13 noyabr 2020-ci ildə Qırğız Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Baş nazir Sadır Japarov respublikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüş keçirib.
Sadır Japarov ölkədəki 5-10 oktyabr hadisələrindən sonra ölkədə ictimai-siyasi durum, qarşıdakı seçkilər və perspiktivlər haqqında diplomatik nümayəndəliklərin rəhbərlərinə məlumat verib, fikirlərini bölüşüb.
Görüş zamanı söz yalnız Azərbaycan Respublikasının Qırğız Respublikasında səfiri Hidayət Orucova və BMT-nin Qırğızstanda rezident-koordinatoru Ozonia Ojielloya verilib.
Səfir diplomatik korpusun Qırğızıstanda baş vermiş gərgin siyasi-ictimai olaylardan çox narahat olduğunu qeyd edərək hadisələrin qısa müddətdə sakit məcraya sığmasından məmnunluğunu bildirdi, qardaş ölkənin tezliklə inkişaf və tərəqqi yoluna çıxacağına inandığını ifadə edib.
Sonra Ermənistanın Azərbaycana son terrorlarının dəhşətlərini görüş iştirakçılarının diqqətinə çatdırıb: “Bu gün diplomatik korpus adından çıxış etsəm də, Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən təcavüzə məruz qalan Azərbaycan haqqında bir neçə söz deməyə bilmərəm.
Bildiyiniz kimi, Azərbaycan bir daha Ermənistan tərəfindən terrora məruz qaldı. İşğal altındakı Azərbaycan ərazilərində məğlubiyyətlə üzləşən Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozdu. Erməni silahlı qüvvələri döyüş bölgəsindən yüzlərlə kilometr məsafədə yerləşən mülki yaşayış məntəqələrinə hücum etdi. Azərbaycanın ikinci böyük şəhəri Gəncəni, bütün insanlar yuxudaikən gecə saatlarında raket atəşinə tutdu. Ermənilərin yaşayış məntəqələrini sentyabrın 27-dən noyabrın 10-dək atəşə tutması nəticəsində 94 mülki şəxs həlak olmuş, 407 nəfər yaralanmış, 3326 yaşayış binasına, 120 çoxmərtəbəli binaya və uşaq bağçaları və məktəblər daxil olmaqla 504 mülki infrastruktur obyektinə ciddi ziyan dəymişdir.”
Məlumat verib ki, Azərbaycanın vətəndaşları Ermənistan tərəfindən törədilən ağır terror cinayətləri ilə üzbəüz qaldığı həmin günlərdə də qardaş Qırğızıstanda baş verənləri ürək ağrısı ilə müşahidə edirdi. Həmin günlərdə Azərbaycandan yüzlərlə insan, məmurlar, tanınmış ziyalı nümayəndələri və sadə vətəndaşlar Səfirliyimizə zəng edir və ölkədəki vəziyyətdən narahatlıqlarını ifadə edirdilər.
Bildirmişdir ki, ölkələrimizi və xalqlarımızı etnik və tarixi əlaqələr birləşdirir, ortaq dil, mədəniyyət, ənənələr və adətlər sıx əməkdaşlıq üçün böyük imkanlar yaradır. Ölkələrimiz arasında münasibətlərin dərinləşməsi və genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin siyasətinin prioritet istiqamətidir.
Qeyd edək ki, Səfir Hidayət Orucovun nitqi bu ölkənin kütləvi informasiya vasitələrində, eləcə də internet mediasında geniş işıqlandırılıb.