Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı bəyanata əsasən, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək boşaltmalı idi. Amma Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirilmiş insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəyib.
Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə, Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, bu müddəti noyabrın 25-dək uzadıb.
Ancaq hər kəsə bəllidir ki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı erməni hərbi birləşmələri əhaliyə rayonu tərk etmələri üçün cəmi 10 saat vaxt vermişdi, buna baxmayaraq, Azərbaycan humanistlik göstərərək, daha 10 gün gözləməyə razılaşıb.
Azərbaycan tərəfi bu qərarı qəbul edərkən Kəlbəcər rayonunun coğrafi baxımdan böyük bir ərazini əhatə etməsini, relyefin mürəkkəbliyini, hava şəraitinin ağırlaşmasını və rayondan çıxış üçün cəmi bir yolun olduğunu nəzərə alıb. Həmçinin, nəzərə alınıb ki, Ermənistanın işğal etdiyi Ağdam rayonu ərazisindəki qoşunları da Qarabağdan çıxmaq üçün Kəlbəcər yolundan istifadə etməyə məcburdur. Kəlbəcəri Ermənistanla birləşdirən yolun texniki imkanları insanların kütləvi hərəkətinə imkan vermədiyindən, tıxaclar, ləngimələr müşahidə olunur.
Qərarın qəbulu bir daha sübut edir ki, Kəlbəcərin təhvili üçün Ermənistana əlavə 10 gün vaxt verməsi Azərbaycanın humanizminin daha bir sübutudur. Bu addım həm də Azərbaycanın kifayət qədər pozitiv olan imicini daha da gücləndirir. Bunun əksinə olaraq, ermənilərin Kəlbəcərdə törətdikləri vandallıqlar isə yenə də sərhəd tanımır.
“Azərbaycanın əlavə 10 gün vaxt verməsi həm Rusiyanın vasitəçiliyinə hörmətdir, həm də özünün kifayət qədər pozitiv olan imicini daha da gücləndirir”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, Azərbaycan da, hər zamankı kimi, humanizm nümayiş etdirərək güzəştə gedib: “Azərbaycanın əlavə 10 gün vaxt verməsi həm Rusiyanın vasitəçiliyinə hörmətdir, həm də özünün kifayət qədər pozitiv olan imicini daha da gücləndirir. Kəlbəcərin boşaldılması üçün Azərbaycanın 10 gün artıq vaxt verməsi bizim nə qədər alicənab olmağımızdan irəli gəlir. Azərbaycan öz davranışları ilə həmişə Ermənistandan nə qədər üstün olduğunu nümayiş etdirib. Azərbaycan xalqı həmişə yüksək mədəniyyətə malik olduğunu göstərib. İllər əvvəl azərbaycanlılar Kəlbəcərdən qovulanda yaşayış məntəqələrinə heç bir ziyan vurmadan oranı tərk ediblər. Bu gün isə ermənilərin vandallığı sərhəd tanımır. Həmçinin, o vaxt soydaşlarımız şiddətli şəkildə atəşə də məruz qalırdılar”.
Həmsöhbətimiz onu da vurğuladı ki, ermənilər əraziləri tərk edərkən vəhşilik etməkdən çəkinmirlər: “Ermənilər Kəlbəcəri işğal edəndə də, onu tərk edəndə də həmin yerləri dağıdırlar. 1993-cü ildə Kəlbəcərin əsl sakinləri dağları, meşələri, keçilməz yolları ayaqyalın qət edərək canlarını erməni silahlılarından güclə qurtardılar. Yüzlərlə kəlbəcərli qırğına məruz qaldı, cəsədləri belə təhqir edildi. Çoxlu sayda insan girov və ya itkin düşdü. Kəlbəcərlilər özləri ilə heç nə götürə bilmədilər, sakinlərin bütün əmlakı ermənilər tərəfindən qarət olundu.
Bu gün isə Azərbaycan humanist xarakterini bir daha nümayiş etdirərək, ermənilərə Kəlbəcəri tam boşaltmağa, hər şeylərini aparmağa imkan yaradır, yetər ki, tarixi, gözəl təbiətə malik torpaqlarımızı qaytarsınlar”.
Günel CƏLİLOVA