Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı bəyannamə əksər parametrlərə görə bizim xeyrimizədir. Sözügedən bəyannamə Azərbaycanın gələcəkdə Ermənistana qarşı beynəlxalq hüquq müstəvisində maddi təzminat və digər iddiaların qaldırılmasına şərait yaradıb.
Yəni, bəyannamə Azərbaycanın gələcəkdə Ermənistana qarşı beynəlxalq hüquq müstəvisində maddi təzminat və digər iddiaların qaldırılmasına imkan verdi. Azərbaycan artıq bu istiqamətdə ciddi fəaliyyətə başlayıb.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, sentyabrın 27-dən indiyədək dəymiş ziyanın qiymətləndirilməsi üçün yerli qurumlarla yanaşı, beynəlxalqerli qurumlar da cəlb olunacaq: “Beynəlxalq təşkilatlar və müstəqil beynəlxalq təsisatlar da bu prosesə cəlb ediləcəklər. Prezident İlham Əliyevin sərəncamında da Xarici İşlər Nazirliyinin xəttilə bu prosesə bu qəbildən olan beynəlxalq təsisatların cəlb olunması nəzərdə tutulub. Həmçinin bu zərərin ümumi qiymətləndirilməsi və ümumi nəticəyə gəlinəcək rəqəmlər də XİN xəttilə beynəlxalq ictimaiyyətə təqdim olunacaq. Çünki bu məqamların hər biri hərbi cinayətdir”.
Bu arada ermənilər bundan bərk narahat olmağa başlayıblar. İrəvan indidən Bakının maddi təzminat davası sürdürəcəyindən bərk qorxuya düşüb. Ermənistan Hüquqşünaslar Palatasının sədri Ara Zöhrabyan İrəvanda keçirilən mitinqdə bunu bəyan edib: “Anlaşma gələcəkdə Azərbaycanın İrəvana qarşı iddialar irəli sürməsi üçün zəminlər yaradır”.
Maraqlıdır, bəs ekspertlər bu istiqamətdə görülən işlərin əhəmiyyətini necə dəyərləndirir?
“Ermənistana qarşı iddialar mükəmməl, beynəlxalq məhkəmələrin qəbul edəcəyi səviyyədə hazırlamaq lazımdır”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, dəymiş ziyanla bağlı iddiaların qaldırılması çox vacib məsələdir: “Bununla bağlı Ermənistana qarşı iddialar mükəmməl, beynəlxalq məhkəmələrin qəbul edəcəyi səviyyədə hazırlamaq lazımdır. Həm hüquqi, həm də diplomatik müstəvidə son dərəcə sistemli iş görülməlidir. Düşünürəm ki, bizim hücumedici addımlarımızdan çox şey asılı olacaq. Ermənilər işğal olunmuş ətraf 7 rayonda yaşayış məntəqələrini yer üzündən siliblər. Dağlıq Qarabağda tarixi abidələrimizi, mədəni irsimizi məhv ediblər. Ona görə də bütün bu faktlar toplanmalıdır, ətraflı qiymətləndirilmə aparılmaqla dəymiş ziyan hesablanmalıdır. Azərbaycanın bununla bağlı sübutları kifayət qədər çoxdur. Biz uzun illər işğaldan əziyyət çəkmişik. Bununla yanaşı, 44 günlük müharibə dövründə bizim yaşayış məntəqələrimizi hədəf aldılar, dinc insanları qətlə yetirdilər, çoxsaylı ev dağıdıldı. Bütün bunları biz qabarıq şəkildə irəli sürməliyik. Ermənistan Hüquqşünaslar Palatasının sədri Ara Zöhrabyan yaxşı bilir ki, Azərbaycan bunları belə qoymayacaq. Ona görə də çox narahatdılar. Bütün bunların əvəzini Ermənistan ödəməlidir”.
Politoloq onu da qeyd etdi ki, dəymiş zərərlə bağlı faktlar ortada olduğu üçün biz müəyyən müsbət nəticələr əldə edəcəyik.
Vidadi ORDAHALLI