Məlum olduğu kimi, Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra Kəlbəcərdə yerləşdirilmiş ermənilər artıq rayonu tərk edirlər. Ermənilərin onlara aid olmayan rayondan köç prosesini dünyanın bir çox KİV-i lentə alır.
Dünyanın gözü qarşısında Kəlbəcərdə erməni vəhşiliyi baş verir, onlar əllərinə keçəni daşıyır, daşıya bilmədiklərini od vurub yandırırlar. Ermənilər mikroavtobus və yük maşınlarında daşına bilən hər bir şeyi özləri ilə aparır, apara bilmədiklərinə isə od vururlar.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış sazişə uyğun olaraq, işğalçılar ərazini tərk etməli və noyabrın 15-də Kəlbəcər rayonu Azərbaycana qaytarılmalı idi, lakin düşmən tərəfin xahişinə əsasən Azərbaycan humanistlik göstərərək, onların köçürülmə vaxtını noyabrın 25-nə qədər uzadıb, həmin tarixədək onlar tamamilə Kəlbəcəri tərk edəcəklər.
Burada diqqətçəkən məsələlərdən biri hadisə yerindən reportaj verən, burada çəkilişlər aparan xarici KİV-in, xüsusən də “Euronews” TV-nin yanlış şəkildə Kəlbəcəri “Karvaçar” olaraq təqdim etməsidir. Bu kanal, bir qayda olaraq, Kəlbəcərin adını saxtalaşdırmaqda davam edir.
Yeri gəlmişkən, bəzi Rusiya kanallarında da Kəlbəcərin adını bu cür saxta şəkildə səsləndirənlər var, hətta proqramlardan birində rus ekspertlər bu rayonun adını təhrif edənlərə sərt irad da bildiriblər ki, onun adı “Karvaçar” yox, Kəlbəcərdir.
“Euronews” televiziyasının Kəlbəcərin adını saxtalaşdırmaqda məqsədi nədir?
“Euronews”un və başqa xarici KİV-in təxribatları hər hansı bir nəticə verməyəcək”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru F.Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, “Euronews” TV-nin və eləcə də digər xarici KİV-in Kəlbəcərin adını saxtalaşdırması yolverilməzdir. F.Ələkbərlinin sözlərinə görə, bir çox halda xarici KİV bizim tarixi şəhər və rayonlarımızın adlarını qəsdən səhv təqdim edir, bununla da beynəlxalq aləmi çaşdırmaq niyyəti güdürlər. “Əlbəttə, Kəlbəcər tarixi Azərbaycan ərazisidir. Həm rayonun özünün, həm kəndlərinin, çaylarının, dağlarının adları türk mənşəlidir. Kəlbəcər sözünün etimologiyasının özünə diqqət yetirsək görərik ki, onun adı türk mənşəlidir və mənası çay üstünə qala deməkdir. Bu şəhərin adı, birmənalı olaraq, türk mənşəlidir. Bu daha çox qıpçaq türkcəsinə yaxın bir sözdür. O ki, qaldı Kəlbəcər adının saxtalaşdırılmasına, ermənilər buranı “Karvaçar” adlandırır və bununla da rayonun adını haylaşdırmağa çalışırlar. “Euronews” TV-nin də Kəlbəcərin adını “Karvaçar” kimi təqdim etməsi bu KİV-in də, digər bəzi xarici KİV kimi ermənilərin maraqlarına xidmət etdiyini göstərir. Kəlbəcər adını saxtalaşdırmaqla “Avronyus” özünün ikiüzlüyünü, ermənipərəstliyini ortaya qoyur. Bu KİV Kəlbəcərin adını məhz ermənilərin uydurduğu ifadə ilə səsləndirməklə öz mahiyyətini, tərəf tutduğunu ortaya qoyur.
Biz bilirik ki, indiyə qədər bir çox xarici mətbuat orqanı ermənipərəst mövqe tutub və Ermənistanın işğalçılıq siyasətini dəstəkləyib. Bu gün təəssüf ki, yenə də bəzi xarici KİV bu çirkin kampaniyanı davam etdirirlər. Onlar bununla Ermənistanın tərəfini tutduqlarını ortaya qoyurlar.
Lakin Kəlbəcər sözünün mənası türk dilindədir, bu rayonun qədim sakinləri də türklərdir, bura türk məskənidir, daim də belə olaraq qalacaq. “Euronews”un və başqa xarici KİV-in təxribatları hər hansı bir nəticə verməyəcək”.
F.Ələkbərlinin sözlərinə görə, Ermənistanın məğlubiyyəti, son 27-28 ildə Kəlbəcərdə qanunsuz şəkildə yerləşdirilən ermənilərin bu gün Kəlbəcərdən geriyə gəldikləri yerlərə qayıtması bəzi xarici KİV-lərin də həzm edə bilmədiyi fakdır, ona görə də onlar saxtakarlıqlarını davam etdirirlər.
Qeyd edək ki, Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.
Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.
Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcərdə “Türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Zar və başqa kəndlərin ərazisindədir. Qəbiristanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
İradə SARIYEVA