Ermənistanın Baş naziri Nikol Paşinyan artıq qurduğu diktatura rejiminin demokratikliyinə dair imitasiya imkanlarını itirib, ölkəsini fəlakətə məhkum etmiş bir şəxs kimi onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, onlara təzyiqlər və təhdidlər edilir.
Belə ki, müharibə zamanı rusiyalı jurnalist Oleq Kaşin Qarabağda və Ermənistanda baş verən hadisələr haqqında həqiqəti yazdığı üçün onun akkreditasiyası ləğv olunub və ölkədən çıxarılıb. Ancaq maraqlı məqam ondan ibarətdir ki, rusiyalı jurnalistin həqiqəti yazdığı üçün akkreditasiyası ləğv olunaraq, ölkədən çıxarılmasına beynəlxalq jurnalist təşkilatları yenə də səssiz qalıblar.
“…tətbiq edilən zorakılıqla bağlı bütün dünya ayağa qalxmalı idi”
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistanda baş verən istənilən hadisəyə Qərbin insan haqları təşkilatları heç bir reaksiya vermirlər: “Ermənistanın paytaxtı İrəvanda keçirilən mitinq iştirakçılarına qarşı tətbiq edilən zorakılıqla bağlı bütün dünya ayağa qalxmalı idi. Hərbi xunta rejimi Ermənistanda vətəndaşlara zor tətbiq edir. Ancaq beynəlxalq təşkilatlar bu kimi hadisələri sakitliklə qarşılayırlar. “Azadlıq” radiosunun İrəvandakı ofisinə edilən basqına heç nə olmamış kimi reaksiya verirlər. Bəzi təşkilatlar isə zorakılıqla bağlı səthi açıqlamalar, bəyanatlar verirlər”.
Həmsöhbətimiz hesab edir ki, beynəlxalq təşkilatlar Soros kimi təşkilatlardan asılı vəziyyətdə olduğu üçün bu hadisələrə sərt reaksiya verməkdən çəkinirlər: “Beynəlxalq təşkilatlar, hər zaman olduğu kimi, qərəz nümayiş etdirirlər. Təəssüflər olsun ki, hələ də ikili standartlar davam edir".
Günel CƏLİLOVA