Azərbaycan artıq öz torpaqlarını işğaldan azad edib və ölkəmizə dəyən zərərlə bağlı Ermənistana qarşı təzminat davası açılacağı məlumdur. Azərbaycan tərəf hələ təzminat davası açmamış, ermənilər qabaqdan gəlmişlik edir və ağıllarına gələn rəqəmləri gündəmə gətirirlər.
“Ermənistan üçtərəfli bəyanatı imzalamaqla təkcə ərazi itirmədi, həm də üzərinə 50 milyard dollardan çox təzminat ödəmək öhdəliyi qoyuldu”. Bu barədə Ermənistanın sabiq baş prokuroru Gevork Kostanyanın bəyanatında deyilir.
O bildirib ki, bu təzminatı gələcək nəsillər də ödəməli olacaqlar: “Biz vaxtında hüquqi cavab verə bilməsək, Nikol Paşinyanın imzaladığı biabırçı sənəd bizim üçün və gələcək nəsillərimiz üçün ciddi maliyyə problemlərinə gətirib çıxaracaq”.
Azərbaycan ekspertləri hesab edirlər ki, bu barədə son dövrlər üçün hər hansı bir təsdiqlənmiş rəsmi rəqəm yoxdur, buna görə də erməni tərəfin səsləndirdiyi rəqəm müəmmalı görünür.
“Görünür, ermənilər BMT-nin illər əvvəl Ermənistanın Azərbaycana vurduğu ziyanın dəyəri ilə bağlı açıqladığı rəqəmə...”
Tanınmış iqtisadçı-ekspert Rəşad Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, erməni tərəfi 20 il bundan əvvəl BMT-nin hesabatında əks olan rəqəmlərə istinad edir, hazırda hesablanma prosesi yenidən getməlidir, çünki işğal dövründə bizə trilyon dollarla zərər vurulub: “BMT-nin hələ ilk dövrlərdə, təxminən 1995-1996-cı illərdə ilkin qiymətləndirmələri var idi. BMT-nin həmin hesablamalarında qeyd edilirdi ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nərticəsində Azərbaycana 55 milyard dollar həcmində zərər dəyib. Erməni tərəfin yaydığı məlumatın, ortaya çıxardığı rəqəmin nə dərəcədə real olduğunu bilmirəm. Amma, təbii ki, Azərbaycan artıq torpaqlarını işğaldan azad edib və bu baxımdan da, birmənalı şəkildə, təzminat məsələsini qaldıracaq. Anacaq bir məsələni qeyd edim ki, Azərbaycanın özünün bununla bağlı qiymətləndirmələri vardı. Ermənistanın bizə vurduğu zərərin həcmi ilə bağlı 2007-ci il üçün açıqlanan rəqəm 820 milyard dollar idi. Çünki bu dəyən zərər mərhələli şəkildə gecikdirmə olanda artan zərər sayılır. Belə ki, işğal altında olan ərazilərin iqtidasiyyatdan kənarda qalması, yeraltı və yerüstü sərvətlərdən istifadə olunmaması, yaxud da işğalçı tərəfindən oğurlanması, qanunsuz şəkildə istismar edilməsi, floraya, faunaya, ekoloji mühitə, mülki əhaliyə və biznesə, eyni zamanda, Azərbaycanın ümumdaxili məhsuluna töhfə verəcək digər məsələlər dəyən zərərdə nəzərə alınsa, burada söhbət 50 milyarddan yox, trilyonlarla dollardan gedir. Birmənalı şəkildə Ermənistana qarşı təzminat iddiası qaldırılmalıdır. Çünki Ermənistanın təbii ki, indiki halda maliyyə imkanları kompensasiyanı ödəməyə imkan verməyə bilər. Amma Azərbaycana təzminat ödənilməsi məsələsi uzunmüddətli dövr ərzində bir “domokl qılıncı” kimi Ermənistanın başının üzərində dayanacaq. Digər tərəfdən, biz o maliyyə təzminatını kiçik partiyalarla almış olsaq, Ermənistanın uzun müddət inkişafı olmayacaq. Bu, Ermənistana böyük tarixi dərs olacaq və bu hadisə tarixə düşəcək. Dünyada bununla bağlı çoxlu presedent olub. İraq-Küveyt, Yaponya, Almaniya presedentləri var. Bütün bu presedentlərin ümumi kombinə olunmuş versiyalarından istifadə edərək, Azərbaycan zərərin ödənilməsinin müxtəlif alətlərindən istifadə etməklə bu təzyiqi davamlı şəkildə Ermənistan üzərində saxlamalıdır. Təbii ki, hər bir dövlət, siyasi qurum etdiyi cinayətlərin, törətdiyi fəsadların cəzasını çəkməlidir. Düşünürəm ki, Azərbaycan hökuməti ardıcıl və çox dəqiq bir siyasət aparmalıdır”.
Ermənistanın təqdim etdiyi rəqəmin şübhəli olduğunu deyən R.Həsənov qeyd etdi ki, bu istiqamətdə informasiya boşluğu da var, ona görə də onlar belə qeyri-dəqiq rəqəmlər açıqlayırlar. “Vasitəçi qurumlar da bu istiqamətdə məlumatların ötürülüməsində xəsislik ediblər. Belə bir şərtlər daxilində də minlərlə güman, ehtimal ortaya çıxır. Görünür, ermənilər BMT-nin illər əvvəl Ermənistanın Azərbaycana vurduğu ziyanın dəyəri ilə bağlı açıqladığı rəqəmə əsaslanırlar. Amma Azərbaycana dəyən zərər bundan qat-qat artıqdır. Bilirsiniz ki, işğal dövründə nə qədər vətəndaşımızın əmlakına zərər dəyib, bundan biznes güclü ziyan çəkib. Mülki əhalinin və biznesin əmlakına edilən sui-qəsdlərin də bədəli ödənilməlidir. Mən şəxsən ermənilərin ortaya atdığı rəqəmi qəbul etmirəm. Çünki bununla bağlı əlimizdə açıqlamalar, rəy və qərarlar yoxdur” - deyə R.Həsənov qeyd etdi.
İradə SARIYEVA