“Türkiyə Böyük Millət Məclisi (TBMM) nəzdində Ermənistanın Azərbaycana hücumları ilə ortaya çıxan pozuntuların araşdırılması məqsədilə komissiya yaradılıb və Azərbaycanla bağlı işlərə başlamışıq”. Bu sözləri Gəncədə səfərdə olan TBMM-nin İnsan hüquqları komitəsinin sədri Hakan Çavuşoğlu deyib.
O bildirib ki, komissiya TBMM nəzdində qanunla yaradılmış tək komissiyadır. Komissiyanın Türkiyədə və onun xaricində beynəlxalq arenada ortaya çıxan insan hüquqları ilə bağlı pozuntuları araşdırmaq, təsbit etmək, hesabatlar hazırlamaq və bunu beynəlxalq forumlarda təqdim etmək kimi vəzifəsi var: “Azərbaycandakı bu gördüyümüz işlər buradakı pozuntuların araşdırılması, təhlil edilməsi və hesabat hazırlanması ilə bağlıdır. Həm 1949-cu ildə imzalanan Cenevrə Konvensiyasına əlavə olaraq imzalanan protokollar və başqa müqavilələr əsasında bir beynəlxalq toqquşma müddətində dövlətlər istifadə edəcəkləri üsul və silahlar baxımından sərhədsiz seçim haqqına sahib deyillər”.
Komitə sədri hərbi gərəkliliklərlə insani mülahizələr arasında bir balans olmasının vacib olduğunu da deyib: “Döyüşlər Qarabağ bölgəsindəki işğal altındakı ərazilərdə olub və Azərbaycan sərhədləri çərçivəsində toqquşmalar baş verib. Ancaq böyük təhlükəsizlik çərçivəsində mülki vətəndaşların yaşadıqları ərazilərə Ermənistan ərazisindən çoxlu raket, mərmi atılıb, hücumlar olub. Cenevrə Konvensiyasının protokollarına görə, hər hansı döyüş zamanı bir dövlətin döyüşlər kənarında mülki vətəndaşlara mərmi atması cinayətdir. Bu baxımdan, Ermənistanın hərbi obyektlər olmayan mülki vətəndaşların yaşadığı yerə - Gəncə, Bərdə, Tərtər və sair ərazilərə hücumu müharibə cinayətidir. Burada uşaq, gənclər, qocalar və hətta erməni əsilli insanların həlak olduğunu hamımız bilirik”.
Məlum olduğu kimi, döyüşlər zamanı Ermənistan heç bir beynəlxalq konvensiyalara əməl etməyərək, mülki obyektləri amansızcasına hədəfə alıb. Hansı ki, bir sıra mülki obyektlər cəbhə xəttindən xeyli uzaqda yerləşir. Ermənilərin mülki insanlara qarşı törətdikləri bu cinayətlərin ifşa edilməsi baxımından TBMM nəzdində yaradılan komissiyanın əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
“Araşdırmaların aparılması sayəsində Ermənistana qarşı müəyyən sanksiyaların qəbul olunmasına...”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, Ermənistanın mülki insanlara qarşı törətdiyi cinayətlərin daha geniş müstəvidə ifşa edilməsi baxımından sözügedən komissiyanın yaradılmasını müsbət dəyərləndirir: “İllərdir ermənilər maskalanıb özlərini yazıq, zülmə məruz qalan xalq kimi təqdim etmək istəyirlər. Ancaq ötən dövr, zaman göstərdi ki, vəhşilik edən, terrorçuluqla məşğul olan elə ermənilərin özləridir. Bunu 44 günlük müharibə bir daha sübut etdi. Belə ki, döyüşlər zamanı Ermənistan Cenevrə Konvensiyasını heçə sayaraq mülki obyektləri atəşə tutdu. Nəticədə 100-ə yaxın mülki şəxs qətlə yetirildi. Xeyli sayda insan yaralandı. Ona görə də sözügedən faktların toplanmasında, onların beynəlxalq ictimaiyyətə təqdim olunmasında Azərbaycanla yanaşı, digər dövlətlər də yaxından iştirak etməlidirlər. İxtisaslaşmış beynəlxalq qurumlar bu prosesdə fəal iştirak etməlidirlər. Ermənistan beynəlxalq hüquq çərçivəsində mülki insanlara qarşı törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır. Çünki Cenevrə Konvensiyasına məhəl qoymayaraq istənilən cinayəti törədiblər. TBMM-nin bu işdə fəal iştirak etməsinin əhəmiyyətini yüksək dəyərləndirirəm. Ona görə ki, Türkiyə böyük dövlətdir. Sözügedən araşdırmaların aparılması sayəsində Ermənistana qarşı müəyyən sanksiyaların qəbul olunmasına nail olmaq mümkündür. Azərbaycan Baş Prokurorluğu da bununla bağlı materiallar toplayır. Hesab edirəm ki, bu işlər ardıcıl şəkildə həyata keçirilməlidir”.
Partiya sədri onu da qeyd etdi ki, ermənilər apara bilmədikləri heyvanların başını kəsirlər. Görün, bunlar necə vəhşi toplumdurlar.
Vidadi ORDAHALLI