraq, heç bir tarixi fakta söykənmədən iddia edirdilər ki, guya eradan əvvəl, I əsrdə Tiqranın dövründə “dörd dənə Tiqranakert şəhəri” salınıb. O “şəhərlərdən” üçü bu regionlarda deyil, fiziki cəhətdən “bizim əlimiz onlara çatmır, Türkiyə, Suriya ərazilərindəkiləri öyrənə bilmirik, amma Qarabağı tutub buradakı abidələrə sahib çıxmışıq və burada bir Tiqranakert tapmışıq”. Ümumiyyətlə, “Tiqranakert” iddiasının özünün ortaya atılması cəfəngiyyatdır, bunun heç bir əsası yoxdur, bu, çoxsaylı erməni cinayətindən biridir. Onların “Tiqranakert” iddiasını ortaya atmaqla məqsədləri dünya ermənilərindən maliyyə qopararaq bu qanunsuz qazıntılara yönəltmək idi. Onlar həm vəsait cəlb etmək, həm xarici turistləri bura gətirmək üçün belə məkrli yol seçmişdilər. Ermənilər Şahbulaq qalasının yaxınlığında qanunsuz qazıntı işləri apararaq “Tiqranakert” axtardılar, heç nə tapmadılar. Həmin ərazidə qanunsuz qazıntılar aparmaqla böyük bir sahəni dağıtdılar. “Tiqranakert”i tapa bilməyən ermənilər Pənahəli xanın tikdirdiyi Şahbulaq qalasının birinci mərtəbəsində qanunsuz olaraq muzey yaratdılar və orada onlara aid olmayan eksponatlar sərgilədilər. Hətta dünyaya da car çəkdilər ki, burada “erkən xristian dövrünə aid bir muzey var”, bunu turizm marşrutuna da saldılar. Həmin Şahbulaq qalasının qarşındakı müsəlman qəbiristanlığını da vandalcasına dağıdıblar. Ağdamda və başqa ərazilərimizdə apardıqları qanunsuz arxeoloji qazıntılarda tapdıqları materialları isə İrəvana aparıblar”.
“…bu gün də dağıdırlar, saxtalaşdırırlar və söküb aparırlar”
T.Əliyev qeyd etdi ki, ermənilər Azərbaycanın maddi-mədəni irsini dağıdıb, tarimar ediblər, işğal altında olan torpaqlarımızda ermənilərin apardıqları qanunsuz arxeoloji tədqiqat işləri, onların dağıtdığı maddi-mədəni irsimizin vəziyyəti isə bizi ciddi narahat edirdi. “Bu bizə həm də mənəvi cəhətdən çox ağır zərbə idi. Bu bizi ciddi narahat edirdi. Şükürlər olsun ki, Ali Baş Komandanımızın rəhbərliyilə müzəffər ordumuz tərəfindən torpaqlarımız işğaldan azad edidi, ərazi bütövlüyümüz bərpa olundu. 44 günlük döyüş nəticəsində torpaqlarımız işğaldan azad edildi. Çox fəxr edirəm ki, torpaqlarımızı düşmən işğalından döyüşərək azad etmişik. Bizim hər yerdə başımız dikdir. O ki, qaldı gələcəkdə görülməli olan işlərə, arxeoloqların və digər bu sahə ilə əlaqəsi olan mütəxəssislərimizin qarşısında çox çətin və məsuliyyətli bir vəzifə durur. Ermənilər Azərbaycanın maddi-mədəni irsini dağıdıb, onları tarimar ediblər, qədim abidələrimizdə qanunsuz arxeoloji tədqiqatlar aparıblar, bu bizə böyük zərər vurub. Biz yenidən o abidələrin vəziyyətini öyrənməliyik. Bu gün bizə yüksək səviyyəli gənc mütəxəssislər yetişdirmək lazımdır. Biz həmin abidələrimizin monitorinqini keçirməliyik, onlara dəyən zərərləri, onların necə xilas olunmasını müəyyən etməliyik. Bizim alimlərimizi böyük və ağır iş gözləyir. Təsəvvür edin ki, ermənilər işğal dövründə bütün maddi-mədəni irsimizə qarşı dünyada analoqu olmayan cinayət aktları törədiblər. Bu gün də onlar bu cinayətləri davam etdirir və köç zamanı da vandalizm hərəkətlərini davam etdirərək qalan abidələrimizə qarşı da sui-qəsdlər edirlər. Ermənilər abidələrimizi dağıdıblar, bu gün də dağıdırlar, saxtalaşdırırlar və söküb aparırlar. Bu abidələri söküb Ermənistana aparırlar ki, sonra onlardan öz saxta təbliğatları üçün beynəlxalq aləmdə istifadə etsinlər. Amma hesab edirəm ki, buna nail ola bilməyəcəklər, çünki o abidələrin onlara aid olmadığını sübut edən saysız fakt, əsaslarımız var” - deyə T.Əliyev vurğuladı.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.