Vətən müharibəsinin gedişində Ermənistan beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan ərazisində, döyüş bölgəsindən uzaqda dinc əhali və mülki infrastruktura ziyan vurub. Buna görə Ermənistan beynəlxalq hüquqi məsuliyyətə cəlb olunacaq.
Məlumdur ki, 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə infrastruktur, evlər, inzibati və sosial binalar Ermənistan tərəfindən tamamilə dağıdılıb və meşələr məhv edilib. Xarici təcrübələrə əsasən, qeyd edə bilərik ki, əmlakı, təsərrüfatı Ermənistan silahlı qüvvələri tərəfindən məhv edilən vətəndaşlarımız beynəlxalq məhkəməyə müraciət edə bilərlər.
“30 illik işğal nəticəsində əmlakı, təsərrüfatı Ermənistan silahlı qüvvələri tərəfindən məhv edilən ölkə vətəndaşlarımızın da Avropa Məhkəməsinə müraciət etmək hüququ var”
Məsələ ilə bağlı fikir bildirən millət vəkili Vüqar Bayramov qeyd etdi ki, 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə infrastruktur, evlər, inzibati və sosial binalar Ermənistan tərəfindən tamamilə dağıdılıb və təbii sərvətlər talan edilib. Dəymiş ziyanın dəyəri milyard dollarlarla ölçülür: “Qeyd edim ki, düşmən ölkənin infrastruktura vurduğu ziyana görə dünya təcrübəsində oxşar nümunələr var. Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə kompensasiyaların ödənilməsi faktları qeydə alınıb. Körfəz müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub”.
Həmsöhbətimiz onu da vurğuladı ki, dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da beynəlxalq məhkəməyə müraciət edərək, işğalçı Ermənistan tərəfindən kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdir: “Daha məqsədəuyğun olardı ki, dəymiş ziyanın qiymətləndirilməsinə BMT ekspertləri də cəlb olunsunlar. Bu, beynəlxalq məhkəmə prosesində mövqeyimizi daha da gücləndirər. 30 illik işğal nəticəsində əmlakı, təsərrüfatı Ermənistan silahlı qüvvələri tərəfindən məhv edilən ölkə vətəndaşlarımızın da Avropa Məhkəməsinə müraciət etmək hüququ var”.
Günel CƏLİLOVA