Uzun müddət ortalıqda görünməyən Nikol Paşinyan yenidən üzə çıxıb və Ermənistan İctimai Televiziyasına müsahibə verib. O bildirib ki, əldə olunan razılaşma sənədini cırıb ata bilərlər, amma nəticələr barədə düşünmək lazımdır: “Əgər biz bunu etsək, demək, noyabrın 10-dək olan vəziyyətə, yəni müharibəyə qayıdacağıq. Anlamaq lazımdır ki, nəticələri nə olacaq".
Onun sözlərinə görə, imzalanmış sənədi sərt tənqid edən müxalifət əvvəllər bu sənəddən imtina etmək üçün heç bir təsirli üsul təklif etməyib. Bununla yanaşı, erməni baş naziri qeyd edib ki, imzalanmış bəyanat heç də torpaqların təhvil verilməsi yox, ərazilərin və insanların həyatının saxlanması barədədir: "Stepanakert müdafiəsiz qalmışdı, onun alınmasından sonra Əsgəran da, Mardakert də əldən gedəcəkdi. Nəticədə ön cəbhədə olan 20-30 min erməni əsgəri mühasirəyə düşə bilərdi. Onlara arxadan hücum edərdilər və xilas olmaları mümkün olmazdı". Onun sözlərinə görə, sazişin bağlanması ilə bağlı danışıqlar prosesi hələ ki, başlamayıb və bu proses hələ çox davam edəcək: "Siz sual verirsiniz ki, məsələ nə üçün parlamentdə, müxalifətlə və s.müzakirə olunmayıb. Bu, əslində hərbi əməliyyatların gedişinin məntiqi çərçivəsində baş verdi. Bizim bölmələrimizin dislokasiyası haqda hər bir məsələni parlamentlə, yaxud müxalifətlə müzakirə etmək olmaz ki? Elə bir an gəldi və məlum oldu ki, Ermənistan tərəfi üçün mübarizənin daha mənası yoxdur: bu, Şuşanın süqutu idi. Döyüş meydanında uğursuzluqlar yarandıqda biz qarşımıza siyasi vəzifə qoyduq ki, müharibədə dönüş yaradaq. Lakin Şuşanın süqutundan sonra biz bu vəzifənin yerinə yetirilməyəcəyini başa düşdük və qəbul etdik”.
Baş nazirin sözlərinə görə, erməni bölmələri son saniyəyə qədər bütün istiqamətlərdə gərgin döyüşərək mübarizə aparıblar:
"Şəhərin süqutundan sonra onu geri qaytarmaq üçün iki dəfə cəhd etdik. İkinci cəhddə erməni bölməsi şəhərə girə bildi. Lakin onun gücü şəhər üzərində nəzarəti geri qaytarmaq üçün kifayət deyildi. Şuşanın süqutu ətrafında çoxlu miflər var. Şuşanın itirilməsi barədə mənə məlumat verəndən sonra orada hələ də 50 döyüşçünün olduğu haqda məlumat verildi. Məlumat verən şəxslə əlaqə qurmağı xahiş etdim və sonra onun Şuşada deyil, Xankəndidə olduğu məlum oldu”.
Paşinyanın bu etirafları bir daha sübut edirmi ki, onun əldə olunan razılaşmaya əməl etməkdən başqa çarəsi qalmayıb?
Azərbyacan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyan indi reallığı etiraf etmiş olur: “Onlar bilirdilər ki, Azərbaycana qalib gələ bilməzlər. Sadəcə, ağıllarına gəlmirdi ki, Azərbaycan Ordusu Şuşaya kimi irəliləyə bilər. Artıq onların öz etiraflarından görünür ki, müharibə iki gün də davam etsəydi, Xankəndi də alınacaqdı, hətta 20 minlik erməni qoşunu mühasirədə qalmış olacaqdı. Bu öhdəlikləri üzərinə götürməklə Ermənistan özünü xilas edib. Onların bunu yerinə yetirməkdən başqa çarələri qalmayıb. Etiraf edirlər ki, bütün orduları sıradan çıxıb. Öhdəliklərə əməl etməməklə yenidən müharibə yolunu seçəcəklər? Heç bir ağılsız hakimiyyət bunu etməz. Sadəcə, erməni müxalifətinin əlinə şans düşüb ki, bu amillərlə manipulyasiya etsin. Paşinyan onlara dedi ki, təklif versinlər. Müxalifətin aparıcı hissəsi qorxusundan Rusiyaya qarşı çıxmadı. Ermənistanda bunu məğlubiyyət kimi dəyərləndirsələr də, əslində tam məhvdən xilas olublar. Belə etirafı biz başqa tanınmış erməni rəsmilərinin və eks rəsmilərin dilindən eşitmişik. Yəqin ki, yaxın zamanda erməni müxalifəti sakitləşəcək. Çünki başqa çarələri yoxdur. Artıq Kəlbəcərin tam boşaldığı bildirilir. Digər tərəfdən isə bu müqavilədə Rusiyanın imzası var və həmin ölkə qarantor rolunu oynayır. Lavrov da xəbərdarlıq etdi ki, Ermənistan hakimiyyəti məsələnin məsuliyyətini anlayıb, öhdəliklərə əməl etməlidir”.
Müsahibimizin sözlərinə görə, Paşinyan, hətta həmin razılaşmada Ermənistana xeyir olacaq iqtisadi məqamların da olduğunu vurğulayıb. Söhbət Ermənistana gedən kommunikasiya xətlərinin bərpasından gedir.
Məhəmmədəli QƏRİBLİ