Xəbər verildiyi kimi, Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.
Baş Prokurorluqdan verilən məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, Gürcüstanın Abxaziya ərazisində yaşayan bir qrup şəxsin Azərbaycan Respublikasına qarşı törətdikləri cinayət əməllərinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunda toplanmış material üzrə araşdırma aparılıb. Araşdırmalarla Gürcüstanın Abxaziya ərazisində yaşayan Seyran Kocamanyan, Qalust Trapizonyan və qeyrilərinin çağırışı və rəhbərliyi altında 20-dən çox şəxsin 2020-ci ilin oktyabr ayında qondarma “Dağlıq Qarabağ” rejiminin rəhbər şəxsləri ilə görüşüb döyüş əməliyyatlarında iştiraklarına dair müzakirələr aparmaqla cinayət əlaqəsinə girmələri, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olmuş digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın rəhbərliyi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib. Sözügedən şəxslərin Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib. Faktla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Təqsirkar şəxslərin beynəlxalq hüquq normalarına əsasən məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlər görülməklə beynəlxalq təşkilatlara müraciət edilməsi təmin ediləcək.
O da məlumdur ki, sözügedən şəxslər erməni əsilli olsalar da, Ermənistan vətəndaşı deyillər. İstənilən halda, onların bu cür fəaliyyəti qanuna ziddir. Maraqlıdır, Abxaziyadan gələn bu terrorçulara görə kim məsuliyyət daşıyır? Gürcüstan, yoxsa Rusiya?
“Məsuliyyət payı daha çox Rusiyanın üzərinə düşür”
Məsələyə münasibət bildirən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin sözlərinə görə, onlara kim pasport veribsə, buna görə həmin ölkə məsuliyyət daşıyır: “Vətən müharibəsi dövründə Ermənistan öz ərazisindən qanunsuz olaraq, bir çox dövlətdən gələn muzdlu terrorçu şəbəkənin üzvlərini bu müharibədə Azərbaycana qarşı döyüşlərə cəlb etməklə beynəlxaq hüququn normalarını ayaq altına atıb. Abxaziyadan gələn terrorçular da bu cinayətlərin tərkib hissəsidir. Prezident İlham Əliyev dəfələrlə xarici ölkələrin mətbuatına müsahibələr verərkən bu detallara toxunub. O, hər dəfə deyirdi ki, bizim əlimizdə Ermənistan tərəfindən döyüşə cəlb edilən muzdlular barədə tutarlı məlumatlar var. Özü də bununla bağlı dəlillər kifayət qədərdir. Baş Prokurorluq bu faktları araşdırıb dəlillərlə birlikdə beynəlxalq məhkəmələrə müraciət etməlidir. Muzdlular hansı ölkədən gətirilibsə, həmin dövlətlərə bu barədə məlumatlar verilməlidir. O ki, qaldl Abxaziyadan qanunsuz gətirilən muzdlu terrorçu şəbəkəsinə, hüquq-mühafizə orqanlarımız bu məsələni ciddi şəkildə araşdırıb, onları yönləndirən dövləti aydınlaşdırmalıdır. Bu məsələdə muzdluların Ermənistana keçirilməsinə şəraiti yaradan dövləti müəyyənləşdirməlidir. Bundan sonra hansı ölkə olmasından asılı olmayaraq, həmin dövlətlərlə münasibətlər sisteminə yenidən baxılmalıdır. Fikrimcə, Abxaziyadan gələn muzdlulara görə əsas məsuliyyəti onlara pasport verən dövlətlər daşıyır. Separatçı Abxaziya Gürcüstanın tabeliyində deyil. Orada yaşayanlar həm də Rusiya pasportuna sahibdirlər. Bu baxımdan məsuliyyət payı daha çox Rusiyanın üzərinə düşür. Yəqin ki, araşdırmalar zamanı hər şey ortaya çıxacaq”.
Sədr müavininin fikrincə, çox güman ki, muzdlular tezliklə beynəlxalq məhkəmə qarşısına çıxarılacaqlar.
Vidadi ORDAHALLI