Ermənistanın Baş naziri Nikol Paşinyan artıq qurduğu diktatura rejiminin demokratikliyinə dair imitasiya imkanlarını da itirib. Bunun nəticəsidir ki, ölkəsini fəlakətə məhkum etmiş bir şəxs kimi onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, onlara təzyiqlər və təhdidlər edilir. Hansı ki, demokratiya adı altında hakimiyyətə gəldiyi üçün, əslində, o, tənqidlərə daha dözümlü yanaşmalı idi.
Anaq Paşinyan tənqidə dözmür. Müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə “milli xəyanət” kimi təqdim olunur. Bunun nəticəsidir ki, Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda 10 müxalifət lideri saxlanıb. Belə ki, “Çiçəklənən Ermənistan” partiyasının lideri Gaqik Çarukyan, “Daşnaksütyun” üzvü Geqam Manukyan və İşxan Saqatelyan, Respublika Partiyasının nümayəndələri Eduard Şarmazanov, David Hambardzumyan və Ara Saakyan,“Milli Təhlükəsizlik” hərəkatının lideri Qarnik İsagulyan, “Vahid Ermənistan” partiyasının lideri Artur Qazinyan, “Vətən” partiyasının lideri Artur Vanetsyan və politoloq Suren Surenyan həbs edilib. Onlara qarşı kütləvi iğtişaşların təşkili, odlu silahdan istifadə, hakimiyyət nümayəndəsinə silahlı müqavimət və digər ittihamlarla cinayət işi açılıb. Eyni zamanda, müxalifətçilər hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilir.
Bir sözlə, Paşinyana qarşı müxalif mövqedən çıxış edən partiya sədrlərinin başına min oyun açılır. Təqib edilir, həbsə atılır, fiziki-mənəvi təzyiqə məruz qalırlar və s.
Maraqlıdır, Ermənistanda siyasi partiya fəallarının başına belə oyunların açılmasına Azərbaycanda fəaliyyət göstərən partiyalar necə baxırlar?
Elşad Musayev: “Nikolun bu kimi repressiv metodlardan istifadə etməsi tamamilə antidemokratik idarəçilikdir”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, Paşinyanın bu kimi repressiv metodlardan istifadə etməsi tamamilə antidemokratik idarəçilikdir: “Paşinyan Corc Sorosun himayəsi və maliyyə dəstəyilə hakimiyyətə gələn adamdır. Ermənistanda müəyyən layihələri həyata keçirməkdən ötrü Paşinyana demokratiya donu geydiriblər. Bəzi xarici dairələr ümid edirdilər ki, Paşinyan Qarabağ danışıqlarında kompromis mövqedən çıxış edəcək. Ancaq o, hakimiyyətə gələndən sonra tam əksinə, danışıqlar prosesini daha da dramatikləşdirdi. Təəssüflər olsun ki, kürəsəl güclər buna reaksiya vermədilər. Paşinyan bütün bunlardan daha da ruhlanaraq ona qarşı müxalif mövqedən çıxış edənləri linç etməyə başladı. Repressiyaların kökü bundan qaynaqlanır. Bununla belə, Paşinyan müharibəni uduzduğu üçün vəziyyəti gərgindir. O, istefaya getməməkdən ötrü siyasi rəqiblərini sıradan çıxarmaqla məşğuldur. Düzdür, bundan əvvəl də siyasi rəqiblərini təqib edirdi. İndi isə bu, daha kəskin forma alıb. On partiya sədrinin həbs edilməsi bunun nəticəsidir”.
Əli Orucov: “Paşinyanın apardığı repressiyaları Qərb görməzdən gəlir”
AMİP funksioneri Əli Orucovun fikrincə, təəccüb doğuran məqam odur ki, Paşinyanın apardığı repressiyaları Qərb görməzdən gəlir: “Niyə? Ona görə ki, bu onların maraqlarına uyğun deyil. Yəni istəmirlər ki, Paşinyan devrilsin. Bu səbəbdən Qərbə bağlı olan və insan hüquqları ilə məşğul olan təsisatlar bunları görməzdən gəlirlər. Hansı ki, bu onların dəyərlərinə tamamilə ziddir. Bir dəfə olmadı ki, Avropa ölkələri Paşinyana danışıqlarda tutduğu radikal mövqeyə görə etiraz etsinlər. İndi də onun ölkə daxilində apardığı repressiyaları görməzdən gəlirlər. Ona görə də bütün bunlar ikili yanaşmanın nəticəsidir”.
Paşinyan hansı metodlara əl atsa da, ölkədə ictimai-siyasi böhranın dərinləşməsi qaçılmazdır.
Vidadi ORDAHALLI