Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov keçmiş Dağlıq Qarabağdakı qondarma qurumun “rəhbəri” Arayik Arutyunyanla görüşüb. Bu görüş sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Əvvəla, sosial şəbəkə istifadəçiləri haqlı olaraq sual verirlər ki, rusiyalı general Arutuniyanı hansı statusda qəbul edib onunla görüşür? Narazılığa səbəb olan əsas məqamlardan biri isə belə bir görüşün qondarma “Arsax”ın “simvolları” olan otaqda keçirilməsilə bağlıdır. Bunun ardınca "Qondarma Dağlıq Qarabağ Respublikasının "prezident"i Arayik Arutyunyan Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi Hərbi Prokurorunun birinci müavini, polkovnik Dmitri Şuvarkinlə görüşüb. Arutyunyan “Facebook “ səhifəsində həmin görüşün fotosunu paylaşıb. Üstəlik, rus hərbi prokuror qondarma qurumun artıq əski parçasına çevrilmiş “bayrağı”nın fonunda poz verib şəkil də çəkdirib. Arutyunyan, həmçinin, Vladimir Putinin fərmanına uyğun olaraq Xankəndidə İdarələrarası Humanitar Mübarizə Mərkəzinin yaradılmasını alqışlayıb.
Rusiyanın sülhməramlı missiya yerinə yetirən generallarının bu cür davranışları nə dərəcədə onların mandatına uyğundur?
“Rusiya sülməramlıları orada öz funksiyalarını mandatlarına uyğun şəkildə aparmalıdırlar”
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə məqamlar doğrudan da haqlı narazılığa səbəb olur: “Azərbaycan vətəndaşlarının bu hala etiraz etməsi təbiidir. Çünki bunu etməyə onların vətəndaş haqqı var. Əldə olunan razılaşmada qondarma qurumun statusu barədə nəsə deyilmir. Hətta Prezidentimiz belə bunu şərh edərkən heç bir statusun olmayacağını bəyan etdi. Rusiya sülməramlıları orada öz funksiyalarını mandatlarına uyğun şəkildə aparmalıdırlar. Mən hesab edirəm ki, ermənilər bu cür provokasiyaları təsadüfən etmir. Onlar, nəyin bahasına olursa-olsun, aranı qarışdırmaq istəyirlər. Bu səbəbdən də biz dekabrın 1-nə qədər gözləməliyik. Heç bir provokasiyalara uymadan prosesin sona qədər aparılmasını gözləməliyik. Həmin tarixə kimi Ermənistan işğal etdiyi üç rayonu tamamilə boşaltmalıdır. Rusiyanın özü də bir qədər statusu ilə uyğunlaşmayan davranışlar ortaya qoyur. Mən əminəm ki, biz prosesdən tam qalib çıxacağıq. Çalışmalıyıq ki, bizim odumuz və Türk ordusu həmin ərazilərdə möhkəmlənə bilsin. Ona kimi müxtəlif provokasiyaların şahidi olacağıq. Artıq Rusiya Müdafiə Nazirliyi Xankəndidə İdarələrarası Humanitar Mübarizə Mərkəzi yaratmağa başlayıb. Proses 20 noyabradək tam başa çatacaq. Gözləyək, görək bunlar nə etmək istəyir”.
Partiya sədrinin sözlərinə görə, Rusiya sülhməramlıları ermənilərin mənfurluqlarının qarşısını almalıdır: “İmkan verməməlidir ki, onlar vəhşiliklərini davam etdirsinlər. Onlar boşaltdıqları torpaqlarımızda meşələri və evləri yandırır, mümkün olan hər şeyi aparırlar. Onsuz da ermənilər işğal etdikləri torpaqları talayıb, vəhşi heyvanlar kimi dağıdıb-töküblər və bu vəhşilikləri heç kimə sirr deyil. Amma əsas odur ki, rədd olub gedirlər. Xankəndidə də bu prosesi görəcəyik. Hesab edirəm ki, onlar bu hərəkətləri ilə özlərini dünya qarşısında daha da biabır edirlər. Yaxşı olar ki, Rusiya Müdafiə Nazirliyi sülhməramlıların xidmətini ciddi nəzarətdə saxlasın və onlara nizamnaməyə uyğun fəaliyyət göstərməyi tapşırsın”.
Arayik Arutunyan hazırda Azərbaycan ərazisində axtarışa verilən şəxsdir. Onunla bağlı Azərbaycan prokurorluğu cinayət işi başlayıb. Bu şəxs açıq şəkildə bildirdi ki, Gəncəyə dinc əhailyə raketlə atəş açmaq əmrini şəxsən özü verib. Bu insan qatili ilə sülhməramlıların qondarma “simvolların” fonunda danışıq aparılması missiyanın “sülhməramlı” imicinə birbaşa zərbədir və onun özünü hörmətsiz edir.
Məhəmmədəli QƏRİBLİ