Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir. Bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov deyib.
H. Mahmudov deyib ki, Azərbaycan Ordusunun nəzarətində olan ərazilər minadan təmizlənib və günü bu gün Azərbaycan Ordusu Kəlbəcərə hərəkət etməyə hazırdır: “Azərbaycan Ordusu Kəlbəcərə Göygöl və Daşkəsən istiqamətindən daxil olacaq. Kəlbəcərə daxil olacaq qüvvələrimiz ilk növbədə Azərbaycan-Ermənistan sərhədində, daha sonra rusiyalı sülhməramlılar tərəfindən yaradılan xətt üzrə Dağlıq Qarabağ istiqamətində yerləşdiriləcək”.
Onun sözlərinə görə, ermənilərin Kəlbəcərdən çıxması üçün yol çox dardır. Proses ləngiyir. Vəziyyəti diqqətlə izləyirik. Yaranmış vəziyyəti ictimaiyyətə çatdırırıq. Erməni işğalçılar bizim ərazini tərk edərkən binaları, meşələri yandırır. Bununla da iç üzünü dünyaya göstərir. Biz bu proseslərə nəzarət və monitorinq edirik.