ABŞ Prezidenti Donald Tramp ilk dəfə Demokrat Co Baydenin təxminən iki həftə əvvəl keçirilən seçkilərdə “qalib gəldiyini” etiraf etsə də, səsvermə saxtalaşdırıldığı üçün məğlub olduğu barədə əsassız iddialar irəli sürməkdə də davam edib. Media qurumlarının Baydenin prezident seçildiyi və yanvarın 20-də vəzifəyə gəlməsi üçün 538 üzvlü Seçki Kollegiyasının lazımi 270 səs çoxluğunu topladığını deməsinə baxmayaraq, Respublikaçı prezident keçmiş vitse-prezidentə rəsmi şəkildə məğlub olduğunu etiraf etməkdən imtina edir. Twitter hesabında paylaşdığı şərhlərdən birində Tramp yazıb ki, Bayden seçkilər saxtalaşdırıldığı üçün qələbə qazanıb. Tramp seçki ilə əlaqədar əsassız ittihamlar irəli sürərək, səsverməni izləyən və ya müşahidə edən olmadığını deyib. O bildirib ki, səsvermə Radikal Solçu özəl Dominion şirkəti tərəfindən keçirilib. Prezident çox pis reputasiyaya malik olan bu şirkətin qələbə əldə etdiyi Texasa belə girə bilmədiyini deyib. ABŞ dövlət başçısı feyk və susqun media və digərlərini də günahlandırıb. Daha sonra Tramp seçkilərin nəticəsi ilə bağlı fikirlərinə aydınlıq gətirərək: “Bayden yalnız feyk xəbər mediasının gözündə qalib gəldi. Heç nəyi qəbul etmirəm! Qarşımızda uzun bir yol var. Bu, saxtalaşdırılımış seçkilər oldu!" yazıb.
ABŞ Prezidenti Donald Trampın Demokrat Baydenin proqnozlaşdırılan qələbəsini ləğv etmək üçün qaldırdığı məhkəmə iddiaları cümə günü nəticə verməyib. Belə ki, məhkəmələr seçkidə qanunauyğunsuzluq və saxtakarlıqla bağlı ittihamları rədd edib. Bayden isə bazar günü yeni hökumətin təşkili və Nazirlər Kabinetinə namizədlərin irəli sürülməsi mövzusunda məsləhətçiləri ilə görüşlər keçirib.
Göründüyü kimi, prezidentliyə namizəd olan iki şəxs arasında ciddi fikir ayrılığı var. Bu, yalnız seçki marafonuna aid deyil, eyni zamanda Tramp dönəmində qəbul edilən bəzi pinsipial qərarların da Baydenin ürəyincə olmadığı deyilir və yeni prezidentin həmin sənədlərə korrektələr edəcəyi gözlənilir. Bura Baydenin özünün vitse-prezident olduğu dönəmdə İranla imzaladığı nüvə sazişinin Tramp tərəfindən pozulması, Trampın Colan təpələrini İsrailin torpağı kimi tanıması və Yerusəlimi İsrailin paytaxtı kimi tanıyıb, hətta ABŞ-ın öz səfirliyini həmin şəhərə köçürməsini aid edirlər. Bütün sadalanan məsələlərlə bağlı Baydenin yeni qərarları ola bilərmi?
“İranla bağlı nüvə razılaşmasına yenidən baxıla bilər”
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ kimi ölkədə qəbul edilən qərarlar bəzən heç birinci şəxsin də iradəsindən asılı olmur: “Belə oturuşmuş dövlətçilik ənənələri olan ölkələrdə şəxsi amilə görə qərarların geri oxunması olduqca çətin prosesdir. Çünki bunun üçün həm də ABŞ dərin dövlətinin icazəsi, rəyi olmalıdır. Ancaq hesab edirəm ki, İranla bağlı nüvə razılaşmasına yenidən baxıla bilər. Çünki 6 ölkənin iştirakı ilə əldə olunan razılaşmanın müəlliflərindən biri məhz Bayden olub. Yeni prezidentin Trampın bu məsələ ilə bağlı qəbul etdiyi qərarı ləğv etməyə gücü çata bilər. Çünki ABŞ-ın daxilində buna meylli olan çoxlu qüvvələr var. Ancaq Yerusəlimdən səfirliyi yenidən Təl-Əvivə köçürmək məsələsi olduğu kimi də qalacaq. Çünki bunu etməklə Bayden ABŞ-dakı güclü yəhudi icması ilə üz-üzə gəlmiş olar ki, bu da ona sərf edən variant deyil. Colan təpələrilə bağlı məsələ kifayət qədər mübahisəlidir. Bu, beynəlxalq məhkəmədə mübahisələndirilə bilər. Həmin təpələr olduqca stratejidir. Colan təpələri Suriyanın ərazisinə aid olub, İsrail tərəfindən işğal edilib. Hazırda Suriyada dayanqlı bir hakimiyyət yoxdur. Suriya hakimiyyəti tərəfindən ciddi dirəniş olsa, bununla bağlı müzakirələr başladıla bilər. Suriyanın siyasi iradəsindən asılı olan məsələdir”.
Müsahibimiz hesab edir ki, Baydenin prezidentlik dönəmində ABŞ siyasətində ciddi kardinal dəyişikliklər baş verməyəcək.
Məhəmmədəli QƏRİBLİ