Sentyabrın 27-dən başlayan Vətən müharibəsi 44 gün sonra Azərbaycanın qələbəsi ilə başa çatdı. Bir sıra rayonlar işğaldan azad edildi. Əsgərlərimiz Xankəndi yaxınlığına çatanda artıq Ermənistan kapitulyasiya elan etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan birgə sənəd imzaladılar.
Hərbi əməliyyatlar dayandırıldı, Ermənistan Ağdam, Laçın, Kəlbəcəri də 1 dekabradək boşaldır, təhvil verir, yalnız Laçın dəhlizinə və Qarabağda ermənilərin də yaşayacağı məntəqələrə Rusiya sülhməramlıları gəlir. Habelə, bu sənəddə Naxçıvana birbaşa dəhliz verilməsi də əksini tapır.
Bu arada Türkiyənin də sülhyaratma əməliyyatlarında iştirak etməsinin vacibliyi ən çox müzakirə edilən məsələlər arasındadır. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyənin Dağlıq Qarabağda ortaq sülhməramlı missiyada təmsil olunacağını bildirib. H.Akar bu barədə Türkiyə Böyük Millət Məclisində Milli Müdafiə Nazirliyinin 2021-ci il üzrə büdcə müzakirələrində bildirib. Nazir qeyd edib ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunan atəşkəs razılaşmasının icra olunmasına nəzarət etmək üçün ortaq sülhməramlı missiyada təmsil olunacaq.
Ancaq Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov fərqli açıqlama ilə çıxış edib. Onun fikrincə, Türkiyənin Qarabağda sülhməramlı missiyada iştirakı mövzusu müzakirə olunmayıb, belə razılaşmalar olmayıb: “Biz əvvəlki kimi bu mövqedən çıxış edirik ki, Rusiya hərbçiləri sülhməramlı kimi çıxış edir, Türkiyə hərbçilərilə qarşılıqlı əlaqə isə Azərbaycan ərazisində monitorinq çərçivəsində baş tutur. Məsələ bundan ibarətdir ki, biz dəfələrlə demişik, bu, yalnız Moskva və Ankara arasında müzakirə mövzusu ola bilməz. Buna Ermənistan və Azərbaycan razılıq verməlidir. Bu mövzu müzakirə olunmayıb, belə bir razılaşmalar əldə olunmayıb, iş davam edir”.
Ümumilikdə, Azərbaycan cəmiyyəti istəyir ki, Türkiyə ordusu sülhməramlı kontingentin tərkibində fəaliyyət göstərsin. Düzdür, Türkiyə monitorinq mərkəzində Rusiya ilə birlikdə təmsil olunacaq. Bu öz yerində. Ancaq necə etmək olar ki, Qarabağdakı sülhməramlı kontingentdə ruslarla bərabər, türklər də iştirak etsinlər?
“Azərbaycan Türkiyə ilə bərabər bu yöndə səylərini artırmalıdır”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun fikrincə, sözügedən məsələdə Rusiyanın mövqeyindən çox şey asılıdır: “Peskovun açıqlamasından belə məlum olur ki, Türkiyə sülhməramlılarının Laçın dəhlizində və Qarabağda xidmət aparmasına gərək bütün tərəflər razı olsun. Ancaq aydın məsələdir ki, buna Ermənistan heç vaxt öz xoşu ilə razı olmaz. Peskov eyham vurur ki, onlar razı olsa da, Ermənistan razı olmayacağı təqdirdə Türkiyə bu prosesdə iştirak edə bilməz. Əslində isə Rusiyanın özü də bunda maraqlı deyil. Rusiya istəyir ki, ancaq bu dövlətin silahlı qüvvələri həmin missiyanı həyata keçirsin. Hesab edirəm ki, Azərbaycan Türkiyə ilə bərabər bu yöndə səylərini artırmalıdır. Proseslərin gedişi onu göstərir ki, rəsmi Ankara Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində bütün mənalarda yaxından iştirak edəcək. Nəzərə almaq lazımdır ki, Moskva ilə Ankara arasında intensiv təmaslar var. Eyni zamanda, Kreml İrəvana təzyiq göstərsə, Ermənistan Türkiyə ordusunun sülhməramlı hissələrin tərkibində iştirakına razılıq verəcək”.
Siyasi ekspert onu da qeyd etdi ki, bu məsələdə Rusiya Azərbaycan cəmiyyətinin həssaslığını nəzərə almalıdır.
Vidadi ODAHALLI