Azərbaycanın apardığı şanlı Vətən müharibəsi dönəmində xaricdəki diaspor təşkilatlarımız da əsl mübarizə şəraitində fəaliyyət göstərdilər. Onların mütəşəkkilliyi Azərbaycanda, xüsusilə də cəbhədə gedən proseslərlə həmahənglik təşkil etdi.
Müharibənin Azərbaycanın qələbəsilə başa çatması da onları dərindən sevindirib. Dünyanın müxtəlif şəhərlərində Azərbaycan diaspor təşkilatlarının qazandığımız hərbi qələbələrlə bağlı keçirdiyi aksiyalardan görünür ki, soydaşlarımız qələbə hisslərini də bizimlə paralel yaşayıblar.
Polşadan Ali Baş Komandan İlham Əliyevə və müzəffər ordumuza minnətdarlıq…
Varşava şəhərində Polşa Azərbaycanlıları Koordinasiya Şurasının və Polşadakı azərbaycanlı icmanın təşəbbüsü ilə “Qarabağ Azərbaycandır!” şüarı altında avtoyürüş keçirilib. Avtoyürüşə Varşava şəhərində yaşayan azərbaycanlılarla yanaşı Krakov, Qdansk və Lublin şəhərində yaşayan həmvətənlərimiz, eləcə də Ukrayna icmasının nümayəndələri qoşulub.
Həmvətənlərimiz Azərbaycan bayraqları asılan maşınlarla şəhər küçələri boyunca dövrə vurub, xarici ölkələrin Polşadakı səfirliklərinin qarşısından keçib və sonda mərkəzi meydançaya toplaşaraq havaya fişənglər atıblar. Yürüş iştirakçıları müqəddəs bayrağımızın qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində yenidən dalğalanmasının Azərbaycandan kənarda yaşayan hər bir azərbaycanlıya qürur və sevinc bəxş etdiyini bildiriblər. Azərbaycanlı icmanın nümayəndələri döyüş meydanında qazanılan şanlı qələbəyə görə Ali Baş Komandan İlham Əliyevə və müzəffər ordumuza minnətdarlıqlarını ifadə ediblər. Daha sonra yürüş iştirakçıları Polşadakı Azərbaycan Evini ziyarət edərək üçrəngli Azərbaycan bayrağı ilə xatirə fotosu çəkdiriblər.
Monteneqrodakı soydaşlarımız qələbəmizi avtoyürüşlə qeyd ediblər…
Monteneqronun paytaxtı Podqoritsa şəhərində və Herseq Novidə Azərbaycanın Qarabağda qazandığı böyük qələbə münasibətilə yürüş və avtoyürüş təşkil olunub. Yürüşdə Monteneqroda yaşayan Azərbaycan diasporunun nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyinin əməkdaşları, Azərbaycan-Monteneqro İqtisadi və Mədəni əlaqələr Mərkəzinin üzvləri iştirak edib. Yürüş iştirakçıları bu tarixi gün münasibətilə Azərbaycan xalqının görkəmli ədibi Hüseyn Cavidin Podqoritsa şəhərindəki büstünü də ziyarət ediblər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan-Monteneqro İqtisadi və Mədəni əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadə yürüş iştirakçılarını tarixi qələbə münasibətilə təbrik edib, bu qələbənin Ali Baş Komandan İlham Əliyevin iradəsi, diplomatik məharəti və müdrikliyi, rəşadətli Azərbaycan ordusunun cəsarəti və igidliyi nəticəsində əldə olunduğunu bildirib. Yürüş iştirakçılar bu xoşbəxt günləri xalqımıza yaşadan Ali Baş Komandan İlham Əliyevə və müzəffər ordumuza təşəkkürlərini ifadə ediblər.
Hannoverdəki soydaşlarımız qələbə münasibətilə alman ahıllara gül dəstələri hədiyyə ediblər…
"Bakı" Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə 30 ilə yaxındır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tarixi qələbəsi münasibətilə aksiya keçirilib və yerli ictimaiyyət məlumatlandırılıb.
Hannover şəhərinin mərkəzində baş tutan aksiyada soydaşlarımız alman ahıllara gül dəstələri hədiyyə edərək Azərbaycanın şanlı qələbəsi haqqında məlumat verib.
Aksiya iştirakçıları, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da ətraflı məlumat verərək, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətini yerli ictimaiyyətin diqqətinə çatdırıblar.
Budapeştəki qələbə tədbirimizə yerli QHT-lər də qoşulub
Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Qarabağın döyünən ürəyi Şuşa şəhərinin, eləcə də digər şəhər və kəndlərimizin işğaldan azad edilməsi ilə əlaqədar görüş keçirilib. Görüşdə yerli qeyri-hökumət təşkilatlarının üzvləri, müxtəlif icmaların nümayəndələri, Macarıstanda yaşayan soydaşlarımız və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak edib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Tədbirdə Macarıstan-Azərbaycan Gənclər Birliyinin idarə heyətinin üzvü Rəşad Mehbalıyev çıxış edərək, müzəffər Ali Baş Komandanımızın və şanlı Azərbaycan ordusunun xalqımıza bəxş etdiyi bu qələbə münasibətilə icma nümayəndələrini, tələbələri təbrik edib.
Daha sonra çıxış edən soydaşlarımız qələbə sevincini bölüşüb, qüdrətli Azərbaycan dövləti ilə fəxr etdiklərini və hər zaman dövlətimizin yanında olduqlarını bildiriblər.
Ottavada Azərbaycan-Türkiyə-Kanada bayraqları birlikdə dalğalanıb
Kanadada yaşayan azərbaycanlılar Ottava şəhərində “Parliament Hill” binası qarşısında toplaşaraq Şuşanın işğaldan azad olunmasını çoşğu ilə qeyd ediblər. Meydana toplaşan həmvətənlərimiz bildiriblər ki, Azərbaycanın mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin işğaldan azad olunması Ali Baş Komandanımızın müdrik siyasətinin, rəşadətli ordumuzun gücünün və xalqımızın əzminin göstəricisidir. Bu, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Vətəndən uzaqda yaşayan azərbaycanlılar bundan sonra da Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini Kanada ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.
Azərbaycan, Türkiyə və Kanada bayraqlarının dalğalandırıldığı tədbirdə “Stop Armenian aggression”, “Pray For Ganja” və s. yazılmış plakatlar nümayiş etdirilib, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” kimi şüarlar səsləndirilib.
Rotterdamda “Yaşasın Ali Baş Komandanımız!” şüarı səslənib
Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Niderland Krallığının Rotterdam şəhərində Şuşanın işğaldan olunmasına həsr edilmiş tədbir keçirilib. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Həmvətənlərimiz Azərbaycanın mədəni paytaxtı, qədim Şuşa şəhərinin işğaldan azad olunmasının Ali Baş Komandanımızın uzaqgörən siyasətinin və qətiyyətinin, rəşadətli ordumuzun gücünün, xalqımızın birliyinin göstəricisi, eyni zamanda Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu bildiriblər. Tədbirdə Benilüks Azərbaycanlıları Konqresinin üzvləri ilə yanaşı, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının, Azərbaycan Türk Kültür Dərnəyinin təmsilçiləri və bir sıra diaspor fəalları da iştirak edib. Qeyd olunub ki, xalqımızın Ali Baş Komandanına və igid əsgərinə olan inamı dövlətimizin gücünə güc qatır, bizi qələbəyə bir az da yaxınlaşdırır. Vətəndən uzaqda yaşayan azərbaycanlılar bundan sonra da Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər. Tədbirin sonunda “Yaşasın Azərbaycan!”, “Yaşasın Ali Baş Komandanımız!”, “Yaşasın rəşadətli ordumuz!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” kimi şüarlar səsləndirilib.
Münhendəki soydaşlarımız da qələbəyə dərindən sevinir
Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Münhendə yaşayan azərbaycanlılar Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri, Qarabağın incisi Şuşanın işğaldan azad edilməsi münasibətilə avtoyürüş təşkil ediblər.
Həmvətənlərimiz hər zaman, o cümlədən müzəffər Azərbaycan ordusunun qələbə salnaməsi yazdığı bu günlərdə daim Azərbaycanın yanında olduqlarını bildiriblər. Avtoyürüşün sonunda iştirakçılar “Şuşa Qarabağdır!” “Qarabağ-Azərbaycandır!” şüarları səsləndiriblər.
İsveçdə qələbəmiz “Yallı” döyüş rəqsimizlə qeyd olundu
İsveçin paytaxtı Stokholm şəhərinin Haga Parkında toplaşan azərbaycanlılar 28 il sonra Şuşa şəhərinin Ermənistanın işğalından azad olunmasını qeyd ediblər.
Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırıldığı tədbirdə iştirakçılar “Qarabağ bizimdir, bizim olacaq” şüarını səsləndiriblər. Aksiya iştirakçıları təcavüzkar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmasını böyük sevinc hissi ilə qarşıladıqlarını bildiriblər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan ordusuna bu sevinci onlara yaşatdıqlarına görə minnətdarlıq ifadə edilib. Aksiya iştirakçıları hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyəyə də təşəkkürlərini ildiriblər. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aksiya iştirakçıları sonda birlik rəmzi olaraq “Yallı” gediblər.
“Çox istərdim ki, milli birliyimizi təmin edən bu müharibə və onun nəticəsində əldə olunan qələbənin doğurduğu bütün müsbət amillər davamlı olsun”
Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev “Bakı-Xəbər”ə açıqlamasında diaspor təşkilatlarımızın bu addımında əslində qeyri-adi nəyinsə olmadığını bildirdi: “Bu ifadəni ona görə işlədirəm ki, diaspor təşkilatlarımız çox ciddi şəkildə mütəşəkkilləşib və gözəl fəaliyyət göstərir. Müharibənin getdiyi 44 gün ərzində də onlar səngərdə olan əsgər kimi döyüşdülər. Bu cür tədbirlərin keçirilməsi də hünər və cəsarət tələb edir. Bizim diasporumuz bu addımları dünyanın bütün ölkələrində mütəşəkkil formada təşkilatlanmış erməni diasporu ilə mübarizə şəraitində edir. Biz dəfələrlə ermənilərin belə tədbirlərə müdaxilə, hətta bir çox hallarda basqınlar etdiyinin şahidi olmuşuq. Buna baxmayaraq, soydaşlarımız öz addımlarını cəsarətlə atıblar. Bizim şanlı qələbəmizlə bağlı bütün Azərbaycanda bayram şənlikləri təşkil olundu. İnsanlar çoşqu ilə bu tarixi günü qeyd etdilər. Keçirilən tədbirlərdən bir daha görünür ki, bu bayrama 50 milyonluq azərbaycanlılar və bütün türk dünyası da ürəkdən qatılıb. İnanmıram ki, bu nailiyyətə hansısa soydaşımız sevinməsin. Qarabağ amili və əldə olunan qələbə həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız arasında olan fikir ayrılıqlarına son qoymuş oldu. Bu dönəmdə siyasi əqidəsindən asılı olmayaraq bütün soydaşlarımız vahid və dövlətçi mövqe ortaya qoydular. Hakimiyyətə ən radikal mövqe tutan adamlar belə tənqidlərini kənara qoyub, ordumuza, dövlətimizə dəstəklərini ifadə etdilər. Çox istərdim ki, milli biriliyimizi təmin edən bu müharibə və onun nəticəsində əldə olunan qələbənin doğurduğu bütün müsbət amillər davamlı olsun. Çünki bizim buna böyük ehtiyacımız var. Mənfur düşmən bu məğlubiyyətlə barışmayacaq. Onların gələcəkdə olacaq bütün həmlələrinə, hiylələrinə birlikdə cavab verməliyik”.
Təbiidir ki, bu yalnız Azərbaycanda yaşayan 10 milyon vətəndaşın deyil, dünyadakı bütün azərbaycanlıların və türk dünyasının qələbəsidir.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.