Məlum olduğu kimi, noyabrın 14-də Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Telefon söhbəti zamanı Dağlıq Qarabağa dair üçtərəfli bəyanatda təsbit edilmiş razılaşmaların yerinə yetirilməsinin praktiki aspektləri müzakirə edilib. Bununla yanaşı, söhbət zamanı Putin Azərbaycana qaytarılan rayonlarda xristian məbədləri və monastırların qorunub saxlanılmasının və normal fəaliyyətinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir, burada bütün xalqların və bütün dinlərin nümayəndələrinin hüquq və azadlıqları tam təmin edilib. Azərbaycan ərazisində yerləşən qədim müsəlman və xristian ibadətgahları dövlət tərəfindən mühafizə olunur. Eyni zamanda, Prezident İlham Əliyev bildirib ki, üçtərəfli bəyanata müvafiq olaraq, Azərbaycana qaytarılan ərazilərdə yerləşən xristian məbədləri dövlət tərəfindən lazımi qaydada mühafizə olunacaq. Azərbaycanda yaşayan xristianlar bu məbədlərdən istifadə edə biləcəklər.
Bütövlükdə, Azərbaycanda heç vaxt dini abidələrə qarşı ayrıseçkilik və ya vandallıq olmayıb. Bütün dini abidələrə hörmətlə yanaşılıb. Xüsusən də səmavi dinlərə məxsus dini abidələr qorunub və bu gün də qorunur. O baxımdan, Putinin azad edilmiş ərazilərdə xiristian abidələrinin qorunmasını xüsusi vurğulamasına ehtiyac var idimi?
“Hər bir azərbaycanlı kilsəyə, sinaqoqa və bu kimi digər məkanlara Allahın evi kimi yanaşır”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Rusiya Prezidentinin xristian abidələrinin qorunması ilə bağlı tövsiyələr verməsinə qətiyyən ehtiyac yox idi: “Ona görə ki, Azərbaycanın necə tolerant ölkə olması danılmaz reallıqdır. Bunu Putinin özü də yaxşı bilir. Azərbaycanda kilsələr, sinaqoqlar dövlət vəsaiti hesabına təmir edilib. Ən başlıcası, hər bir azərbaycanlı kilsəyə, sinaqoqa və bu kimi digər məkanlara Allahın evi kimi yanaşır. Bu cür yanaşma əvvəl də mövcud olub, indi də bu belədir. Azərbaycan mentalitetində, bizim həyat tərzimizdə sözügedən dini məkanlara hansısa barbar münasibətdən söhbət belə gedə bilməz. Bu, bizə yox, ermənilərə xas olan xüsusiyyətdir. Təəssüflər olsun ki, Rusiya mediasında Qarabağda ermənilərin məscidləri nə hala salmasından danışılmır. Hansı ki, ermənilərin bununla bağlı törətdikləri vandallıq heç bir müqayisəyə sığmır. Yaxşı olardı ki, Rusiya Prezidenti bunlara diqqət etsin. Zəngilan və Qubadlıda məscidlərdən donuz damı kimi istifadə edilib. Başqa bir tərəfdən, sözügedən dini məkanların ermənilərə aidiyyəti yoxdur. Onlar alban məbədləridir və Azərbaycanın tarixi irsidir. Bakıda, Şirvanda və digər yerlərdə olduğu kimi, Qarabağda da bu abidələr qorunacaq. Buna Rusiya Prezidentinin zərrə qədər şübhəsi olmasın”.
Şərqşünasın fikrincə, heç bir dövlətin Azərbaycana dini abidələrin qorunması ilə bağlı xüsusi tövsiyə verməsinə ehtiyac yoxdur.
Vidadi ORDAHALLI