Qarabağ müharibəsində uğursuzluğa düçar olan və Azərbaycan Ordusu qarşısında darmadağın olan Ermənistan silahlı qüvvələri Kəlbəcəri tərk etməyə məcbur edilib. Ərazini tərk edən erməni əhali isə gedərkən yanğınlar törədir. Bu barədə erməni "Telegram” kanalları məlumat və videolar paylaşıblar. Qeyd olunub ki, ermənilər işğaldan azad edilmiş ərazilərdən çıxarkən evləri və meşələri yandırırlar.
Rusiyanın RBK agentliyinin Kəlbəcərdəki müxbiri Aleksandr Atasuntsev yazır ki, ermənilər gedərkən evləri və meşələri qəsdən yandırırlar, hətta məktəb binasına da od vurulub. BBC-nin reportajında isə evi yandıran erməni belə deyir: “Mən yaşamıramsa, heç kim yaşamasın”.
Bu isə onların necə vandal olduqlarının növbəti sübutudur. İşğal etdikləri torpaqlardan çıxmalı olan ermənilər ekoloji terror törədir, təbiətə ziyan vurmaqla bir daha mənfur niyyətlərini büruzə verirlər.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir neçə gün əvvəl media nümayəndələrinə açıqlamasında bildirmişdi ki, ərazini tərk edən ermənilər tərəfindən mülki obyektlər yandırılır: “Bu proses çərçivəsində onlar ətraf mühitə və obyektlərə zərər vuraraq oradan çıxırlar. Bu ekoloji terror əməllərinin də qarşısı alınmalıdır. Maddi mədəniyy abidələrinə də zərər vurulur. Ağdam rayonunda da qanunsuz arxeoloji qazıntılar aparırlar. Qazıntılar nəticəsində əldə olunmuş əşyaların Ermənistana aparılması ilə də bağlı faktlar var. Bu, beynəlxalq konvensiyaların pozulmasıdır”.
Qarabağı tərk edən ermənilər ekoloji terror törətməkdən belə çəkinmirlər.
“Ermənilər onlara aid olmayan evləri yandırırlar, bizim tarixi, mədəni abidələrimizi məhv edirlər, meşələrimizə ziyan vururlar”
Millət vəkili Naqif Həmzəyev bildirdi ki, Kəlbəcəri tərk edən ermənilər evləri və təbiəti yandırmaqla ekoloji terror törədirlər. Onlar bununla qanunvericiliyin tələbinə uyğun olaraq cavab verməli olacaqlar.
Millət vəkilinin sözlərinə görə, razılaşmaya əsasən, Azərbaycanın şərəfli zəfərindən sonra ermənilər qrafikə uyğun şəkildə Kəlbəcər, Laçın və Ağdamı tamamilə tərk edirlər: “Kəlbəcərdən bu gün ermənilərin getməsi videolarını izləyirik. Hansı ki, onlar ümumiyyətlə ömür boyu orada yaşamayıblar. Çox təəssüf ki, ermənilər onlara aid olmayan evləri yandırırlar, bizim tarixi, mədəni abidələrimizi məhv edirlər, meşələrimizə ziyan vururlar".
Deputat bildirdi ki, son 44 gün ərzində baş verən proseslərdə dünya ictimaiyyəti ermənilərin iç üzünü daha yaxşı gördü: "Onların nəyə qadir olduqlarını anladılar. Düşünürəm ki, bizə əsas torpaq lazımdır. Şükürlər olsun ki, Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuz torpaqlarımızı azad edə bildi. Biz bu torpaqlarda daha yaxşı, daha gözəl binalar tikə biləcəyik. Dövlətimizin buna gücü yetir".
Günel CƏLİLOVA