Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsinə Qarabağdakı erməni ordusunu Ermənistana çağırıb: “Bu gün cəbhə bölgəsindən onlarla videoya baxdım. Uşaqlar, haqlısınız. Yerevanda sizi gözləyirəm. Hasar dibində ulayanlarla məsələlərin birdəfəlik həlli üçün. Sizinlə qürur duyuram”. Ermənistanın müxalifətçi şərhçiləri bəyan ediblər ki, məhkəmələrdə siyasi rəqiblərinə qarşı mübarizədə uğursuzluğa düçar olduğuna görə hökumətin başçısı özünə sadiq hərbi birləşmələri Yerevana çağırıb. Qeyd edək ki, bundan əvvəl Ermənistan məhkəmələri istintaq orqanlarının müxalifət liderlərinin cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərarlarını ləğv edib. Erməni müxalifətinin fikrincə, bu, vətəndaş müharibəsinə doğru ilk addımdır.
Qeyd edək ki, Ermənistanda siyasi vəziyyət stabil deyil. Artıq Paşinyanın kabinetinin üzvü olan bir sıra yüksək vəzifəli şəxslər istefa ərizələrini yazıb vəzifələrindən gedirlər. Yaranmış vəziyyət Ermənistanın gələcəyi üçün nə vəd edir?
“Qarşıdakı dönəmdə Ermənistanı ciddi siyasi kataklizmlər gözləyir”
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, biz Ermənistanda vəziyyətin qarışmasını, hətta vətəndaş müharibəsinin olmasını belə istəyərdik: “Ancaq real situasiyanın təhlili başqa faktları üzə çıxarır. Düşünmürəm ki, Ermənistandakı proseslər vətəndaş müharibəsi müstəvisinə sirayət eləsin. Müsəlman ölkələrində etirazlar tez çoşur və belə nəticələrə səbəb ola bilir. Xristian dünyasında son anda buna imkan vermirlər. Buna, eyni zamanda, xaricdəki erməni diasporu imkan verməz. Ancaq siyasi mübarizə gərgin fazaya qədəm qoyacaq. Vəziyyətin bu şəkildə davam etməsi bizim xeyrimizədir. Faktiki olaraq, Ermənistanda Rusiya ilə Qərbin mübarizəsi gedir və bu, açıq müstəviyə qədəm qoyub. Nikol Paşinyan Qərbin adamı hesab edilir. Hazırda Rusiyanın dəstəklədiyi müxalifətin əlinə onu devirmək üçün gözəl şans düşüb. Qarabağdakı uğursuzluğu onun üzərinə yıxıb, hakimiyyətə gəlmək istəyirlər. Ancaq görünən budur ki, Paşinyan da hakimiyyətdən asanlıqla getməyi düşünmür. Açıq şəkildə müxalifəti seçim qarşısında qoyur və onlardan dolayısı ilə tələb edir ki, sazişi pozmaq üçün Rusiyanın əleyinə fikirlər səsləndirsinlər. Onlar isə bunu etmir. Çünki imzalanan sazişə qarşı çıxmaq, faktiki olaraq, Rusiyaya qarşı getmək anlamına gəlir ki, bunu da rusiyameyilli müxalifət edən deyil. Fikir verirsinizsə, Ermənistanda cərəyan edən son proseslərin fonunda Putinin yaxın dostu olan eks-prezident Köçəryanın və “Qarabağ klanını”nın digər üzvü Serj Sarkisyanın sükutu maşahidə olunur. Bu o deməkdir ki, Rusiya prosesləri bir qədər öz axarına buraxıb. Əsasən də, Ermənistanın Qarabağla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir. Həmin proses tam reallaşandan sonra Ermənistandakı siyasi gərginlik daha da artacaq və rusiyameylli qüvvələr Paşinyanın üzərinə daha ciddi hücuma keçəcəklər. Paşinyan, eyni zamanda, ABŞ-da seçilən yeni prezident Baydenin səlahiyyətlərinin icrasına başlamasını gözləyir ki, ondan istədiyi dəstəyi alsın. Bayden açıq şəkildə anti-Rusiya mövqeli siyasətçi olduğunu bəyan edir və onun Paşinyana dəstək verə biləcəyi mümkündür. Bir sözlə, deyə bilərik ki, qarşıdakı dönəmdə Ermənistanı ciddi siyasi kataklizmlər gözləyir. Paşinyanın komandasından verilən istefalar isə onu deməyə əsas verir ki, hakim partiyanın gücü çox zəifləyəcək və baş verən proseslərin fonunda onların müxalifətin qarşısında duruş gətirə bilməsi çox çətinləşəcək. Paşinyan orduda olan tərəfdarlarını yanına çağırmaqla müxalifəti qoruxudub, bir müddət duruş gətirmək istəyir. Müxalifət isə Qarabağdakı uğursuzluğu Paşinyanın ayağına yazmaq istiqamətində ciddi fəaliyyət aparır”.
Görünən budur ki, Paşinyanın özünü hakimiyyətdə saxlamaq çəhdləri çox çətinliklərlə üzləşir. Məhz bu səbəbdəndir ki, o artıq opponentlərini silahlı güclə hədələməyə başlayıb.
Məhəmmədəli QƏRİBLİ