Kəlbəcərin boşaldılma müddətinin uzadılması barədə birmənalı izah edilməyən qərarın ardınca "Rossiya 1" TV-nin "Vesti" proqramının məşhur aparıcısı Kiselyov bir məsələdə Azərbaycanı və Ermənistanı əsassız şəkildə elə bərabərləşdirdi ki, bunun qərəzdən başqa adı yoxdur. Dedi ki, Dağlıq Qarabağda Ermənistanın tərəfində xaricdən etnik ermənilər və kürdlər, Azərbaycanın tərəfində isə 2 mindən artıq xarici muzdlü döyüşürdü. Nə deyəsən belə "ədalətə"? Azərbaycana münasibətdə qərəz haradadır?
Bunu özünün Facebook sosial hesabında politoloq, “Bakı-Xəbər” Media Qrupunun rəhbəri Aydın Quliyev yazıb. A.Quliyev daha sonra yazır:
Əvvəla, Ermənistanın tərəfində etnik əcnəbi ermənilərin və kürdlərin vuruşduğu təzə kəşf deyil ki?! Bunu Paşinyan və indiki prezident Sarkisyan özləri açıq deyiblər. Muzdluların olduğunu gizlətmək üçün onları guya "vətənpərvər diaspor erməniləri" kimi qələmə verməyə çalişmışdlar. İndi Kiselyov da onlar kimi sadəcə xarici ermənilər və kürdlər ifadəsi işlədir.
İkinci, Azərbaycan yüz dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, bizim 100 minlik nizami ordumuz və böyük səfərbərlik ehtiyatımız olduğu üçün muzdlulara heç bir ehtiyacımız yoxdur. Rusiyadan və Fransadan sübutlar da istədik, Sübut verə bilmədilər. Hətta bizim Prezident dedi ki, gəlin müvafiq strukturlarımızdan ibarət birgə işçi qrup yaradaq və məsələni araşdıraq. Rusiya və Fransa yenə yaxına gəlmədilər. Təbii ki, sübut təqdim edə bilməyəcəklərini bildikləri üçün..
Həm də Kiselyov bu feyk iddianı Narışkinə - Rusiya kəşfiyyatının başçısına istinadən dedi.
İndi söz cavab verməyə borclu olan Azərbaycan XİN-ə və Kəşfiyyatımıza məxsusdur... Prezident Əliyevin məlum bəyanatının təkzibolunmaz faktlarla müdafiəsinə ehtiyac var...